Keçid linkləri

Siqaretin zərəri haqqında çox danışılıb. Amma indi insan üçün zərərli və təhlükəli o qədər yeni amillər yaranıb, narkotiklər yayılıb ki, nikotinin zərəri barədə danışmaq az qala yersiz görünə bilər.

Bütün bunlara baxmayaraq, siqaretin zərərini göstərən ən məşhur, hətta deyərdim ki, klassik misalı sizə xatırlatmaq istəyirəm – “Bir damcı nikotin bir atı öldürməyə qadirdir”.

Siqaret, papiros, siqara, qəlyan, sulu qəlyan, eşmə çəkənlər bu sayaq xəbərdarlıqlara bir qayda olaraq rişxəndlə “Biz ki at deyilik!” cavabı verirlər. Bu səmimi etirafın doğruluğuna zərrəcən şübhəm yoxdur. Ən azı ona görə ki, dadlı-ətirli siqaret tüstüsünün ləzzətini at bilməz, amma çəkən adamlar bilir. Başqa tərəfdən, siqaret çəkən meymunlar barədə də vaxtaşırı xəbər tuturuq.

Həm xaricdə istehsal olunmuş bahalı, yəni Malboro, Kent, Davidoff, həm ucuz yerli, yəni Prima, Nova, Storm siqaretlərinin qiymətləri artdıqca, siqaretin ləzzəti də qiymətə minib bahalı ləzzət olur. Qiymətlərin və olmayan inflyasiyanın indiki sürətli artımı şəraitində nəinki bahalı, hətta ucuz siqaretləri də hər adam alıb çəkə bilmir.

Məhz bu səbəbə bir çoxları siqareti tərgidərək həm pullarına, həm də canlarına, sağlamlıqlarına qənaət edirlər. Bir vaxtlar siqaret çəkmək elitar hesab olunurdu, indi idmanla məşğul olub sağlamlığın qeydinə qalmaq. Bununla yanaşı həmişə elə adamlar tapılır ki, hər gün qutusu 25-30 manat olan siqaret çəkir. Özü də gündə 1-2 qutu. Nə etməli, dünyanın işi belədir. Adam var siqaretin birinə 1-2 manat verir, adam var bir naharına, adam da var gününə. Məmləkətimizdə sonuncular daha çoxdu.

Hələ 15-18 il əvvəl bu hal çoxlarına qəribə görünər, etiraz doğura bilərdi. Amma analoqu olmayan respublikada, büdcə pullarının məharətlə, açıq-aşkar silindiyi guya “bazar iqtisadiyyatlı” cəmiyyətində bu normal hal olub. Çoxları buna öyrəşib artıq.

Ümumdunya Səhiyyə Təşkilatı bəyan edib ki, çəkilən hər siqaret insan ömrünü 12 dəqiqə qısaldır. Mən hesab edirəm ki, bu sözlər qiymətdə ucuz, zəhərdə ağır Prima və Storm kimi siqaretləri çəkən kasıblara daha çox aiddir. Doğrudur, hətta güclü filtrləri ilə qismən zəhərin qarşısını alıb zərərsizləşdirən Malboro, Davidoff siqaretləri də ömrü qısaldırlar. 12 dəqiqə olmasın, olsun 5-10 dəqiqə. Amma varlığa nə darlıq? Varlılar özləri bilər. Bəs kasıblar neyləsin? Heç nə, siqareti tərgitsin! Elə bilirsiz on altı il əvvəl mən siqareti atıb, vegetarianlığı xoşladığım üçün yoqayla məşğul olmağa başlamışam? Ay-hay! Görün mağazalarda siqaret və ət neçəyədir?!.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG