Keçid linkləri

Politologiyanın da öz «ştamp»ları var. Adətən belə hesab edilir ki, cəmiyyət gücünü ziyalılardan alır. Marksizm bəlkə də yeganə sosial-siyasi təlimdir ki, bu qənaəti bölüşmür. Digər konsepsiyaların əksəriyyəti məhz belə düşünür. O yerdə ki, müstəqil insanların tribunası boş olur, oralarda ziyalıların zəif və gücsüz olduğu güman edilir. Azərbaycanda da bu izahı bölüşürlər. Bu ölkə də hələ də özünün müstəqil və özünü təsdiq etmiş ziyalıları ilə öyünə bilmir. Amma məni bir məsələ çaşdırır. Doğrudanmı ölkə ziyalıları iddia edilən kimi zəif və gücsüzdür? Bir neçə məqam olub ki, bu tezisin əksini sübut edib və mən hər dəfə baş vermiş hadisəyə izah tapmaqda çətinlik çəkmişəm. Məhz belə hadisələrdən biri elə bu günlərdə baş verdi.

BİR QANUN LAYİHƏSİNİN İZİ İLƏ

Bir neçə gün ərzində bir qanun layihəsi az qala ölkənin ən əsas probleminə çevrildi. Söhbət dövlət qulluqçularına şamil ediləcək yaş məhdudiyyətindən gedirdi. Hamı bu haqda danışdı, ancaq bunu müzakirə etdi. Layihədə yaşın ən son həddi olaraq 70 yaş nəzərdə tutulurdu, dövlət qulluğunda olanlar bu yaş həddini keçdikdə artıq fəaliyyət göstərə bilməzdilər. Ən çox narazılıq da elm və təhsil işçiləri sarıdan gəlirdi. Mən bu detala ayrıca toxunacam. Lakin əvvəlcə bir detalı qeyd edim. Narazılığı hiss edən hökumət bu yaş senzinin elm və təhsil işçilərinə şamil edilməyəcəni bildirdi. Və bununla da mübahisə səngidi. İndi soruşmaq istəyirəm: əgər ziyalılar zəif və gücsüzdürsə, onda bu hökumət niyə geri çəkildi? Özü də bu, birinci dəfə baş vermir. Bircə müddət bundan əvvəl yüksək rütbəli məmurlardan birisi öz məqaləsindəcə ölkənin yaradıcı birlikləri haqqında tənqidi fikirlər səsləndirmişdi. Dərhal ziyalılar bir ağızdan etirazlara başladılar və tez müddətdəcə həmin məmur məcbur olub fikirlərini korrektə etdi. Bundan sonra ziyalıların zəif və gücsüz olduğu haqda iddia səsləndirmək çətindir. Lazım olan anlarda və bir başa onların özlərinə toxunanda, ziyalılar çox güclü olurlar. Əvvəl haqqında söz gedən qanunda əslində yaş həddi çox optimal formada müəyyən edilmişdi. Amma bu, elm və təhsil işçilərini qane etmədi.

ELMDƏ VƏ TƏHSİLDƏ «DEDOVŞİNA»

Heç kim 30-40 yaşında olduğu kimi,
Hər şeyi xaric ilə ölçsək, gərək bizdə də alimlərimizin reytinqi müəyyən edilsin
70 yaşında da mühazirə oxuya və elmlə məşğul ola bilmir. Mən bunu bilavasitə müşahidə etmişəm. Çox nadir halda elm və təhsil işçiləri 70 yaşına qədər öz «forma»larını saxlaya bilirlər. Ölkə ziyalılarının böyük əksəriyyəti üçün elm doktorluq dissertasiyasının və bəzi hallarda isə namizədlik dissertasiyasının müdafiəsindən sonra bitir. Ancaq dahilər və bir də talantlar 70 yaşından sonra elmə olan həvəslərini və əsas da təfəkkür aydınlığını saxlaya bilirlər. İnsanın təbii, fizioloji imkanlarını da nəzərə almaq lazımdır – 70 yaşdan sonra artıq huşsuzluq, səbirsizlik özünü büruzə verir, hər şey, hətta tələbələrin sualları belə adamı qıcıqlandırır.

Elm özü mürəkkəb sosial fenomendir. Yaşlı alimlərin bir qismini elmdə saxlayan orduda olduğu kimi, «nizamnamədən kənar münasibətlər» və «dedovşina» adlanan hadisədir: elmdə də gənclər yaşca qocalara işləyirlər! Qocalar bir qayda olaraq hazır məqalələrə imza atırlar, onların böyük əksəriyyətinin heç bu məqalələrin hazırlanmasından xəbəri olmur. Sadəcə, ad və titul öz işini görür, gənclər qocaların titulundan, qocalarsa gənclərin əməyindən istifadə edirlər. Problem bundadır. Ona görə də əslində 70 yaş optimal yaş idi. Bəli, xarici universitetlərdə ömürlük professor vəzifəsi olur. Amma buna kimlər layiq görülür? Dahilər! Hər şeyi xaric ilə ölçsək, gərək bizdə də alimlərimizin reytinqi müəyyən edilsin, araşdırılsın ki, bəs filan alimin filan məqaləsinə nə qədər istinad olub! Xaricdə axı belədir – alimlərə onların reytinqinə əsasən qiymət verirlər...

HÜQUQ, YOXSA İMTİYAZ?

Belə kiçik bir ekskursdan məlum olur ki, bəzən hüquqla imtiyazı qarışdırır və səhv salırlar. Ziyalılar bu gün hamı kimi hüquq yox, məhz imtiyaz istəyir. Hökumət də onlara həvəslə məhz imtiyaz verir, çünki imtiyaz tək üstünlük vermir, onu hədiyyə və istisna kimi qəbul edirlər, bu isə hakimiyyətdən bir asılılıq yaradır. Hüquq geri alına bilməz. Amma istisna kimi verilmiş imtiyaz hətta geri də alına bilinər. Bu isə qorxu yaradır. Ziyalı daim təlaş keçirir, ona istisna olaraq ömrünün sonuna kimi təhsildə və elmdə yer tutmaq, istisna olaraq xüsusi təqaüd almaq və s. imkanı verilir. Beləcə o, imtiyazlı və asılı təbəqəyə çevrilir, o da hamı kimi hüquqsuz, amma imtiyazlı olur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG