Keçid linkləri

Statusu hələ də müəyyən olunmamış Xəzər yenidən siyasətçilərin və transmilli şirkətlərin maraq dairəsinə daxil olur. Onun böyük neft, eləcə də qaz hövzəsi olması artıq hamı üçün şübhəsizdir. İndi gündəmə Xəzərin tranzit imkanları gəlir, bu su hövzəsi vasitəsilə Orta Asiya qazının Avropaya nəql olması nəzərdə tutulur. Amma indidən hiss olunur ki, Avropanın bu böyük enerji layihəsi heç də asan başa gəlməyəcək. Maneələr çoxdur – onlar həm siyasi, həm də iqtisadi-kommersiya xarakteri daşıyır. Bu günlərdə Bakıda rəsmi səfərdə olan ABŞ rəsmisi E.Şapironun da bu xüsusda, xüsusən də bu hövzədə təhlükəsizlik məsələləri ilə bağlı müzakirə açdığı bildirilir. Amma bu müzakirələrin perspektivi artıq indidən müəyyən pessimizm yaradır, çünki kiçik dövlət olan Azərbaycan böyük güclərin münasibətlərinin çözülməsinin iştirakçısı olmaq məsələsində həmişəki kimi tərəddüd edir. Tərəddüdün həm obyektiv, həm də subyektiv səbəbləri var.

RUSİYA VƏ İRAN XƏZƏRDƏ GÜCÜNÜ NİYƏ ARTIRIR?

Bu yaxınlarda Rusiya Xəzərə bir neçə yeni hərbi gəmi buraxıb. İran da bir az irəli gedərək Xəzərlə bağlı xüsusi hərbi komandanlıq yaradıb. Təbii, Rusiya və İran heç də səmimi müttəfiqlər deyillər, amma onlar açıq qarşıdurma və rəqabət şəraitində də deyillər. Rəqibləri sıralamış olsaq, Rusiya üçün İran ən axırda gələr. Sözsüz ki, İranla Rusiya arasında əsrlik geosiyasi rəqabət var. Rusiya daim İranın qonşu müsəlman ölkələrinə təsirinin artmasından təlaş keçirir, bundan narahat olur. Amma bu, uzaq perspektivin məsələsidir. Yaxın perspektivə baxsaq, əksinə, Rusiya ilə İranın kifayət qədər müttəfiq olduğunu da görərik, çünki onların bir ümumi rəqibi var – Avropa və bir də ABŞ. Ümumi rəqib qarşısında bu ölkələr hətta birləşə də bilərlər. Çox maraq kəsb edən detaldır ki, regional müzakirələrdə Xəzərin demilitarizasiyası çox önə çəkilib.
Rusiya və İran heç də səmimi müttəfiqlər deyillər, amma onlar açıq qarşıdurma və rəqabət şəraitində də deyillər
Amma buna rəğmən hər iki dövlət - İran da, Rusiya da Xəzərdə hərbi iştirakını artırır. Çox güman ki, bu, təsadüfi deyil. Qazın Xəzərin dibi ilə nəqli artıq indidən hər iki ölkəni düşündürür, çünki onlar bilirlər ki, bu xəttin çəkilişindən sonra onun mühafizəsi məsələsi gündəmə gələcək. Məsələnin belə qoyuluşu isə ABŞ-ın Xəzər hövzəsinə yolunu açır. Amma təbii ki, heç bir halda ABŞ Xəzərdə bilavasitə iştirak etmək fikrinə düşməyəcək, çalışıb bu məsələni bölgə dövlətlərinin öhdəsinə buraxacaq. Bu missiyaya elə ilk namizədlərdən biri də Azərbaycandır. Amma əvvəldəcə qeyd etdiyimiz kimi, Azərbaycan tərəddüd edir.

AZƏRBAYCANIN TƏRƏDDÜDÜNÜN SƏBƏBİ NƏDİR?

Azərbaycan hələ qazın nəqli marşrutu ilə bağlı müəyyən qənaətə gəlməyib. Ona bu ilin oktyabr ayına qədər vaxt verilib. Oktyabr ayında Azərbaycan öz fikrini açıqlamalıdır. İndi onun açıq bəhanəsi əsasən kommersiya xarakteri daşıyır – Azərbaycan elə marşrut seçmək istəyir ki, qazın nəqli ona ən aşağı qiymətə başa gəlsin. Amma səbəb təkcə budurmu? Bəzi ehtimallara görə, bu, yeganə səbəb deyil. Artıq iqtisadi böhrandan çıxmış və özü üçün də kifayət qədər valyuta ehtiyatı toplamış Azərbaycan artıq böyük layihələri əvvəlki dövrlərdən fərqli olaraq bir çox problemlərlə, o cümlədən Qarabağ problemi ilə şərtləndirir. Bir növ qaz əvəzinə Qarabağ siyasəti yürüdülür. Lakin çətin ki, Avropa ölkələri bu qədər ağır şərt altına girmiş olsunlar. Amma onların son vaxtlar Qarabağ probleminin həlli ilə daha artıq maraqlanması bunu da bir ehtimal kimi istisna etmir ki, prinsipcə, AB qazın müqabilində Qarabağa olan diqqətini artıra bilər.
Azərbaycan hələ qazın nəqli marşrutu ilə bağlı müəyyən qənaətə gəlməyib
Təbii, söhbət diqqətin artırılmasından gedir, zira rəsmi Bakı üçün bu da az əhəmiyyət kəsb etmir. Azərbaycanda elə əvvəllər də, məsələn, neft amilindən Qarabağ problemi üçün yararlanmağa çalışır və bunu bir vasitə kimi heç vaxt yaddan çıxarmırdılar. Amma əvvəllər vəziyyət elə idi ki, dövlət hədsiz dərəcədə neft gəlirlərinə ehtiyac duyurdu, ona görə də son anda layihələri sürətləndirmək zərurəti meydana çıxdı və bu səpkidə Qarabağ problemi bir növ arxa plana keçdi. Amma indi vəziyyət dəyişib və bir az əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan Qərbin maliyyə yardımına o qədər də, ən azı əvvəllər olduğu kimi ehtiyac duymur. Amma başqa xırda da nüanslar var ki, bunları da unutmaq olmaz.

AZƏRBAYCANIN DAHA BİR TƏRƏDDÜDÜ

Azərbaycan üzərinə hansısa ağır geosiyasi yük götürmək istəmir. Bunu bir az başa düşmək mümkündür, çünki Azərbaycan Xəzərdə Rusiya və İranla bərabərləşə bilməz. İkinci haqqında bir az düşünmək olarsa, birinci ilə bağlı – Rusiya ilə bağlı hətta düşünməyə də dəyməz. Ona görə də bu ölkə ABŞ –ın Xəzərlə bağlı təkliflərinə, Xəzərin mühafizəsi haqda planlara hədsiz dərəcədə ehtiyatla yanaşır. Bu da səbəblərdən biridir. Rəsmi Bakı böyüklər ilə mübahisəyə girişmək istəmir, elə bu səbəbdən də bu yaxınlarda ölkəni neytral dövlətlər blokuna üzv etdi. Bundan sonrasa Azərbaycanın hansısa hərbi alyansda olmasını təsəvvür etmək çətindir, o, böyük güclərdən yalnız bərabər məsafədə olmağı arzulayır. Amma seçim bir çox hallarda bərabər məsafə saxlamağa imkan vermir, xüsusən də nəzər alanda ki, oktyabr ayına bir o qədər də çox qalmayıb...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG