Keçid linkləri

Azərbaycanda son zamanlar iqtisadiyyatın inkişafı ilə bağlı əməlli-başlı çaş-baş proqnoz məlumatlar dövriyyədədir. Deyək ki, neftin qiymətini proqnozlaşdırmaq dünya miqyasında mürəkkəb məsələdir, az qala zəlzələnin əvvəlcədən müəyyənləşdirilməsi qədər çətindir, çünki karbohidrogenlərin dəyərinə kifayət qədər çox amillər təsir edir. Ancaq elə şeylər də var ki, onu proqnoz etmək üçün heç də böyük ştata malik elmi-tədqiqat institutları saxlamağa ehtiyac yoxdur, sadəcə məntiqlə hesab aparmaq yetər.

HAVALI PROQNOZLAR

«Eurovision-2012» yarışmasına Azərbaycanın ev sahibliyi etməsi deyəsən, proqnozlara da təsirsiz ötüşməyib. Artıq ölkənin rəsmi və qeyri-rəsmi şəxsləri elə rəqəmlər açıqlayırlar ki, sanki post-neft dövrünün dərmanını tapıblar.

Azərbaycan Reklamçılar Birliyinin sədri Hacıəmi Atakişiyev bildirib ki, ölkədə turizm işi normal şəkildə qurulsa, onda gələcəkdə Azərbaycan hər il bu sahədən 20-30 mlrd. manat gəlir əldə edə bilər.

Bir qədər əvvəl isə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bəyan etmişdi ki, 2020-ci ilədək onun başçılıq etdiyi sahə iqtisadiyyatın ən inkişaf edən sahəsinə çevrilə bilər və buradan gələn gəlirlər neft gəlirlərini hətta üstələyər. 10 il bundan əvvəl TRACECA layihəsi ilk addımlarını atanda, hökumətdəki bəzi uzaqgörənlər də belə düşünürdülər ki, Azərbaycanın coğrafi mövqeyi ona imkan verir ki, nəqliyyat sahəsi 2010-cu ilə ölkənin ən gəlirli sahəsinə çevrilsin.

Ancaq belə görünür ki, Azərbaycanda dövlət başçısından savayı məmur təbəqəsi arasında «soyuq başla» gələcəyə baxan şəxs yoxdur. 2009-cu ilin noyabrın 5-də «Neft Daşları» yatağının istismara verilməsinin 60-cı ildönümünə həsr
İlham Əliyev: «Neft sənayesi uzun illər bundan sonra da Azərbaycanın uğurlu inkişafını təmin edəcəkdir»
edilmiş mərasimdə İlham Əliyev bəyan etmişdi: «Neft sənayesi uzun illər bundan sonra da Azərbaycanın uğurlu inkişafını təmin edəcəkdir... qeyri-neft sektoru hələ on il, iyirmi il bundan sonra da neft sənayesinin yerini verə bilməz».

Real vəziyyət belədir ki, 2020-ci ildə Azərbaycanda 40 mln ton neft və kondensat istehsal olunmalıdır. Müqayisə üçün deyim ki, ötən il 50.8 mln ton neft hasil edilib və bu zaman $16 mlrd vəsait xarici şirkətlərlə PSA müqavilələri çərçivəsində ölkəmizə mənfəət şəklində daxil olub. Həmçinin $2.3 mlrd vəsait də mənfəət vergisi şəklində neft hasil edən şirkətlərdən dövlət büdcəsinə daxil olub.

Yəni, bütün bunları yazmaqda məqsədim budur ki, məmurlar bir fikri dilə gətirəndə, nədənsə onun miqyasını nəzərə almırlar. Bu da ondan irəli gəlir ki, proqnoz vermək adətən o yerdə inkişaf edir ki, o məkanda güclü diskussiya və tərəflərin öz dəlillərini sübutla təsdiq etmək vərdişi olsun. Bizim hökumətimizin iclaslarında belə şeylər nə sovet vaxtı olub, nə də ki sonralar... nəticəsi də bu!

MƏRKƏZİNDƏ İNSAN AMİLİ OLMAYAN XƏRCLƏMƏLƏR

Bu ilin yanvarın sonlarından neftin qiymətinin dünya bazarında $100-ı aşması və bu günədək $110-dan aşağı düşməməsi görünür, bir çox məmurlara elə təsir edib ki, sanki hazırda Azərbaycanın 1 nömrəli həyati-əhəmiyyətli məsələsi neft gəlirlərinin daha çox xərclənməsidir. Hələ ki, biz onun xərclənməsində səmərəlilik və ictimai əhəmiyyət əmsalını müşahidə etmirik. Ona görə də, dövlət investisiya proqramlarına nəzər yetirəndə, ilk növbədə insanı özünə çəkən onun məzmunu deyil, qiyməti olur.

Bir yerdə də söyləməyiblər ki, Azərbaycan vətəndaşı özünü nə vaxt nəqliyyatda Avropadakı insan səviyyəsində hiss edəcək!
Məsələn, bir vaxtlar qiyməti $3.5 mlrd-liq olan Bakıdan Böyük Kəsiyə sürətli sərnişin qatarı layihəsi vardı. Sonradan onun qiymətini bir qədər azaldıb dəmiryolların yenidən qurulması dövlət Proqramı şəklinə saldılar.

Nəticədə, yenə də məmuru maraqlandırmır ki, sərnişin hansı şəraitdə və hansı kökdə olan vaqonlarda ölkənin bir şəhərindən digərinə gedir. Onun fikri-zikri bir-neçə milyardlıq optik rabitəli, şpalları Avropadan gətirilmiş, işıqforları LED texnologiyalı, dispetçer məntəqələri «süni intellektual»la təmin edilmiş və s. vəsait tələb edən gözə görünən şeylərdədir.

Fikir verdinizmi, hər şey nəzərdə tutulub, ancaq insan rahatlığından başqa – daha doğrusu, bircə dəfə də, bir yerdə də söyləməyiblər ki, Azərbaycan vətəndaşı özünü nə vaxt nəqliyyatda Avropadakı insan səviyyəsində hiss edəcək! Niyəsi bəllidir? Belə layihələrin məqsədi sadəcə insana xidmət deyil. Elə isə neftin şəffaflığından dəm vurmağın nə mənası?

BİR NEÇƏ FAKT

1995-ci ildən 2011-ci ilədək Azərbaycan iqtisadiyyatına nə az, nə çox düz $97 mlrd investisiya yatırılıb. Bu rəqəm «Caspian Oil & Gas-2011» beynəlxalq neft-qaz sərgisinin açılış mərasimində açıqlanıb. 1999-cu ilin sonundan 2011-ci ilin 1 aprelinədək Dövlət Neft Fondundan xərcləmələrin miqdarı 20 mlrd 135.1 mln manat olub.

Ümumiyyətlə isə, son 8 ildə Azərbaycanda dövlət büdcəsi ilə xərcləmələr (cəmi – 63 mlrd 327.2 mln manat) aşağıdakı şəkildə artıb (mln manatla):


İndi özünüz fikirləşin, bu qədər xərcləmələrin müqabilində həyatınızdakı müsbət dəyişmələr adekvatdırmı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG