Keçid linkləri

Həmişə maraqlı müşahidələri ilə seçilən politoloq Z.Bjezinski bir yazısında Azərbaycanı Mərkəzi Asiya ilə Avropanı birləşdirən «tıxac» adlandırmış və bu ölkəyə xüsusi önəm vermişdi. Bəli, adam çox çalışır ki, prosesləri bir az darıxdırıcı və bir az vahiməli geopolitikanın çərçivələri kənarına çıxararaq nəzərdən keçirsin, çünki geopolitika daha çox güclülərin və böyüklərin və bir də dünya siyasətini diktə edənlərin oyun qaydaları və məntiqidir. Amma istənilən böyük layihədə müəyyən qədər geopolitika elementi var. Ona görə də böyük enerji layihələrini onun məntiqindən kənarda nəzərdə keçirmək o qədər də asan deyil. Bu baxımdan əsrin ən böyük qaz layihələrindən biri də – «Nabucco» da istisna deyil.

Son vaxtlar qəribə bir tendensiya müşahidə olunur – Azərbaycan rəsmiləri hətta özləri üçün də o qədər də aydın olmayan bəyanatlar verirlər. Elə bu yaxınlardaca yüksək rütbəli məmurlardan biri «Nabucco»nu nəzərdə tutaraq demişdi ki, ölkə bu layihəyə «hə» deməyə də bilər.

Bunu necə başa düşmək olar? Bəs rəsmi Bakının bu layihəyə münasibətini nə müəyyən edir? Sırf kommersiya şərtləri, yoxsa geosiyasi amillər? Ola bilsin ki, bunlardan ancaq biri daha həlledicidir. Amma hətta beynəlxalq müşahidəçilər də bu iki amil arasında seçim etməyə çətinlik çəkirlər.
Türkmənistanda Şərq-Qərb qaz kəmərinin təməlqoyma mərasimi, 31 may 2010
Məsələ bundadır ki...

SON ÜNVAN ONSUZ DA AVROPADIR

Bəli, son ünvan Avropadır. Azərbaycan onsuz da qazını Avropaya satmaq əzmindədir. Buna görə də Azərbaycanda bütün qaz layihələrinə şərti olaraq «Cənub dəhlizi» layihəsi deyir və onlar arasında ciddi bir fərq qoymurlar. Bu yanaşma belə təsəvvür yaradır ki, bu ölkəni ancaq kommersiya şərtləri və layihənin iqtisadi səmərəliliyi düşündürür. İndi «Nabucco»nun dəyərini çox qaldırıblar və bu, qaz ixrac edəcək dövlətlərdən öz qazını bir qədər aşağı və sərfəli qiymətə satmağı tələb edir. Bu aspektdən yanaşanda, Bakının məntiq sistemi aydındır: kim daha çox pul versə, qaz da ona veriləcək!

Amma bircə detal var ki, onu mütləq qeyd etmək lazımdır. «Nabucco» Avropa üçün tək yeni qaz layihəsi deyil. Bu layihə ən azı iki funksiyanı yerinə yetirməlidir. O, Avropanın Rusiyadan qaz asılılığını minimuma endirməli və həm də Mərkəzi Asiyanın qaz ehtiyatlarına yol açmalıdır. Digər bir detal da ondan ibarətdir ki, Avropa və eləcə də ABŞ Mərkəzi Asiya qazının Çinin bazarlarına yol aça bilməsinə bir qədər qısqanclıqla yanaşırlar. Bəli, Azərbaycan özünü bir az rahat hiss edir, çünki özünün potensial qaz alıcısı kimi yenə də Avropanı nəzərdə tutur. Amma Avropanın Azərbaycandan gözləntiləri, artıq deyildiyi kimi, təkcə bu deyil.

RUSİYANIN TƏZYİQİ REALDIRMI?

İlham Əliyev və Dmitri Medvedev, Bakı, 18 noyabr 2010
Təbii ki, Azərbaycanın seçiminə təsir edən geosiyasi amillərə nəzər salanda, gərək birinci Rusiyanı yada salasan. Sözsüz ki, Rusiya bütün Azərbaycan qazını Mərkəzi Asiya qazı kimi də öz ərazisindən nəql etmək istərdi. Elə bu səbəbdən Rusiyanın maraqları müəyyən mənada Azərbaycanın seçiminə də təsir edəcək. Bəli, Rusiyanın müəyyən təzyiqləri ola bilər. Amma bu təzyiqi şişirtmək də düzgün olmazdı, çünki son vaxtlar onun arzuları ilə imkanları üst-üstə düşmür, real imkanlar xeyli daralıb, məhdudlaşıb. Rusiya bu gün ən çox nəyə təsir edə bilir? Açığını etiraf etmək lazımdır ki, o, Azərbaycanda dövlətdən daha çox hakimiyyətə lazımdır. Avtoritar Azərbaycan rejimi də öz dayağı kimi Rusiyanı görür. Məsələnin digər tərəfinə gəldikdə isə, bildirmək lazımdır ki, artıq Rusiya dəfələrlə bəyan edib: heç bir güzəştin müqabilində Azərbaycanın əsas problemlərinin, xüsusən Qarabağ probleminin həllində güzəşt etməyəcək. Bir sözlə, qaz müqabilində Qarabağ olmayacaq! Necə ki neft müqabilində Qarabağ olmadı!

OKTYABRDA GÖRÜŞƏNƏDƏK

Artıq dünən elə Türkiyədə beş dövlət «Nabucco» layihəsinə hüquqi dəstək sazişi imzaladı. Layihənin dəyəri də məlumdur, bu, təxminən 8 milyard avro təşkil edəcək. Avropa Birliyi Azərbaycana layihəyə öz münasibətini bildirmək üçün bu ilin oktyabrına qədər vaxt verildiyini bildirib. Azərbaycan indi bir neçə ay ərzində məsələyə münasibətini formalaşdırmalıdır. Bir neçə aydan sonra məlum olacaq ki, «Vikiliks» haqlı idi ya, yox? O sayt yazmışdı ki, Azərbaycan hakimiyyəti Türkiyənin enerji mərkəzinə çevrilməsini arzulamır və hətta bunun qarşısını almağa çalışır. Hər halda, cəmi beşcə aydan sonra çox şey aydınlaşacaq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG