Keçid linkləri

«AZƏRBAYCAN BRENDİ DƏ ELