Keçid linkləri

Hələ heç kim dəqiq bilmir, bir – iki həftədən sonra Kazanda nə baş verəcək. Hətta ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatını, Azərbaycanın Rusiyadakı səfirinin dediyi sözləri sadə diplomatik ritorika adlandıranlar var. Ona görə ki, belə hallar əvvəllər çox olub. Ümid dolu görüşlər, optimist bəyanatlar... Son illərdə, 2006-cı ildə, 2009-cü ildə də belə olmuşdu. Əvvəllər də ABŞ, Rusiya və Fransa prezidentləri bəyanat vermişdi, hətta Minsk Qrupunun həmsədrləri «Madrid prinsipləri»nin artıq qəbul olunduğunu demişdilər. Qərəz, indi situasiya təkrarlanır. Amma bir çoxu tərəflərin indilər sülhə daha yaxın olduğunu iddia edir. Olsun. Əslində sülh heç vaxt uzaq bir «yaşıl ada» olmayıb. Onu həmişə yaxınlaşdırmaq, reallaşdırmaq imkanları çox olub. Bunun üçün sadəcə böyük dövlətlərin siyasi reallığa yox, ədalətə və həqiqətə daha yaxın olmasına ehtiyac olub. İndi də böyük dövlətlər, əsas da Rusiya öndədir, onun diplomatik çətiri altında çoxlu sayda görüşlər, qəti məsləhətləşmələr keçirilir. Əslində ötən il Astana sammitində irəliləyişin baş verəcəyi gözlənirdi, amma münaqişə tərəfləri ancaq özlərinin sülhə sadiq olmaları haqda bəyanat verdilər. Nədən belə olur?

RUSİYA HƏR ŞEYƏ HAZIRDIR, AMMA HEÇ NƏ ETMİR

Bu günlərdə Rusiyanın XİN-nin sözçüsü bəyan etdi ki, onun ölkəsi sülhün əldə edilməsi üçün hər şeyə hazırdır. Ola bilər. Amma sülhün baş tutması üçün KTM ölkələrinin bəyanatları bir qədər azalsaydı, daha yaxşı olardı. Rusiya Azərbaycanın qismən artan hərbi potensialını balanslaşdırmaq və Ermənistanı
Rusiya Azərbaycanı özünün «strateji müttəfiqi», Ermənistanı isə «hərbi müttəfiqi» adlandırır
arxayın etmək üçün tez –tez KTM adından bəyanatlar verdirir.

Qəribə geosiyasi oyun gedir. Rusiya Azərbaycanı özünün «strateji müttəfiqi», Ermənistanı isə «hərbi müttəfiqi» adlandırır. Doğrudanmı, belə bir geosiyasi oyun təcavüzə göz yummaq və hətta onu dəstəkləmək üçün əsas verir? Hər halda son illərdə Azərbaycan öz siyasətində Rusiyanın maraqlarına güclü şəkildə önəm verib. Müəyyən mənada Rusiya bunu nəzərə almağa borclu hesab olunur.

İndi bir məsələni aydınlaşdırmaq lazımdır: münaqişənin hərbi yolla çözümü perspektivsizdir, o, üzücü müharibəyə, hətta regional ixtilafa gətirib çıxara bilər, münaqişə ocağı bütün bölgəni bürüyər. Belə perspektiv güman etmirik ki, kiminsə ürəyindən olsun. Bu gün tərəflər nəzəri olaraq bu tezisi başa düşür. Sülhün əldə edilməsi üçün bir neçə amil artıq mövcuddur və bunları aktivləşdirmək olar. Bəli, əvvəllər ciddi problemlər vardı. O vaxt Ermənistan müvəqqəti hərbi qələbənin eyforiyasını yaşayırdı, onlar qonşu bir ölkə ilə hərbi münaqişənin siyasi və iqtisadi nəticələrini yetərincə nəzərə ala bilmir və bunu qiymətləndirməyi bacarmırdılar. Azərbaycanda da qisas hissi, vurulmuş hərbi və mənəvi ziyanın əvəzini çıxmaq hissi güclü idi. İndi müəyyən qədər vaxt keçib. Tərəflər özlərinin düçar olduğu vəziyyəti daha real qiymətləndirmək iqtidarındadırlar. Hər halda, hamı buna ümid edir. Bir sıra daxili amillər də sülhün əldə etməsini asanlaşdırır.

HƏRƏNİN ÖZ MÜXALİFƏTİ

S.Sarkisyan öz müxalifəti kimi eks-prezident L.T.Petrosyanı «seçib»
Aydındır ki, sülh baş tutarsa, o, ciddi siyasi kompromislər əsasında olacaq və hər iki ölkədə çətin qəbul olunacaq. İctimai rəyi nəzərə almaq, onun ifrat dərəcədə radikallaşmasına imkan verməmək, sülh sazişi imzalanacağı bir təqdirdə ölkələrdəki sabitliyin mümkün pozulmalarının qarşısını almaq – iki ölkənin hər ikisində buna cəhd edilir, təbii ki, fərqli yollarla. S.Sarkisyan öz müxalifəti kimi eks – prezident L.T.Petrosyanı «seçib», amma bu, bəlkə də daha obyektiv proseslərin nəticəsidir. Sonuncunun dövründə Azərbaycanın torpaqları işğal olunsa da, o, münaqişənin perspektivinə real baxa bilir və məhz belə cəhdə görə də hakimiyyətlə vidalaşmalı olmuşdu. L.T.Petrosyanın başçılıq etdiyi erməni müxalifəti indi Cənubi Qafqazda ən güclü müxalifət hesab olunur və yerli hakimiyyət də bunu etiraf edir və artıq onunla dialoqa gedir. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Burada sülh ərəfəsində müxalifətin tamam sıradan çıxarılması prosesi baş verib. Sabah hətta ədalətsiz bir sülh müqaviləsi imzalansa belə, ölkədə güclü bir etiraz yarada bilən müxalifət yoxdur. Bir sözlə, hər iki ölkədə müxalifət və ictimai rəy sülh üçün indi o qədər də əngəl deyil. Dövlət başçıları istəsələr bu maneəni çox asanlıqla dəf edə bilərlər...

KİÇİK SÖZARDI

Məsələnin mahiyyətinə varanda, görürsən ki, tərəflər sülhə məhkumdurlar. Münaqişənin uzanması hər iki ölkə üçün, xüsusən də Ermənistan üçün çox böyük problemdir. Azərbaycan üçün bunun daha çox mənəvi nəticəsi varsa, Ermənistan üçün bu siyasi və iqtisadi tənəzzül deməkdir. İ.Əliyev bu günlərdə bir daha bəyan etdi ki, Ermənistanın regional layihələrdən təcrid olunması siyasəti bundan sonra da davam etdiriləcək. Azərbaycanda artıq qaçqınlar da sosial problem deyil, neft gəlirləri bu problemi qısa müddətdə həll etməyə imkan verir. Amma Ermənistanda vəziyyət fərqlidir. Ona görə də sülhə köklənmək yeganə çıxış yoludur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG