Keçid linkləri

Vəkil Anar Qasımov son zamanlar fəal şəkildə bloq yazır. Bu dəfəki postu isə «işverənlər» barədədir:

«Gənclərin işsizlik problemi həll olunmaq üzrədir: Cabbar Savalanlıya 2 il yarım, Bəxtiyar Hacıyevə 2 il müddətinə iş verilib... Öz aramızdır, iş məsələsində Bəxtiyar Hacıyevə haqsızlıq olub, adam Okeanın o tayına adlayıb, Harvardı oxuyub gəlib, cəmi 2 il iş veriblər. Müddətin az olması bir yana, üstəlik iş yeri də əyalatdədir. Bakıda olsaydı, dərd yarı idi. Öz günahıdır, ağlı vardı, gəlməyəydi.

Bircə bu Avropa işə qarışmasa, işlər yaxşı olacaq. Eynulla Fətullayevin misalında bunun acı nəticəsini görmüşük. Bir neçə yerdən iş təklifi alan Eynulla fərasətli tərpənib işverənlərin hamısı ilə dil tapıb, üst-üstə 8 il yarım iş almışdı. Avropa tez şübhələnib işə qarışdı, sənəd-sünədi təftiş etdi. Aydın oldu ki, Fətullayev işverənləri aldadıb (jurnalistdəki fərasətə bax haa, hamını aldadıb), saxta sənədlərlə 8 il yarım iş alıb. Saxtakarlığa dözümsüz Avropa tez bir məhkəmə qurub Eynullanın dərhal işdən azad edilməsi barədə qərar verdi. Yenə də sağ olsun öz işəgötürənlərimiz!».

PREZİDENTLƏRİN TƏSADÜFİ OLMAYAN GÖRÜŞLƏRİ

Elnur Məcidli Azərbaycan və Ermənistan prezidentlərinin eyni gündə keçirdiyi görüşlərə diqqət çəkərək onların «eyni anda olmasının təsadüf olmadığını» deyir. Söhbət Azərbaycan prezidenti İlham Əliyev Brüsselə, Avropa Birliyinə, Ermənistan prezidenti Serj Sarkisyan isə Strasburqa, Avropa Şurasına eyni gündə səfərlər etməsindən gedir:

Prezidentlərin Kazan görüşü

«Hər iki səfər əslində bir şeyi göstərdi. Azərbaycan hakimiyyəti Qarabağ probleminin həllində artıq Rusiyaya deyil AB-yə, Qərbə daha çox güvənir. Ermənistan isə Qarabağ məsələsinin həlliylə bağlı proses sürətləndikcə Rusiyaya daha da yaxınlaşır».

AZƏRBAYCAN TOLERANTDIRMI?

Zaur Qurban hesab edir ki, Azərbaycan yadlara qarşı tolerant, yerlilərə qarşı qeyri-tolerantdır:

«Burada bir məqam diqqəti cəlb edir – bizimkilər xaricilərdən çox özümüzünkülərə qeyri-tolerantdılar. Buradan çıxan məntiqi nəticə odur ki, bizimkilər ona görə xaricilərə dözürlər ki, onları yad hesab edirlər, adam yerinə qoymurlar, yoxsa onları da qınaq atəşinə tutardılar».

AZƏRBAYCANIN «POTYOMKİN KƏNDİ»

Əli Novruzov bloqunda yazır ki, Bakı-Astara yolunda «Potyomkin kəndi» peyda olub. Daha doğrusu prezidentin həmin yoldan keçəcəyini bilən yerli məmurlar yol boyu «gözəlləşdirmə» ilə məşğul olublar:

«Və ənənəyə uyğun olaraq yol boyu ağaclar əhənglənib».

Aşağıdakı videoda ağacların əslində necə əhəngləndiyi daha yaxşı aydın olur:



20 QƏPİKLİK TUALET...

Natiq Cəfərli Bakı Avtovağzalında açılan «Outlet Mərkəzin»də olub və gördüklərindən təəccüblənib:

«Yarısından çoxu boş olan mərkəzdə havalandırma sistemi çalışmır, havası çox ağır və istidir, amma məni şoka salan o oldu ki, tualetlər pulludur, 20 qəpikdir. Dünyada analoqu olmayan addımdır, bunların gözü nə vaxt doyacaq ki, heç olmasa insanların təbii tələbatlarından qazanmasınlar və alış-veriş mərkəzində pullu tualetlərin absurd olmasını anlasınlar?».

Bu həftə bloqqerlər regionlardakı vəziyyətə də diqqət çəkiblər.

YAMYAŞIL ŞƏKİ

Jalə Nəcəfova yayın qızmar vaxtı Şəkini, Marxalı elə təsvir edib ki, elə bu an orda olmaq istəyirsən:

«Şəkinin mərkəzi çox maraqlıdır. Binaların əksəriyyəti Şəkiyə məxsus olan qədimi üslubda qırmızı kiçik kərpiclərdən tikilib və üzərindəki naxışlar da elə qədim Şəkiyə məxsus naxışlardır. Bu üslubda binaları hər yerdə görə bilərsiz. Şəkidə ən çox rast gələ biləcəyiniz Şəki paxlavası sexləridir. Almaq istəsəniz 1 kq-lıq 4 AZN, 0,5 kq-lıq 2 AZN-ədir. Təzyiqi yüksək olanlara tövsiyə edilmir. Bu yay istirahətə getmək istəsəniz Şəkini seçin deyərdim».

İmişli

İMİŞLİDƏKİ ƏCAİB QURĞU

Müşviq Məmmədov İmişlidə iki aydır qurulan, ancaq yararsız qalan «əcaib qurğudan» yazır:

«Bu şəkildə gördüyünüz qara qurğu artıq 2 ay olar İmişlinin mərkəzi H. Əliyev küçəsinə qurulub. Yalnız bir dəfə ölkə başçısının rayona səfəri zamanı işə düşmüşdür. Onda da ancaq parad göstərilmişdi. İndi xalq arasında bunun təyinatı barəsində müəyyən söz - söhbətlər gəzir.. Bəziləri deyir ki, bu məşhur rus rəssamı Kazimir Maleviçin «Qara Kvadrat» əsərinə parodiyadır, bəziləri deyir ki, bunun kosmosla əlaqəsi var, İmişlini bəd ruhlardan qoruyur, və müalicəvi effekti var. Yəni ki, aşağı tərəfində 10-15 dəqiqə otursan soyuq dəymən çıxar. Bilmirsən hansına inanasan. Sizcə bu nə üçündür?

Əslində bu qurğu açılışdan sonra bəxti bağlanmış yeganə fiqur deyil... Olimpiya kompleksin (ağzı qıfıllıdır), Saatlı-İmişli yolun (yamaq-yamaqdır) bu qəbilə aid etmək olar».

HƏMÇİNİN OXU:

Azərbaycan hakimiyyəti və müxalifəti üçün «yol xəritəsi»
«Trubalar» arasında sıxılanlar
Dissidentlərin gücü
Demokratiyanın təmizlik işləri
Siqaretin "müəmmalı" zərəri
Yaxşı olmaq çətindir (ona görə də arqument lazımdır)
XS
SM
MD
LG