Keçid linkləri

«GÖZƏLLİK» SUALI HARADAN ÇIXDI

Gəncliyimdə TV-də gözəlliyin nə olması haqqında bir qoca professorun açıqlamasını eşitmişdim. O hesab edirdi ki, gözəlliklə bağlı yaxşı nə varsa, sadalasa, biləcəklər, gözəllik nədir. Professorun sadaladıqları təxminən bunlar idi: gözəllik bizi xoşbəxt edir (bəs bəzi gözəl gəlinlərin ayağısürüşkənliyi?), gözəllik həyatımızı bəzəyir (bəs divarların sıx naxışlarla örtülməsinin yaratdığı darısqallıq?).

Bu yaxınlarda «Əli və Nino» şəbəkəsinin kitab oxusu ilə bağlı yerinə yetirdiyi proqramın son mərasimində Rafiq Tağı və Pərvizlə bir masaya düşmüşdük, gözəlliyin nəliyi, necəliyi məsələsi ortaya çıxdı və bu iki ağıllı yazarın maraqla dinləməsindən anladım ki, gözəlliyin nə olmasından danışmaq hələ də aktualdı.

DİLİMİZİN İÇİNDƏ GİZLƏNMİŞ ESTETİK CAVAB

Çox ilgincdir ki, Sokratı, Platonu oxuyanda tapdığın estetik ideya sonradan aydınlaşır ki, azərbaycanlıların adi bir deyimində də gizlənib: «yaman güclü dedin». Onunla bağlı belə sözlər də var: «güclü bildirir», «üzündən nur yağır» və s. Bu deyimlər hamısı «ifadəlidir» kimi ərəb sözünün türk qarışılıqlarıdır.

Bir nəsnənin ifadəli olması onun hansı məzmunu, hansı anlamlarısa güclü, gur bildirməsidir. Ona görə də biz deyəndə ki, onun üzündən əclaflıq yağır və ya onun üzündən məsumluq yağır, bununla bildiririk ki, onun üzü güclü, yəni ifadəli bildirir. Beləcə, üzündən əclaflıq yağan eybəcər adam olur, məsumluq yağırsa, gözəl. Bəs insan yaramazdırsa, ancaq üzündən bu yaramazlıq yağmırsa, nədir bu? Cavabım: o, sadəcə, yaramazdır, ancaq eybəcər deyil. Eləcə də insan məsumdursa, ancaq üzündən məsumluq yağmırsa, gözəl deyil, sadəcə ürəyi təmiz adamdır. Ona görə də söyləmək olar ki, dünyamızda eybəcər və gözəl adamların sayı azdır, hərçənd pis və yaxşı adamların sayı qat-qat çoxdur.

GÖZƏLLİK NƏDİR?

Niyə nəsə sənə gözəl görünür? Bunu anlamaq üçün birincisi aydınlaşdır ki, onun «üzündən» sənə hansı yaxşı mənalar axır (bu mənalar başqasına pis olacaqsa, sənin gözəl saydığını gözəl saymayacaq). İkincisi aydınlaşdır ki, niyə həmin yaxşı mənaları məhz bu görünüş sənə gur bildirir, o birisi bildirmir? Çatma qaşlar bir vaxtlar Doğu kişisinin ürəyini alan ifadəli «naxış» idi, güclü şəkildə qadın ideyası ilə bağlı «dadlı, işvəli olmalıdır» anlamlarını bildirirdi. İndi isə bizim minidonlu qızlara Tanrı çatma qaş veribsə də onların çatmanı qırxıb gizlətmələrinə təəccüblənmərəm. Çünki o qaşlar çağdaş gənclərə gur şəkildə Doğu «fatmanisələri» ilə bağlı psixoloji-mənəvi anlamları bildirir.

SİYASƏTDƏ GÖZƏLLİK NECƏ İŞLƏYİR


Diktatorlara nifrət edən gənclər Qəddafinin guya ki bədəvi dizaynında olan bərbəzəkli paltar geyinməsini, saqqal qırxıb-saqqal saxlamasını «meymun kimi bəzənib-düzənmək» sayırlar. Ancaq liviyalılarn öncəki nəsillərinə Qəddafinin görünüşü-geyimi özündən Qərbin boğazında sümük kimi qalmış sevimli liderin milliliyinı yağdırırdı.

İndi soruşaq: nədən yaşlı nəsillər Bakıdakı tikintiləri gözəl saymırlar? Cavab: çünki bu tikintilər arasında, bu küçələrdə indiki yaşlarında şənlik, sevgi macəralarını yaşamayıblar. Məhlə-məhlə dalaşmayıblar. Ona görə də bu şəhərin «üzündən» onlara şirin xatirələr, əyləncələr yağmır. Yeni nəsillər üçünsə təzə sifətli Bakı indi-indi semantikləşir, yəni mənalanır. Vaxt gələcək cavanlar yaşlananda və onlara bu şəhərin üzündən o mənalar yağanda Bakını sevəcəklər.

BİZ NƏDƏN ELƏ DƏ GÖZƏL GÖRÜNMÜRÜK

Yabançıların çoxu üçün azərbaycanlılarla bağlı nə tipik görüntü, nə də onu ilgiləndirən anlamlar var, ona görə də bizi seçmirlər, ya da ümumi müsəlman imicinin görüntü və semantikasında qavrayırlar. Yaponlar isə qonşularına problem olsalar da (koreyalıların nifrətini yada salaq) dünyaya texniki, mənəvi uğurlarından törəmiş mənalar şüalandırırlar. O ki qaldı yapon üzünə, öncəki avropalılara bu qıyıq gözlü adamlar heç cürə yüksək dəyərli mənaları güclü bildirən insanlar deyildi. Ancaq karate filmlərindən, Kabuki, No teatrından sonra, artıq, yaponlar gözəllik kateqoriyasına xeyli giriblər. Ona görə də indi orada 10-15 min insanın qırılması ürək ağrıdır, halbuki qonşularında zəlzələdən 10 qat artıq adam öləndə ürəklər bu qədər ağrımırdı, insanlar bu qədər heyfsilənmirdilər.

Şərhləri göstər

XS
SM
MD
LG