Keçid linkləri

Düz deyiblər ki, iştah yemək zamanı gəlir. V.Putin özünün «Vahid Rusiya»sı ilə kifayətlənməyərək indi də Ümumrusiya Xalq Cəbhəsi yaradır. Artıq o, bu təşkilatın koordinasiya şurasına başçılıq edir. Bu azmış kimi, təşkilat hətta özünün emblemində V.Putinin portretini də həkk edib. Yeni siyasi təşəbbüs artıq indidən suallar silsiləsi doğurmaqdadır. Bu, nədir? Rəqiblər üçün heç bir siyasi məkan saxlamamaq arzusu və yaxud tandemdaxili ziddiyyətlərin təzahürü? Bəlkə Putin özünü bir daha təsdiq etmək və hamıya sübut etmək istəyir ki, o, Rusiyanın siyasi səhnəsində ən güclü fiqurdur? Bəlkə elə bunu sübut etmək üçün o «Vahid Rusiya»nı da təzə siyasi tavan altına toplamağa cəhd edir?

Bunların hamısı ola bilər. Amma əvvəlcə bircə detalı qeyd edək. 50-ci illərdə, ABŞ-da anti-kommunizmin tüğyan etdiyi vaxtdaca prezident D.Eyzenhauer maraqlı fikir demişdi: «Sollara qarşı mübarizə aparmaqla biz ölkəni sağların diktaturasına çevirə bilmərik!». İndi hansısa bir dövrdəcə bir partiya çox güclü ola bilər və hətta ölkənin bütün siyasi fəzasını zəbt edər. Amma bir az da demokratiya haqqında, elə başqa siyasi qüvvələr haqda da düşünmək lazımdır. Putin deyib ki, bu, yeni siyasi mövsümün başlanğıcı və ərəfəsi olacaq. Çox maraqlıdır. Hansı siyasi mövsümdən söhbət gedir? Bu mövsüm ölkəyə nə vəd edir? İqtisadiyyatda olduğu kimi, siyasətdə də hamı inhisara can atır. Lakin normal iqtisadiyyatı olan ölkələrdə inhisar bir qayda olaraq cilovlanır, çünki mənfi tendensiyadır. Bəs siyasətdə necə? Doğrudan bu təhlükəli deyil? Bəli, müxtəlif ölkələrdə vaxtaşırı bəzi siyasi partiyaların triumfal qələbələrinin şahidi oluruq. Normal demokratik quruluşu olan ölkə üçün bu, elə bir təhlükə deyil.

Bəs Rusiya və onun avtoritar meylli liderləri üçün necə? Bu, təhlükəli deyilmi? Putin heç vaxt özünün mühafizəkar və sərt etatist mövqeyini gizlətməyib. O, digərlərindən fərqli olaraq avtoritar keçmişdə həmişə müsbət elementlər axtarmağa cəhd edib, dövlətin iqtisadi və siyasi proseslərdə daha fəal iştirakının tərəfdarı olduğunu gizlətməyib. Bəli, o, ölkə daxilində güclü reytinqə malikdir. Amma burada başqa bir detal yada düşür. Hələ qədim Yunanıstanda, Afinada ostrakizm adlı cəza vardı.
Putinin problemi ölkənin xaricindədir, xaricilər Medvedevin prezident kimi qalmasını istəyirlər
Ölkədə insanlar arasında böyük nüfuzu olan şəxsləri bir müddət ölkədən sürgün edirdilər. Hətta Perikl də bu cəzaya məruz qalmışdı. Bunu ona görə edirdilər ki, bu insanlar potensial avtoritarizm mənbəyi hesab edilirdi. İndi qətiyyətlə demək olar ki, Putinin yüksək reytinqi Rusiya üçün təhlükədir, ən azı ona görə ki, bu ölkənin siyasi həyatında balans yoxdur, Putin öz yüksək reytinqindən istifadə edərək prinsipcə istənilən qərarı qəbul etdirə bilər. Bir neçə il bundan əvvəl o, belə bir сəhd etdi – keçmiş SSRİ-nin himnini ölkənin yeni himni elan etdi! Bu, bəlkə də kiçik bir detaldır. Amma hər şey də elə bu cür kiçik detallardan başlayır.

MEDVEDEVİN SÜKUTU

Daha maraqlı detal budur ki, prezident D.Medvedev hələ yeni siyasi prosesə açıq münasibət bildirməyib. Bəlkə də artıq Medvedevin ayaqları döşəmənin üstündədir, Putin xalçanı onun ayaqları altından çəkib. Xalça yoxdursa, bu o deməkdir ki, xalçaaltı döyüş də yoxdur, hər şey açıq – aşkar gedir. Bəzən deyirlər ki, Medvedev ölkədə demokratik islahatlar aparmağa meylli yeganə real siyasətçidir. Amma o, çox zəifdir. Hətta bu olay, Xalq Cəbhəsinin belə yaranması sübut edir ki, siyasi təşəbbüs digər adamın – vaxtilə Medvedevi andiçmə mərasiminə gətirən Putinin əlindədir. Medvedev Putin üçün elə bir problem deyil, Putinin problemi ölkənin xaricindədir, xaricilər Medvedevin prezident kimi qalmasını istəyirlər. Ona görə istisna deyil ki, Putin dostunu yeni xalça üzərində döyüşə dəvət edir. Ölkə siyasətində təzə xalça rolunu isə yenicə elan edilən Ümumrusiya Xalq Cəbhəsi oynamalı olacaq. Amma o da istisna deyil ki, bu, həm də parlament seçkisi ərəfəsində digər partiyalar üçün qurulmuş bir siyasi tryukdur. Amma o, baş tutsa, heç kim iddia etməz ki, belə bir sehrli xalçadan prezident seçkisi zamanı imtina ediləcək.

KİÇİK SÖZARDI

Siyasətin ironik tərəfləri də az deyil. Bir vaxtlar SSRİ rəhbərliyi emissarlarını müttəfiq respublikalara göndərirdi ki, onlar xalq cəbhələri yaratmasın, ya da yaratdıqları təşkilata başqa ad qoysunlar. İndi Rusiya özü əski leksikanı gündəmə qaytarır. Bəlkə artıq digər adlar və abreviaturalar siyasi baxımdan tükənib? Kim bilir? Nə demək olar?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG