Keçid linkləri

Ərəb ölkələrindəki üsyanları çox sönük işıqlandıran, bəzənsə bu haqda heç söz deməyən Azərbaycan telekanalları Gürcüstanda baş verən etirazları elə dərhal yeni azadlıq dalğası kimi təqdim etdi. Mən mayın 25-ini «qəzəb günü» elan edən gürcü müxalifətinin etirazlarının miqyasını heç də kiçiltmək və ya olduğundan zəif təqdim etmək fikrində deyiləm. Amma təsvirlərə ötəri baxış belə kifayət idi ki, bu etirazların heç də kütləvi olmadığına əmin olasan. Söz yox ki, bir neçə istiqamətdə uğurlu siyasət yürüdən Gürcüstanda azadlıq və insan haqları səviyyəsində vəziyyət ideal deyil, ölkənin Avropa strukturları ilə inteqrasiyası nəzərdə tutulandan çox ləng gedir (Gürcüstanın istəklərinə rəğmən), separatçı bölgələrdə problemlər olduğu tək qalmaqda davam edir. Bir sözlə, problemlər çoxdur. Üstəlik, prezident M.Saakaşvilinin siyasətində bir çox hallarda avtoritar meyllərin olduğunu da inkar etmək fikrində deyilik.

Amma «rəngli» inqilablar silsiləsindən sonra Gürcüstan yeganə dövlətdir ki, o, inqilabın gözləntilərini qismən də olsa doğruldub. Düzdür, Rusiya ilə bağlı münasibətlərdə ciddi problemlər var, bir çoxları Saakaşvilinin ifrat qərbçi və avro-Atlantik siyasətinin fiaskoya uğradığını qeyd edirlər. Amma bunu yalnız Saakaşvilinin ünvanına yazmaq o qədər də düzgün olmazdı. Bəzi hallardaca Qərb dövlətləri də ardıcıl siyasət yürütməyiblər, daha çox obyektiv və eləcə də subyektiv səbəblərdən Rusiyaya tərəf çox boylanıblar. Kimisi qaza görə,
İlham Əliyev və Mixail Saakaşvilinin iştirakı ilə gürcü ailəsinin mənzilində Azərbaycan qazı yandırılır, 1 iyul 2008

kimisə geosiyasi güzəştlərə, kimisə də şəxsi münasibətlərə görə Rusiyanın maraqlarını nəzərə almağa cəhd ediblər.

Bir sual var ki, o, müəyyən mənada maraq doğurur. Heç olmasa, Azərbaycan Gürcüstanla kolleniar - eyni istiqamətli siyasət yürütsəydi, bölgədə vəziyyət necə olardı? Bəli, bunu inkar etmək olmaz ki, Azərbaycan Gürcüstana yardım edir, amma bu yardım daha çox maddi və material xarakter daşıyır. Siyasətlərdə eynilik çox azdır. Gürcüstan öz müstəqilliyini daha çox Rusiya qarşısında nümayiş etdirir və göstərirsə, Azərbaycan özünün müstəqilliyini daha çox öz vətəndaşları qarşısında nümayiş etdirməyə üstünlük verir. Çox güman ki, Gürcüstanın NATO-ya inteqrasiyasını müəyyən qədər Azərbaycanın qeyri-müəyyən və dolaşıq siyasəti yubatdı. Alyans tək Gürcüstanı öz sıralarına qəbul etməyə tələsmir. Bunu hiss etmək o qədər də çətin deyil. Belə olan təqdirdə, görən, Azərbaycan öz siyasətinə necə yekun vurdu?

DEVRİLMİŞ HÜSNÜ MÜBARƏKİN RƏHBƏRLİYİ ALTDA

Mayın 25 – 27 –si Azərbaycan üçün də mühüm olacaq. Ölkənin bu tarixdəcə bloklara qoşulmayan ölkələrin təşkilatına üzv olmaq üçün müraciət edəcəyi gözlənir. Azərbaycanın yeni müttəfiqləri hansı ölkələr olacaq? 53 Afrika, 38 Asiya, 26 Latın Amerikası və 1 Avropa ölkəsi! Bu təşkilatda Avropadan tək Belarus təmsil olunub. Təşkilatın başçısı hələ də devrilmiş Hüsnü Mübarək hesab olunur. Bəli, Azərbaycan öz qonşusu Gürcüstanla bir «göyərtə»də və bir sırada olmaqdansa, Asiyanın və Afrikanın avtoritar ölkələrinə sığınmağa üstünlük verdi. İndi bir çox mətləblərə aydınlıq gəlir: həm Urmiya sazişinə, həm ABŞ-la birgə təlimlərin təxirə salınmasına, həm də milli təhlükəsizlik və hərbi doktrinalardakı qeyri-müəyyən və yayğın ifadələrə...
ABŞ-Azərbaycan hərbi təlimləri, 24 aprel 2009

O vaxtlar hakim zümrəyə yaxın adamlar deyirdilər ki, real siyasət yazılmış ifadələrdən daha mürəkkəbdir. Budurmu mürəkkəb siyasət? Əslində bu neytral dövlətlərin birliyinin vaxtı da keçib, bu, «soyuq müharibə» dövründə yaradılmış və inkişaf etmiş təşkilatdır. Bəli, demək olar ki, NATO da soyuq müharibə dövründə yaradılıb. Amma NATO daha əvvəlki «soyuq müharibə» dövrünün konseptual prinsiplərinin daşıyıcısı deyil, hətta öz sıralarına Rusiyanı da dəvət edir. Bir sözlə, bu, Rusiya əleyhinə mövcud olan təşkilat deyil. Bloklara qoşulmayan dövlətlər haqda isə demək olar ki, bunlar hələ də «soyuq müharibə»nin ruhu ilə yaşayan və özlərini NATO-dan hifz etmək istəyən, ona qoşulmamağı və dəstək verməməyi düşünən dövlətlərdir.

KİÇİK SÖZARDI

Cənubi Qafqazın etnik mozaikası bir az da zənginləşdi, bu dəfə geosiyasi və hərbi – siyasi rənglər əlavə olundu. Hadisələri hətta bir – iki gün də önləmək istəməzdik. Amma Azərbaycanın yeni geosiyasi sevdası, Gürcüstanda baş verən proseslər rahatlıq üçün heç də böyük əsas vermir. Maraqlıdır. NATO ilə inteqrasiya məsələsindən söz düşəndə, dərhal yada referendum düşür. Bəs özünü neytral dövlət elan etmək üçün cəmiyyətin rəyini bilmək vacib deyilmi? Gürcüstan referendum keçirmişdi, amma Azərbaycanda bu haqda heç düşünmürlər də...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG