Keçid linkləri

Təcili xəbərlər

«Ağ şəhər»in enerjisi


Axı iş sərgi salonlarında nümayiş etdirilən virtual «Ağ şəhər» layihəsi ilə bitmir
Axı iş sərgi salonlarında nümayiş etdirilən virtual «Ağ şəhər» layihəsi ilə bitmir
Neftin qiyməti qalxır, artıq barelin $120-i keçəcəyi hədd heç çoxlarında belə sensasiya yaradacaq bir proqnoz deyil. Çünki dəliqanlı Liviya lideri Müəmmər Qəddafinin aradan götürülməsi belə yaxın bir-neçə ayda bu ölkədə neft hasilatının əvvəlki səviyyədə (gündə 1.7 mln barel) bərpa edilməsinə gətirməyəcək.

DÜNYA BAZARINDA VAHİMƏDİR

Çünki ölkə neftinin yarıdan çoxunu xarici şirkətlər hasil edirdilər ki, hazırda onların böyük əksəriyyəti Liviyada deyillər - hər halda can şirin şeydir. Digər tərəfdən, Liviyanın dünya bazarına çıxışı yalnız Aralıq dənizi üzərindəki terminallardandır (söhbət neftdən gedir, sualtı qaz kəmərləri ilə nəql isə düz 2 həftədir dayandırılıb) və hazırda burada müharibə gedir, sahildəki bəzi neft infrastrukturu sıradan çıxıb və s. Yaponiyadakı şok isə yaxın vaxtlarda dünya üzrə enerji balansında «atom sindromu» ilə yadda qalmalıdır: bir çox ölkələrdə artıq atom elektrik stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı proseslər başlayır. Bunun nəticəsi olaraq, ənənəvi enerji resurslarına olan tələbat arta bilər, yəni neftin və qazın qiyməti yüksələr, həmçinin, dünyanın inkişaf etmiş ölkələrində alternativ enerji mənbələrinə yönəlik dövlət siyasəti daha da sürətlənər. Bu tərəfdən də Yaxın Şərqdə (dünya neft və qaz ehtiyatlarının əsas məkanlarından biri) stabilliyin pozulması meylləri gündən-günə artır. Yəni, dünya bazarında neftin qiymətinin yaxın vaxtlarda 2008-də olduğu kimi, kəskin ucuzlaşması prosesi proqnozlaşdırılmır. Deməli, Azərbaycanın gəlirləri də çoxalacaqdır.

AZƏRBAYCANDA ŞADYANALIQ


Artıq ikinci ildir ki, Azərbaycanda Novruzla bağlı 9 günlük «bahar tətili» tətbiq edilməkdədir. Düzdür, bu, ilk növbədə dövlət işində çalışanlara aiddir, çünki Azərbaycanda özəl sektorun gəliri və «əmək mədəniyyəti» o səviyyədə deyil ki, hər bir işçi əmək müqaviləsi bağlasın və bu cür uzunmüddətli tətillər zamanı özünün istirahət hüququndan yetərincə yaralana bilsin. Ona görə də hazırda neft gəlirlərinin xərclənməsi problemi ilə üzləşmiş Azərbaycanın özəl sektorunda pulu ödənilən tətilli işlər tapmaq «dəryada balıq sevdası» kimi bir şeydir. Doğrudan da paradoksal bir situasiya ilə üzləşib Azərbaycan vətəndaşları. Hökumət orta aylıq əməkhaqqı 216 manat olan müəllimlərin, 163 manat olam həkimlərin maaşlarını artırmaq məsələsini heç yaxına buraxmır. Baxmayaraq ki, onların yetərincə dolanışığından ölkənin həm bu günü, həm də sabahı asılıdır, həm də bu geniş əhali təbəqəsini əhatə edir. Yəni, ictimai əhəmiyyət kəsb edən bir problemdir. Ancaq hökumət 2011-ci ilin dövlət büdcəsində Qəbələdə hava limanı tikmək üçün 80 mln manat vəsait ayırır. Az qala, 2 il əvvəl qonşu Zaqatala rayonunda da hava limanı tikmişdi bizim hökumət, ancaq indiyə qədər ictimaiyyətə hesabat verməyib ki, on milyonlarla vəsaitin yatırımı nəticəsində niyə ordan hələ də mütəmadi aviareyslər həyata keçirilmir? Bundan əlavə, respublika əhəmiyyətli bir layihə olmadığından hökumət cari ildə faktiki ikinci Bakı hava limanının tikintisinə start verib. Adını da qoyublar Azərbaycana olacaq turist axınına yetərincə xidmət göstərmək naminə.
Milyonlarla vətəndaşını on milyardlarla gələn gəlirə yaxın buraxmayan dövlətdə cəmiyyətin gələcəyi heç vaxt ön plana keçmir
Bəli, hökumətimizin proqnozlarına görə, dünyada vəziyyətin mürəkkəbləşdiyi bir zamanda adlı-sanlı pullu adamlar yalnız və yalnız Azərbaycan kimi analoqsuz bir ölkədə vaxtlarını keçirə bilərlər.

ANALOQUMUZ DOĞRUDAN DA YOXDUR


2011-ci ildə Azərbaycanın büdcəsinin xərcləri $16 milyard olacaq (yəni büdcə 20 dəfə artacaq). Ancaq buna baxmayaraq, əhalinin böyük əksəriyyəti - «maaşla dolananlar» yenə də aşağı həyat səviyyəli kateqoriyalı insanlara aid edilir, məktəblərdə fond pulu, «JEK»lərdə arayış pulu yenə də qalır, qaz ixrac edən ölkə paytaxtında qazsız sakinlər də var... Məncə bunu heç bir beynəlxalq təşkilat və «beyin mərkəzi» proqnozlaşdıra bilməyib. Çünki onlarda olan alqoritmlərə görə də, öncədən görmək olmazdı ki, Bakıda bəzi uşaq bağçalarında 3-5 yaşlı bir körpənin 1 illik xərci (8400-9600 manat və ya ayda 700-800 manat ) hesabına Qərbdə normal ali təhsil almaq olardı. Və ya Bakının Badamdar deyilən ekoloji cəhətdən kasad (tozdan başqa bir şey yoxdur orada) bir zonasında 3 mərtəbəli zövqsüz bir tikilinin qiyməti 2-3 milyon manata təklif edəcəklər və nəhayət, neft gəlirlərindən məst olmuş bir qrup elita nümayəndəsi «Buta» adlı Şadlıq Sarayında 1 nəfər üçün 500 manatlıq yemək masası sifariş etməsinə görə başqalarından seçilməyi ilə öyünəcək.

DUMANLI GƏLƏCƏK

Doğrudan da olan oldu, keçən keçdi... Bəs görəsən, 2020-də Azərbaycan necə olacaq? Axı iş sərgi salonlarında nümayiş etdirilən virtual «Ağ şəhər» layihəsi ilə bitmir. Bəs neft milyardlarını sağa-sola xərcləməyi özünün prioritet vəzifəsi kimi önə çəkən Azərbaycan hökuməti görəsən, niyə indiyə qədər öz gələcəyinin belə bir portretini yaratmaq fikrinə düşməyib? Axı istənilən halda gələcəklə bağlı AĞLABATAN bir ssenarinin cəmiyyətə təqdim edilməsi hakimiyyətin dayanıqlığının əlamətidir! Əks halda, gələcəklə bağlı cəmiyyətdə bir duman yaranır, hansı ki, mövcud reallıqları belə lətifə janrında təsvir etməyə başlayır.

Bunun nəticəsi isə odur ki, Azərbaycanın dövlət büdcəsinin xərcləmələrinin 15 və ya 25 milyard olmasının ölkənin əksər vətəndaşlarının gəlirlərinin artmasına elə bir əhəmiyyəti olmur. Əhalinin orta statistik artan gəlirləri isə sadəcə, süni artırılan qiymətlərlə müəyyən qrup (lar) tərəfindən mənimsənilir və nəticədə əhalinin sosial rifahı dövlətin əldə etdiyi qazanclarla müqayisədə gözə görünməz olur. Bu baxımdan 2020-ci ildə də müəyyən qrup Azərbaycan vətəndaşının 2010-cu illəri nostalji hislərlə xatırlaması ehtimalı gündəmdədir. Çünki hökumətin vəzifəsi YENİ HƏYAT tipli yaşayış komplekslərindəkilərin rifahı deyil, həyata qədəm qoyan hər bir azərbaycanlının bu tip mənzil şəraitinə iddialı olmasına şərait yaratmaqdır. Əks təqdirdə, demək olar ki, bu günə hökumətin neft gəlirləri ilə əksəriyyətin həyatını dəyişmək planı yoxdur.

Bir sözlə, milyonlarla vətəndaşını on milyardlarla gələn gəlirə yaxın buraxmayan dövlətdə cəmiyyətin gələcəyi heç vaxt ön plana keçmir və cəmiyyətin də ən yaxşı halda ortaya çıxardığı şey miflərdən ibarət olur. Çünki hərənin özü üçün yaşadığı zaman enerjinin faydalı işə çevirməsi özü bir problem olur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG