Keçid linkləri

Diffamasiya haqqında qanun bu il qəbul ediləcəkmi?


Jurnalist elə cəmiyyətin sözçüsüdür, cəmiyyət azad insanlardan ibarət deyilsə, onda mətbuat azadlığını necə dərk etmək olar?

Jurnalist elə cəmiyyətin sözçüsüdür, cəmiyyət azad insanlardan ibarət deyilsə, onda mətbuat azadlığını necə dərk etmək olar?

Qanunlar da adamlar kimi olur. Eləsi olur, əvvəldən yoluna yaşıl işıq düşür və tez qəbul edilir. Eləsi də olur ki, illərlə müzakirə edilir, qəbulu da ləngiyir. Diffamasiya ilə bağlı qanun sonunculardandır. Məsələ o qədər müzakirə edilib ki, jurnalistlər ona qarşı marağı da itiriblər. Bu günlərdə Prezident Administrasiyasını təmsil edən Əli Həsənov demişdi ki, qanunun bu il qəbul edilməsi mümkün ola bilər. Şöbə müdiri onu da qeyd etməyi unutmamışdı ki, son illərdə ölkə jurnalistləri bir qayda olaraq yazıya görə məsuliyyətə cəlb olunmurlar.

Hətta bu yenilik də elə bir rezonans yaratmadı. Bəlkə jurnalistlər də artıq gerçək həyatı əks etdirməyən bəyanatlardan, pafoslu nitqlərdən, həqiqətlərin aşkar inkarından bezib və yorulublar. Ona görə ki, bəlkə də bu yeganə ölkədir ki, onun parlamentində «Diffamasiya haqda qanunu qəbul edək, jurnalistlərisə başqa üsullarla da məsuliyyətə cəlb edə bilərik!» kimi bəyanatlar səslənir. Belə bəyanatlar təkcə ritorik məzmun kəsb etmir, sözün əsl mənasında elə reallığı əks etdirir.

TƏK ÇÖRƏKLƏ...

Bəli, rusların bir deyimi var: insan təkcə çörəklə tox olmur! İnsana həyatda başqa şeylər də lazım olur! İldə qəzetlərə bir neçə min manat yardım edən hakimiyyət elə zənn edir ki, ölkədə azad mətbuat üçün heç yerdə olmayan şərait yaradıb. Ancaq başqa ölkələrdə, azad mətbuat üçün həqiqətən şərait yaradılan ölkələrdə qəzetlər bu bir neçə min manata heç ehtiyac duymurlar, onlar bunu özləri qazanırlar. Elə həmin ölkələrdəcə mətbuata qarşı nəzərdə tutulan bir neçə hüququ təqib maddələri illərdir ki, passivləşdirilib və aktiv hüquqi qüvvəyə malik deyillər.

Ona görə də Prezident Administrasiyasının sözçüsünün optimizmini bölüşmək çətindir. Bəli, olsun ki, bu il diffamasiya ilə bağlı qanun qəbul olunacaq. Amma nə fərqi var? Bir dəfə deyil, onlarla dəfə olub ki, jurnalistlərə qarşı qeyri – siyasi maddələrlə təqiblər həyata keçirilib və böyük ehtimalla bundan sonra da olacaq,
Diffamasiya kimi azı on dənə qanun qəbul edilsə belə, hakimiyyətin mətbuata münasibəti dəyişməyəcək
çünki azadlıq selektiv mahiyyət kəsb etmir, heç ola bilməz ki, söz azadlığı bir qrup adama şamil olunsun, amma digərlərinə toxunmasın. Ölkədə bütöv mənada söz azadlığı yoxdursa, partiyalar susdurulur, qeyri – hökumət təşkilatları təqib olunursa, jurnalistlərin azadlığından danışmaq çətindir, çünki jurnalist elə cəmiyyətin sözçüsüdür, cəmiyyət azad insanlardan ibarət deyilsə, onda mətbuat azadlığını necə dərk etmək olar?

Mən bircə detala fikir vermişəm. Bir neçə qəzet KİV-lərə Dəstək Fondunun maliyyə yardımı ilə layihələr həyata keçirir, hamısı da mədəniyyətlə bağlı material hazırlayır. Olsun. Mədəniyyət də çox vacib məsələdir. Amma bəs korrupsiya? Bəs inhisarçılıq? Ölkənin həyatına sirayət etmiş polis və məmur özbaşınalığı? Bunlar layihələr üçün predmet ola bilməzmi? Özü də guya dövlət bu məsələlərin hər biriylə bağlı proqram qəbul edib və onlara qarşı mübarizə aparır!

Mətbuatın araşdırmaları da bu məsələlərə güclü təkan verə bilərdi, təbii ki, bir şərtlə: buna görə qəzetlərə informasiya dəstəyi verilməli və onların azadlığı təmin olunmalıdır.

MƏTBUAT ÜZRƏ OMBUDSMAN NECƏ OLDU?

Bu məsələ də heç diffamasiya ilə bağlı qanunun qəbul edilməsindən elə də az əhəmiyyət kəsb etmir. Diffamasiya kimi, mətbuat ombudsmanı məsələsi də kifayət qədər uzandı və axırda bu vəzifəni elə ölkənin ombudsmanına həvalə etdilər. İndi informasiya ombudsmanı şöbəsi yaradılır. Maraqlıdır ki, bununla bağlı müzakirələrə əsas qəzetlərin redaktorları cəlb olunmurlar. Bu detal özü bir daha göstərir ki, diffamasiya kimi azı on dənə qanun qəbul edilsə belə, hakimiyyətin mətbuata münasibəti dəyişməyəcək, çünki əsl münasibət insan azadlığından keçir, azad insanı qəbul edirsənsə, elə azad mətbuatı da qəbul edəcəksən, əks təqdirdə isə heç nə alınmayacaq.

Bir də ölkənin hüquqi olması vacibdir. Diffamasiya haqda qanun da qəbul edilsə, ölkədə mətbuatla bağlı normal qanunvericilik paketi olacaq. Amma yenə də, bu, azad mətbuat üçün kifayətdirmi? Məsəl var, deyirlər ki, bütün sualların cavabdehi zamandır, zaman özü hər şeyi göstərir – düzü düz, əyrini əyri...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG