Keçid linkləri

Təcili xəbərlər

Hakimiyyətin qala divarları


Hər şey öz adı ilə çağırılmayanda, belə bir cəzasızlıq mühiti yaranır
Hər şey öz adı ilə çağırılmayanda, belə bir cəzasızlıq mühiti yaranır
Görəsən bilən varmı, son 1 ildə neçə nəfər «polisə müqavimət» maddəsi ilə həbs olunub? Bəs son 5 il və ya 10 il ərzində? Yaxud, heç bircə dəfə olubmu ki, belə hadisələri araşdıran məhkəmə polisin iddiasını rədd edib, vətəndaşın tərəfini tutsun?

Nə vaxtacan ölkədə hakimiyyətin istədiyi kimi düşünməyən, siyasi dəyişiklikləri tələb edən adamların önündə güc strukturlarından sipər çəkib duracaqlar?

Hakimiyyət Xəzər kimi, demokratiya və insan haqlarını da sadə insanlardan hündür divarla ayırmaqdadır. Bu nə divardır belə? Gəlin, onun «materialına» nəzər salaq.

HAKİMİYYƏTƏ GƏLİN, SIZI DƏ MÜDAFİƏ EDƏK

Bir il öncə müxalifət fəallarından birinin yazısı diqqətimi cəlb etmişdi. Mitinqə çıxmış etirazçıları həbs edən polislərdən biri həmin adama deyirmiş ki, «çox olun, güclü olun, hakimiyyətə gəlin, sizi də belə müdafiə edək». Bir tərəfdən, demokratiya tərəfdarlarına hücum edənlərin bir elə güclü ideya sahibi olmadığını göstərir və ümid verir ki, etirazlar daha ciddi, daha ardıcıl və daha intensiv xarakter alsa, bu etirazlara müqavimət zəifləyəcək. Ancaq bu məsələnin bir tərəfidir.

CƏZASIZLIĞINA İNANAN ADAMLAR

İşin ikinci tərəfi də odur ki, bu gün «azadlıq!» şüarları səsləndirənləri döyənlər, tutanlar, onlara işgəncə verənlər, cibinə nəşə atdırıb tutduranlar bu işi ürəklə edirlər. Bəhanələri də var. İnanırlar ki, hakimiyyət dəyişsə, etdikləri zülmə bəraət qazandıra biləcəklər və yeni hakimiyyət yiyələrinə öz xidmətlərini təklif edəcəklər. Bu inam Azərbaycanda siyasi dəyişikliklər istəyənlərin önündə iri bir divar yaradır və bu divarın kərpicləri etdiyi əməllərə görə cəzalanmayacaqlarına inanan adamlardan ibarətdir.

Ətrafda baş verənlərə birmənalı şəkildə əxlaqi qiymət verilməyəndə, hər şey öz adı ilə çağırılmayanda, belə bir cəzasızlıq mühiti yaranır.

2 aprel aksiyası
AĞ VƏ QARA RƏNGLƏR QARIŞANDA

İstənilən siyasi sistemin (açıq, ya qapalı) özünü-təmizləmə mexanizmi olur. Öz bacarıqsızlığı, xəyanəti, acgözlüyü, yaxud sistemin mənfi hesab etdiyi başqa keyfiyyətləri ilə sistemə ziyan vuran adamlar hansısa bir formada kənara atılır. Azərbaycanda bu sistem sanki işləmir. Belədə bütün ölkə sanki unitazının suvurma sistemi xarab olmuş bir otağa çevrilir.

Azərbaycan siyasi səhnəsində, etdiyi cinayətlərdən, xəyanətlərdən asılı olmayaraq heç kəs ortadan qalxmır. Hamı ortadadır. Və hamı danışır. Yaranan qarışıqlığı təsəvvür edə bilirsiniz? Oğru da, doğru da eyni qətiyyətlə bağıranda, toplum öz siyasi oriyentirini itirir. Nəticəsi? Pis addımla yaxşı addım, məhrumiyyətə dözməklə xəyanətin nəticəsi eynidirsə, siyasi aktyorların riskə getməyi üçün ciddi bir motiv olmur. Deməli, birmənalı addımlar atmağa tələsmək lazım deyil, ən pis qüvvə ilə də körpüləri yandırmaq düzgün deyil (birdən təkləndin?). Xalqa xəyanətin də bir elə ağır bədəli yoxdur (5-6 ilə hamı hər şeyi yaddan çıxarır). Beləcə bütün siyasi səhnə qara ilə ağ rəngin qarışdığı dolaşıq bir meydana çevrilir.

TƏRƏZİNİN ÖZÜ

Bütün çətin problemlərdə olduğu kimi, bu məsələdə də çıxış yolunu təklif etmək asandır, o yolu tutub getmək isə çox çətin. Sadəcə, suları durultmağa ehtiyac var. Çox deyilib ki, cəzalandırılası adamları cəzalandırmaq üçün güc çatışmazlığı problemi var. Amma haqqında danışılan bu siyasi güc ədalət tərəzisinin daşından başqa bir şey deyil. Birinci addım isə əyrini və doğrunu müəyyənləşdirəcək düşüncə tərzinin formalaşmasından keçir.

Adamları öz adı ilə çağırmaq, edilən hərəkətlərə layiq olduqları qiyməti vermək asan işdirmi? Yaxın keçmişimizə inansaq, yox. XX əsrdə Azərbaycanda çox qanlar tökülüb, çox torpaqlar itirilib, amma tariximiz hələ bir nəfərə düz əməlli mənfi qiymət verə bilməyib. Müstəqil Azərbaycanın memarı Məhəmməd Əmin Rəsulzadə də öyülür, onun qurduğu respublikanı məhv etmiş Nəriman Nərimanov da. İmkan tapıb 30-cu illərin cəlladı Mircəfər Bağırova da bəraət verənlər az olmur. Belə ölkədə müxalifət fəalına beş-altı şillə vuran polis, ya «İctimai Şura» üzvü nədən çəkinməlidir ki? Tarixin qınağından? Gülməli səslənir. Bəs xalqın qəzəbi? Zaman göstərər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG