Keçid linkləri

Bin Ladenin semiotikası


Bin Ladeninin semantikasında «1 «saylı» terrorist ayaması ona dəhşətli, yəni çox qorxulu düşmən mənasını artırmışdı

Bin Ladeninin semantikasında «1 «saylı» terrorist ayaması ona dəhşətli, yəni çox qorxulu düşmən mənasını artırmışdı

NƏYİNSƏ HADİSƏSİ NƏDİR?

Fəlsəfədə hadisə durub qalmış nəsnələrdən fərqli olaraq bütün hərəkətlilərin adıdır. Bu anlamda Bin Ladenin şəkildən görünən meyiti hadisə deyil. Ancaq bu cənazənin Ərəb dənizinə daşınması hadisədir. Bu fəlsəfədə belədir.

Tekstin semiotikasında isə hadisə bütün olanlar, yəni prosesdə bulunanlar deyil. Hadisə gözlənməz, normadan çıxaraq, qəfil baş verənlərdir (Y.Lotman). Ya da elə olaylardı ki, qəfillikləri ilə toplumda böyük və geniş titrəntilər, şüalanmalar törədirlər.

NƏ MƏNADA SEMİOTİKA


Bu baxımdan, bin Ladenin ölümünün «semiotikasından» danışsaq, iki nəsnəni deməliyik. Birincisi, Media və Yer məkanında baş verən milyonlarla ölüm və minlərlə öldürmələrin «adi axınında» bin Ladenin ölümü sunami kimi qalxır. İkincisini, söyləmək üçün bilməyənlərə bildirim ki, semiotika işarələri öyrənir. İşarənin isə iki planı var, bildirən planı, bildirilən planı. Birinci plan formadır, ikinci plan məzmundur, semantikadır, mənalardır. Semiotika bir də işarələnin necə düzüldüyünü (buna qrammatika, sintaksis deyirlər) anlayıb anladır. Çox dünya kanallarında bin Ladenin ölüm xəbəri və şəkli Barak Obamanın çıxışından sonra gəlirdi. Sanki bu işarələrin düzümü «sonra gələn budaq cümlənin» düzümündə, qrammatikasında idi. Bu qrammatika isə onu bildirməliydi ki, indiki Obama bin Ladenin öldürüldüyünü bəyan edir, deməli, xəbər düzdür.

YENİ TERMİNLƏRİN, ANLAYIŞLARIN YENİ AD EFFEKTİ


Yaxşı, mən niyə bunu yazıram? Yəni hamının gördüyü faktlara qrammatika, semiotika, nə bilim nə adlarını qoymağıma nə gərək var? Yoxsa, bu boyda hadisədən istifadə edib, artıq, bir az də köhnəlmiş semiotika haqqında elementar bilik vermək istəyirəm?

Yox, əsla! Əski nəsnələrə yeni ad vermək əski biliyə önəmli heç nə artırmayanda ələ salınmalıdır. Ancaq başqa ad nəsnəni fərqli açırsa, yeni situasiyalara salırsa, bəyənilməlidir. Nərmin Kamalın «Aç mənəm» (B.: Qanun, 2010) romanında çoxlu adı olan personajın bir adı da «Azərbaycan»dır. Uşaqlar ənzəli oyununa Azərbaycanı yaxın buraxmırdılar ki, vətəni ha dördayaqlı edib üstündən tullanmaq olmaz, axı.
Niyazi Mehdi
Ad, bax, belənçi hal yaradır. Halbuki «Azərbaycan» adlı uşağın adı hətta Əli olsaydı belə, bu hal yaranmazdı.

İndi mən demək istəyirəm ki, bin Ladenin öldürülməsi ərəb devrimlərindən, yapon fəlakətindən və şahzadə Uilyam ilə Keytin evlənməsindən sonra dünya Mediasına yeni hadisə, yeni semantik gəzişmələr, yeni qrammatikalar verdi.

