Keçid linkləri

Bu həftə bloqlarda Cabbar SavalanlıBin Laden izlərinə daha çox rast gəldim. Bloqqerlər birinə azadlıq, digərinə lənət arzulayırdı:

«İKİNCİ KURS TƏLƏBƏSİNDƏN NƏ İSTƏYİRSİNİZ?»


Communa AXCP-çi fəal Cabbar Savalanlının 2 il 6 ay yarım azadlıqdan məhrum edilməsinə toxunaraq yazır ki, «Azərbaycanın «ədalət» məhkəməsi öz irticalığını və mürtəce dövrlərdə krallardan asılı olan hakimlər kimi öz ağalarına sadiqliklərini bir daha sübut etdilər»:

«Cabbar Savalanlı ölkəmizdə mövcud olan sistemə müqavimət göstərirdi. Müqavimət göstərdiyi üçün də paltosunun cibindən tiryək çıxartdılar. Çox təəssüflər olsun. Teatral məhkəmələrlə uzadılan hökm, ən sonda bu gün oxundu. Yəqin indi ikinci kurs tələbəsinin həbsinə sevinirsiz. Doğurdanda gülüncsüz və öz gülünclüyünüzü insanlara necə sırımağa çalışırsız onun yolların axtarırsız. Narahat olmayın, sizin gülünclüyünüzə çox «küt»lə inanır. Daha ikinci kurs tələbəsindən nə istəyirsiz?

Mən inanıram ki, Cabbar Savalanlı bu iki ilə səbir göstərəcək. Əgər 19 il bir sistemin gülünclüklərinə səbir göstəribsə, həbsdəki iki ilinə də səbir edəcəyini düşünürəm ».

Deffektiv də həbsdəki 20 yaşlı gəncdən yazır:

«Ölkədə – universitetlərdə, yollarda, iş yerlərində, evlərdə, bazar-dükanda… vəziyyət pisdir. Etiraz edən gənclər həbs olunur. Bu gün Cabbar Savalanlıya 2,5 il həbs verildi. Temperatur yüksəldikcə yüksəlir. Belə olan halda son vaxtlar hələ 30 yaşı olmamış etirazçı gənclərin ard-arda «biz ənənəyə məğlub olduq» əhval-ruhiyyəsində ictimai çıxışlar edib müsahibələr verməsi, keçmişə boylanıb «indi o zamandan çox keçib, ehey» nidasına köklənməsi məni çox əsəbləşdirir».

Cabbar Savalanlı məhkəmədə. Foto: @nemnum
2 İL YARIMLIQ HƏYAT


«Hakimiyyət yenə gənclərə göz dağı vermək üçün sevimli iki il yarım cəzasını verdi» deyə Vəfa Cəfərova yazır.

«İki il yarım Cabbarın həyatından oğurlaya bilərsiz. Zatən hakimiyyətin qulları olan Sizlər üçün oğurluq artıq həyat tərzidir. Amma o 19 yaşlı uşağın içindəki azadlıq hissini, prinsiplərə sadiqliyini oğurlaya bilməyəcəksiz. İki il yarımdan sonra o azadlıqda şərəflə, alnıaçıq həyatını davam edəcək. Onun ətrafında ancaq özü kimi dürüst insanlar olacaq…»

SÖZ AZADLIĞI …

Natiq Cəfərli söz azadlığının tərifini yazıb:
«Sadə vətəndaşa sual etdikdə: «Sənə 100 manat lazımdır, yoxsa söz azadlığı?», əgər onların 30% söz azadlığını seçərsə, mətbuat azadlığı bərpa olunacaq. Hakimiyyətdən istəmək absurddur. Verməyəcəklər. Axmaq deyillər ki? Ona görə də, söz azadlığını vətəndaşdan istəmək lazımdır, onu inandırmaq lazımdır ki, bu sənin üçündür, az maaş və təqaüd almağının, Qarabağı itirməyinin, məmurların səni incitməyinin səbəbi söz azadlığının məhdudluğudur!».

HEYDƏR ƏLİYEVİN DÜZ «SƏHVLƏRİ»

Murad Əhməd yazır:

«Heydər Əliyev 1998-ci il avqustun 6-da senzuranı ləğv elədi. Bu Azərbaycanda yaxşı (hətta super) addım kimi qiymətləndirildi. Məncə də yaxşı iş idi. Amma H.Əliyevin bu qərarını müzakirə etmək istəmirəm. Çünki, indi bizim ağıllılar bu addımın yanlış olduğunu vurğulayırlar. Demək mən də səhv düşünürmüşəm»

Heydər Əliyev
Heydər Əliyevin düz «səhv»lərinə bir misal: «Azərbaycanın ölüm hökmü cəzasını ləğv etməsi doğru addım deyildi». Bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deputat İlyas İsmayılov bildirib. İlyas İsmayılov ağıllıdı daa..
Bundan başqa daha bir misal, ama bu misalların həyata keçirilməsində oğul Əliyevin də deyəsən könlü rahatdı. Bu yaxınlarda Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisə qanun layihəsi ilə müraciət edib. Əflatun müəllim istəyir ki, ölkədə nəşr olunan qəzet və jurnallara nəzarəti öz səlahiyyətinə daxil etsin. Yəni, Senzuranı bərpa etsin. Hətta buna ad da fikirləşib: «Mətbuat Şurası haqqında» qanun… »

«ONU BUŞ YARATMIŞDI, OBAMA ÖLDÜRDÜ»

«Ben Laden öldürüldü. Nəhayət ki. Əslində adi bir terrorist yox, 10 ildir dünyanın beynini dəng edən mif öldürüldü. Fiziki ölümündən daha çox, qurama videolarının bir daha məni əsəbləşdirməyəcəyinə sevindim. Ben Laden dünya mediasının Lotu Bəxtiyarı idi. Tutub oturmuşdu vor-zakon aləmində ad çıxarmaq istəyən bütün terroristlərin yerini. Etdiyi bir şey də yox idi, amma mifi göz çıxarırdı». Azadiq adlı bloqer belə yazır:

Bin Laden. Pakistan.
«Amerika ictimai fikri tam bir komiks janrıdır. Siyasətinin Super qəhrəmanı və Mr.Evil (mənfi presonaj)-ı vardır. Hekayə qurulur və döyüş başlayır. Təbii ki, komiks kitab kimi bir dəfə çıxıb qurtarmır. Təzə seriyalarla amerikalılara yeridilir. Amerikan komikslərində maraqlı bir cəhət var. Super qəhrəman hər dəfə Mr.Evilın qorxulu planlarının qarşısını alır, qalib gəlir, ancaq hər seriyanın sonunda Mr.Evil gizlənməyi bacarır. Növbəti seriyaya kimi. Ben Laden də komiks qəhrəmanı idi. Onu Buş yaratmışdı, Obama öldürdü. 2008 prezident seçkilərində Respublikaçı piar texnoloqların ağlı olsaydı Ben Ladeni Obamaya saxlamazdılar, mürdəşir rolunu Makkeynə verərdilər».

«MİLLİ VƏTƏNPƏRVƏRLƏR»

Rauf Rey bloqu vastəsilə müxalifətçilərə mesaj göndərib:

«Bizdə hələ də Skype-ın hər növbəti gün bağlanacağından ehtiyat edib qaranlıqda yata bilməyən və yuxusunu suya deyil, «Facebook» statusunda danışan milli vətənpərvərlər var.
-Azərbaycanda «Facebook» accountun varsa fəalsan, üstəlik gəncsənsə gənc fəalsan / gənc aktivist.
- Əgər «Facebook»-u olan vətəndaş cinayət törədirsə, o zaman bu gənc fəalın həsb olunmasıdır.
- Əgər həmin vətəndaşın bir də blogu varsa, bu artıq olur Bingo! Azad sözün boğulması.
- Odur ki, son zamanlar cibgirlər, telefon oğruları və digər dələduzluqla məşğul olan insanlara «Facebook» hesabının açılması və hansısa blog saytında qeydiyyatdan keçməsi məsləhət görülüb. Tutulsalar köməyi ola bilər».

Şərhləri göstər

XS
SM
MD
LG