Keçid linkləri

Respublika günü, «Eurovision», Eynulla Fətullayev


Novxanı. Rəsulzadənin heykəlinin ziyarəti

Novxanı. Rəsulzadənin heykəlinin ziyarəti

Bloqlarda 28 May - Respublika günü havası yaşanır. Digər tərəfdən «Eurovision» hələ də gündəmdə qalır, üstəlik jurnalist Eynulla Fətullayevin həbsdən azad olunması da bu həftə bloqqerlərin diqqətindən qaçmayıb.

RƏSULZADƏ RUHU

Azadıq yazır: «Nə gözəl ki, 28 mayımız var. Nə gözəl ki, bu günə görə indiki hakimiyyətə minnətli deyilik... Bu gün Cümhuriyyətin, Şərqdə ilk respublikanın yarandığı gündür və bu günə Əliyevlərin zərrə qədər dəxli yoxdur. Ən ifrat və zəhlətökən təbliğat da Cümhuriyyəti və onun yaradıcısı Rəsulzadəni yaddaşlardan silə bilmir. Əsgərlikdə idik. Hərbi hissədə Tərbiyə İşləri üzrə müavinin (zampolit) köməkçisi bizi akt zalına yığıb siyasi dərs keçməyə başladı. Bir az danışıb əsgərlərə sual verdi: «Müstəqil Azərbaycanın banisi kimdir?» Sualın cavabının hara aparacağını anlayan ali təhsilli əsgərlər laqeydcəsinə üzlərini yana çevirdilər. Ancaq elə də savadı olmayan bir əsgər şəstlə qalxaraq dedi: «Əlbəttə ki, M. Ə. Rəsulzadə». Zabit duruxdu. Çərənləməyə başladı: «Hə orası elədir. O 1918-də idi. İndi H. Əliyevdir».

«AZƏRBAYCANLIYAM» İFADƏSİNİN BANİSİ

Emil Qala «Azərbaycanlıyam» ifadəsinin mənşəyini araşdırır:
«Bu əsasən xaricdə yaşayanların başına gəlir. Vaxtaşırı hansı ölkədən olmağın barədə sualla qarşı-qarşıya qalırsan. Çox asanlıqla, heç bir şey barədə düşünmədən «I’m from Azerbaijan» – «Azərbaycanlıyam» ifadəsini işlətməkdən çəkinmirik. Amma bilirsinizmi ki, 1918-ci il mayın 27-si bizim belə bir ifadəni işlətməyə haqqımız olmayıb. Ən azından inzibati cəhətdən. Heç nə vaxtsa, «Azərbaycanlıyam» və ya «Azərbaycandanam» deyəndə bu dövləti bizə miras qoyanları xatırlamısınızmı? Əminəm ki, yox! Çünki, tarix bunu adiləşdirib. Ancaq tarix bu dövləti yaradanları adiləşdirə bilməz».

ƏSL BAYRAM

Bəyim Həsənli Azərbaycanın «Eurovision» müsabiqəsində qələbəsinə sevinə bilməməsini belə izah edir:

«Mən o zaman sevinərəm ki, Cümhuriyyətin qurucusuna dəyər verilər. Heç nədən bir dövlət yaradan insana lazımi qədər qiymət verilər.

Eurovision qələbəsini qeyd edən şəhər sakinləri
«Eurovision» qələbəsini bayram kimi qələmə verdilər. Yox, bu bayram filan deyildi. Sadəcə bir mahnı müsabiqəsi idi. Hər il hansısa ölkə qalib gəlirdi. Bu dəfə də biz qalib gəldik. Başqa heç nə.

Həmin gecə «Azadlıq meydanı»na yığışıb bayram edənləri Novxanıya, qurucumuzun məmləkətinə, ziyarətə çağırıram. Bəlkə də oraya yığışanların bir çoxu bilmir 28 may günü nə baş verib. Əsl bayram 28 may günüdür.Cümhuriyyət günüdür. Əsl qalib o günü bizə hədiyyə edən insandır. Cümhuriyyəti qurandır. Gəlin əsl bayramımızı birlikdə qeyd edək».

«EUROVİSİON» 2012: VƏZİFƏLƏR

Firudin Allahverdi hesab edir ki, Azərbaycanın «Eurovision»-da qələbəsi müstəqillik dövründəki ən böyük qələbələrindən biridir.

«Bu il bizim bu işlə məşğul olanların daha ağıllı tərpənmələrinin şahidi olduq; Azərbaycana ən böyük xallar İslandiya, San-Marino, Malta kimi az əhalisi olan ölkələrdən gəldi. Bizimkilər yavaş-yavaş başa düşürlər ki, qələbə üçün təkcə pul kisələri yox, iti ağıl da lazımdı. Hətta puldan daha çox ağıl lazımdı. Büdcəsi müftə gəlirlə dolan neft ölkələrində bunu o dəqiqə anlamaq olmur. Amma bütün hallarda, bir daha sübut olundu ki, iqtisadiyyatı güclü olan dövlətdən nə desən çıxar...
Qarşımızda duran başlıca vəzifələrdən biri xalqı bu şoka hazırlamaqdır. Nə qədər ki, vaxt var, həqiqi tolerantlığı, müasir dəyərləri təbliğ etməliyik. Başa salmalıyıq ki, müxtəlif mentalitetlər, mədəniyyətlər yoxdur, bir bəşəri mədəniyyət nərdivanı və onun müxtəlif pillələrinə çıxa bilmiş cəmiyyətlər var. Məşhur reklamda deyildiyi kimi, dəyişməli, inkişaf etməliyik. Bizim kimi olmayanları bəyənmiriksə bu – onları anlamadığımızdan irəli gəlir. Çünki insan daha çox anlamadığı ilə düşmən olur. Başa düşürəm, çətindir. Amma eləmək olar. Xalq – plastilin kimi bir şeydir, ondan nə desən düzəldə bilərik».

Əziz isə məhbus jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasından yazıb:

«Həbsdən çıxandan sonra ilk zəng edib təbrik edən ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic olub».

HƏMÇİNİN OXU:

Bakı sakinlərinin «Eurovision» sevinci
Bakıda keçiriləcək «Eurovision»un vaxtı bilindi
«Eurovision» üçün 1 ilə yeni kompleks tikmək mümkündürmü?
«Euriovision» üçün xərclənən milyonlar
Düsseldorfun meri «Eurovision-2012»-nin açarını Bakıya gətirir
Eynulla Fətullayev azadlıqda
Novxanıda Respublika Günü qeyd edildi
XS
SM
MD
LG