Keçid linkləri

Rusiyanın aparıcı qəzetlərindən birində maraqlı bir yazıya rast gəldim. Yazı öz məzmunu ilə olmasa da, problemin qoyuluşu ilə məni tutdu. Söhbət elə Liviya hadisələrindən, daha doğrusu bu ölkəyə qarşı koalisiya qüvvələrinin həyata keçirdiyi hərbi tədbirlərdən gedirdi. Məsələnin texniki tərəfləri yaxşı bəlli olduğundan onlara toxunmayacam, çünki məni daha çox problemin elə politoloji aspektləri maraqlandırır. Bu hadisə mahiyyət etibarilə tamam yeni presedent hesab oluna bilər, çünki söhbət təcrübədə ilk qanuni humanitar intervensiyadan, yaxud söz xoşunuza gəlmirsə, ilk qanuni humanitar hərbi müdaxilədən gedir. Düzdür, bu vaxta qədər oxşar əməliyyatlar həyata keçirilib, amma onların indi olduğu kimi qanuni mandatı olmayıb. Elə buna görə də BMT-nin Liviya ilə bağlı qəbul etdiyi 1973 saylı qətnamə məzmun və eləcə də istiqamət baxımından tamamilə yeni hadisə hesab oluna bilər.

NƏ DAHA ÜSTÜNDÜR: İNSAN HAQLARI, YOXSA SUVERENLİK?

Dünyanın bir kəsimində, Avropada artıq bu problem müəyyən mənada öz həllini tapıb. Avropa ölkələri çoxdan belə bir fəlsəfə ilə yaşayırlar ki, insan haqları heç bir dövlətin daxili işi deyil və insan haqları dövlət suverenliyi ilə müqayisədə daha üstün gücə malikdir. Avropanın əsas təşkilatlarından biri - Avropa Şurası bu prinsip əsasında işləyir, Avropa İnsan Haqları Məhkəməsi bu prinsip əsasında fəaliyyət göstərir. Elə ABŞ Dövlət Departamenti, eləcə də beynəlxalq təşkilatlar müxtəlif ölkələrdə insan haqlarının vəziyyəti haqda hesabatlar hazırlayanda, məhz bu fəlsəfəyə söykənirlər. Bir çox yeni, əsas da Avropaya yenicə inteqrasiya olunan dövlətlər buna psixoloji cəhətdən çox çətin alışırlar, hələ də belə fəaliyyəti özlərinin daxili işinə qarışmaq kimi qiymətləndirirlər. Amma burada bir nüansı da qeyd etmək lazımdır. Baxış bucağı, fəlsəfə aydın olsa da, təəssüf ki, hətta Avropa təşkilatlarının əlində insan haqlarını kobud şəkildə pozan üzv dövlətlərə qarşı kəsərli sanksiya mexanizmləri yoxdur, onlar uzağı hansısa dövləti öz sıralarından xaric edə və yaxud bu dövlətin rəsmilərinə Avropa ölkələrinə səfər etməyi yasaq edə bilərlər. 1973 saylı qətnamə isə öz tətbiq coğrafiyasına görə Avropanın üzvü olmayan ölkəyə aid olsa da, ilk humanitar intervensiya aktıdır. İlk dəfə məhz bu akt öz vətəndaşlarına qarşı müharibə edən bir despota qarşı hərbi təzyiq əməliyyatlarını nəzərdə
Liviya qiyamçıları, 23 mart 2011
tutur.

DESPOTU CƏZALANDIRMAQ DÜZGÜN SİYASƏTDİRMİ?

Nəinki reallıq hissini, bəlkə də ağlını itirmiş bir despot özünü vətəndaşlarına qarşı qoyursa, onlara qarşı aviasiya da daxil olmaqla ən müasir hərbi silahlardan istifadə edirsə, buna sakitcə tamaşa etmək mümkündürmü? Bəli, bu vaxta qədər bir dövlət başqa dövlət tərəfindən təcavüzə məruz qalanda, yaxud da etnik münaqişələr zamanı hərbi müdaxilə halları olmuşdu. Amma BMT 1973 saylı qətnamə ilə ilk dəfə olaraq diktatora qarşı sanksiya tətbiq etdi. Məhz bu səbəbdən digər diktaturaların təmsilçiləri yenidən dövlət suverenliyi və milli müstəqillik haqqında köhnə «nəğmələrini» səsləndirməyə başlayıblar. Suverenlik nə deməkdir? Bu, vətəndaşlarına qarşı istədiyin tək davranmağa əsas verirmi? Suverenlik hüququ kimə məxsusdur? Millətə, yoxsa despota? Burada bir detal da diqqəti çəkir. Despotik rejimlərin hamısında despotlar hakimiyyəti uzurpasiya etməklə məşğul olublar. Bu rejimlərdə hətta qanuni hakimiyyət, legitim hakimiyyət kimi anlayışlar da öz qüvvəsini itirir. 42 il də qanuni hakimiyyət olarmı? Dünyada normal məntiqə söykənən bir adam da Qəddafinin 42 illik hakimiyyətini qanuni və ya legitim hakimiyyət hesab edə bilərmi? Təbii ki, despotlar və onların yaxın ətrafı suverenliyi və müstəqilliyi özlərinə sipər etməyi sevirlər. Onlar həmişə bu sipərin arxasında gizlənirlər. Amma elə bir gün gəlir ki, sipər arxasından çıxmaq lazım gəlir...

KİÇİK SÖZARDI

Sonda belə bir qənaətə gəlmək olar. 1973 saylı qətnamə suverenliyə qarşı deyil, o, suverenliyin yeni konsepsiyasına söykənən hüquqi aktdır. Əslində bütün despotlar cəzalanmalıdırlar. Amma təəssüf ki, belə aktlar heç də hər vaxt həyata keçirilmir. Məsələn, MDB məkanını götürək. Vaxtilə Özbəkistan məşhur Əndican hadisələrini yaşadı. Diktator İslam Kərimov etirazları boğdu. Və o vaxt ona qarşı sanksiya tətbiq edilmədi. Belə sanksiya tətbiq edilsəydi, bu çoxlarına görk ola bilərdi. Əvvəllər də bunu vurğulamışıq, indi bir daha da təkrar edirik: diktaturalar 21-ci əsrə yaraşmır, onlar səhnədən nə qədər tez getsələr bir o qədər yaxşıdır. Ona görə də onları tələsdirməyə dəyər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG