Keçid linkləri

Mayın 19-da fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri və valideynlər etiraz aksiyası keçirib.

60-a yaxın tələbə və valideyn əvvəlcə universitet qarşısına toplaşıblar. Daha sonra onlar Prezident Administrasiyası və Nazirlər Kabinetində olublar.

Təhsillərini başa vurub diplomlarını ala bilməyən, təhsili yarımçıq qalan tələbə və onların valideynlərinin Azadlıqradiosuna verdiyi məlumata görə, indiyə qədər müraciətinə heç bir dövlət qurum konkret cavab vermir.

Keçmiş tələbə Gülnarə Vəliyeva:

«Biz getdik Prezident Administirasiyasına, orda bizi istədiyimiz adam qəbul etmədi. Sonra bizi göndərdilər Nazirlər Kabinetənə, orda da dedilər ki, sizin müraciətizi mayın 17-də Təhsil Nazirliyinə göndərmişik».

Valideyn Həqiqət Vəliyevanın deməsinə görə onların tələbi odur ki, universiteti bitirənlərə diplom verilsin, təhsili yarımçıq qalanlar da başqa universitetlərə köçürülsün.

«Biz dövlətdən ev istəmirik, torpaq istəmirik. İllik təhsil haqqı ödəmişiş qəbzlər əlimizdə, bizim övladlarımıza niyə diploma verilmir? Niyə təhsili yarımçıq qlanlar başqa təhsil ocaqlarına köçürülmür?».

Universitetin fəaliyyəti dayandırılandan sonra Təhsil Nazirliyi bəyan edib ki, Beynəlxalq Universitetin yalnız test üsulu ilə qəbul olunan 1300 tələbəsi başqa özəl universitetlərə köçürüləcək, qalan 1400 tələbə öz problemlərini məhkəmə yolu ilə həll etməlidirlər.

Beynəlxalq Universitetin lisenziyası 2010-cu il sentyabrın 1-dən ləğv edilib. Təhsil Nazirliyi lisenziyanın vaxtının uzadılmamasını universitetdə tədris prosesinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmaması və digər ciddi qanun pozuntuları ilə izah edir.

Şərhləri göstər

XS
SM
MD
LG