MEDİA NƏDƏN BOŞLUĞU SEVMİR


Dekart hesab edirdi ki, təbiət boşluğu sevmir, ona görə hara boşalırsa, oranı tutur. Təbiətlə bağlı bu düşüncə sonralar fizikada boşa çıxdı. Ancaq mədəniyyətlə bağlı doğrudan da söyləmək olar ki, o boşluğu sevmir, hər nə varsa, onun anlamının, semantikasının, mənasının yanında boşluq tapıb oranı doldurur. İndi bin Ladeninin semantikasında «1 «saylı» terrorist ayaması ona dəhşətli, yəni çox qorxulu düşmən mənasını artırmışdı. Bu mənanı bin Ladenin üstünə yüzlərlə açıqlamalar çevir tatı-vur tatı təkrar edirdilər. Ancaq bin Laden simvolunda yalnız bu anlam vardısa, deməli, yan yörə boş idi. Media da kültür kimi semantik boşluqları sevmədiyi üçün həmin mənanın yanına «başqa mənanı», məsələn, onun alternativi olan «əslində qorxunc yox, dişsiz qoca olan» anlamını qoymalı idi. Bir rus politoloqu qoydu da. «Bin Ladenin ölümünə üç «uşaq» sualı» yazısında o soruşdu: Amerika nədən belə asan yerdə gizlənmiş bin Ladeni indiyənəcən tutmurdu, ya öldürmürdü? Çünki, artıq, dişsiz, qorxusuz qocaya çevrilmiş bu adamı Barak Obamanın seçki kampaniyasınacan hədəfdə saxlayıb gözləmək olardı. Ancaq əsas eyləm semantik boşluğu tutmaq olduğu üçün heç yazan özündən soruşmur da ki, bin Ladenin öldürülməsi belə oyunbazlıq idisə, respublikaçılar niyə Obamanı elə alqışlayardılar?!

BİN LADENİN SEMİOTİKASINDAN SİYASİ İSTİFADƏ

O da var ki, Amerikanın ZƏHMİNİ balacalaşdırmaq istəyən Rusiya millətçiləri üçün belə boşluğun belə doldurulması sərfəlidir. Bin Ladenin terrorçu kimi aşağılaşdırılması rus dış və iç siyasətinə sərfəli olsa da, bu siyasət «1 nömrəli terrorçu»nun öldürülməsinin böyüdülməsindən də semantik fayda götürməyə çalışaraq bildirdi ki, hadisəni bizim prezident Mediaya çıxmamışdan qabaq bilirdi, çünki Amerika tərəfi ona xəbər vermişdi.
Soruşurlar, bin Ladendən sonra dünya terrorizmi zəifləyəcəkmi? Üzüntü ilə deyirəm yox!
Bunun açımı: Rusiya dünya çapında böyük simadır, ona görə də onu sayırlar!

Beləcə, Üsamə nəşi ilə ilgili çox semantik oynaşmalardan, sayrışmalardan danışmaq olar. Hətta bizim müxalifətin də semantik boşluğu doldurmaq eyləmi oldu. Mən isə yeri gəldi, bir soruya cavab verim. Soruşurlar, bin Ladendən sonra dünya terrorizmi zəifləyəcəkmi? Üzüntü ilə deyirəm yox! Çünki hətta Amerikanın tox həyatında da ölüm ehtimalı ilə razılaşıb Əfqan savaşına gedən minlərlə oğlan qız tapılırsa, nədən ölüm qorxusu yüz minlərlə pakistanlını, əfqanı, yüzlərlə çeçeni terrorist olmaqdan çəkindirsin?!

Hətta mədəni olan bizlər də ayağımızı avtobusda basdalayan «gədəni» az qala öldürmək istəyiriksə, necə ola bilər ki dava-dalaşda olan adamlarda intiqam, öc duyğusu olmasın?!». Kompyuter, Mobil telefon, İnternet hamımızda olacaqsa, hamımıza xeyir verəcəksə, necə terrorist şəbəkələrə xeyir verməsin?!

Bir vaxtlar anarxist terrorçular xəncər-bıçaqdan, zəhərdən istifadə edirdilər. İndi hərbiçilər bombadan, topdan, virtual araçlardan istifadə etdikləri halda necə qabağını almaq olar ki, terroristlər istifadə etməsinlər?! Deməli, biz necə ki öz virtual yaşamımızda hakerlərlə, viruslarla birgə yaşamağa, vuruşa-vuruşa yaşamağa məhkumuqsa, eləcə də terrorizmlə yaşamağa məhkumuq. Vay o haldan ki, terrorist imici geniş miqyasda dəbə minsin, terrorist imajı sevilən imaj olsun. Vay o gündən! Allahdan arzulayaq ki, o gün bizə gəlməsin.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG