Keçid linkləri

Mən hər gün ordan keçirəm. Əvvəlcə elə bilirdim Nizamiyə təzə bir heykəl ucaldırlar, çünki heykəl örtülü idi, həm də «Nizami» metrosunun qarşısında idi. Nəhayət, örtüyü götürdülər. Mən növbəti dəfə həmin yerdən keçəndə, heyrətimdən donub qaldım. Təəccüblənən təkcə mən deyildim, çox adam bu hakimiyyətdən belə jest gözləmirdi. Metronun önündə Z.Əhmədbəyova abidə ucaltmışdılar! Bu, Novxanıda M.Ə.Rəsulzadəyə ucaldılmış abidədən sonra cümhuriyyət atalarına ucaldılmış ikinci abidə idi. Sonra... Bəli, sonra Respublika Günü oldu. Bu heykəl sözün əsl mənasında məni fikrə saldı, çox düşündüm, hətta bir gün ayrıca həmin heykələ tamaşa etməyə getdim.

TƏKCƏ RESPUBLİKA GÜNÜMÜ?

Respublika bayramı ilə bağlı keçirilən şənliklər miqyasına və təntənəsinə görə «Gül Bayramı» adlandırılan, əslindəsə H.Əliyevin ad günü olan bayramla müqayisəyə belə gəlmirdi, çox – çox geri qalırdı. Bu il hətta rəsmi diqqət bir qədər artmışdı. Yox, sadə insanlar, müstəqil düşüncəli şəxslər bu bayramı özlərinin ən müqəddəs bayramı hesab edirlər. Amma hakimiyyət üçün hələ də bu bayram ögeydir. Onun təqdimatı da bir qədər qüsurludur. 28 May tək Respublika Günü deyil, Azərbaycanın yüz illər ərzində itirilmiş istiqlalının və müstəqilliyinin bərpası günüdür. Türkiyə cümhuriyyət günündən danışa və bir günü məhz Respublika Günü kimi qeyd edə bilər, çünki hələ cümhuriyyət dövründən əvvəl də Türkiyə müstəqil dövlət idi. Amma 28 Maydan əvvəl isə Azərbaycan hələ müstəqil deyildi. İndi Z.Əhmədbəyovun heykəli önündəcə dayanıb bunları düşünürəm. Amma düşüncələr təkcə bununla bitirmi?

BƏS O BİRİ İNSANLAR HANI?

Hətta kiçik bir «araşdırma» aparmaq qərarına gəlirəm. Hakimiyyətin birdən – birə Z.Əhmədbəyova heykəl ucaltmasının səbəbini öyrənməyə çalışıram. Ağlabatan ehtimal yoxdur. Bir ehtimal var ki, hakimiyyət özünün ideoloji və aksioloji iflasını dərk edir, başa düşür ki, H.Əliyevi fetişləşdirməklə yeni bir «milli ideologiya» yaratmaq cəhdi uğursuzluğa düçar olub, insanlar aşkarda bunu büruzə verməsələr də, səmimi söhbətlərdə buna çox ironik yanaşırlar.
Azərbaycan parlamentinin üzvləri, Bakı, 1918
İndi deyəsən, bunu dərk etməyə başlayıblar. Amma elə hərəkət edirlər ki, bu, səhvin etirafı kimi başa düşülməsin, axı bunlar etirafları sevmirlər! Bəli, nə səbəbə olursa – olsun, Z.Əhmədbəyova heykəl qoyulması yaxşı haldır. Zira digər cümhuriyyət ataları da var! Hanı M.Ə.Rəsulzadənin heykəli? Niyə görə hələ də F.Xoyskiyə bir abidə qoyulmayıb? Nədən Ə.Topçubaşovun abidəsi yoxdur? Elə bu sualların cavabı da yoxdur. Sanki Z. Əhmədbəyova qoyulan heykəl də boylanır, o biri heykəlləri arayır və tapa bilmir!

Təsadüfən yadıma «Əlifba» kitabında oxuduğum neçə sətir düşür: «Hər adamın heykəli olmur. O adam ki həyatını xalq işinə həsr edir, dərin hörmət qazanır, ona heykəl ucaldırlar. Bizim Heydər babamız da Azərbaycanın çiçəklənməsi üçün çox işlər görüb». Bu, körpələr, birincilər üçün nəzərdə tutulmuş sətirlərdir. Bəli, belə aydın olur ki, M.Ə. Rəsulzadəyə, F.Xoyskiyə heykəl qoyulmaması elə də təsadüfi deyil. Görünür, bu insanlar həyatlarını xalq işinə həsr etməyib, dərin hörmət qazanmayıblar! Görən, insan öz həyatını xalq işinə sərf etmək üçün daha nə etməlidir? Dərin hörmət qazanmaq üçün daha nə etməlidir?

Cümhuriyyət atalarının bir həyatı, bir ömrü vardı, onu da elə bu millətə həsr etdilər, bəlkə ikinci bir həyatları olsaydı, onu da həsr edərdilər! Doğrudanmı belə həyat bir heykələ dəymədi?!

EKRANIN SAĞ KÜNCÜNDƏ

Respublika Günündə bir detal da diqqətimdən qaçmadı. Bayram 28 May idi. Amma televiziya ekranlarının küncündə üçrəngli bayrağın fonunda H.Əliyev təsvir olunmuşdu. Bəli, nə Rəsulzadə, nə Topçubaşov, nə Xoyski, məhz elə H.Əliyev! Yadıma yenə də tənha heykəl düşdü. Hələ heç kimin ağlına belə cümhuriyyət atalarını ayırıb – seçmək gəlməmişdi. Bunlar bunu etdilər. Mən bircə anlığa sanki çox şeyi anladım. Ekranın sağ küncündən boylanan şəkil də sanki bunların etdiyini təqdir edirdi... Birdən yadıma düşdü ki, qarşıdan hələ «Qurtuluş» Günü gəlir. Həmin şəkil ekranın küncündən hələ çox, bəli, çox boylanacaq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG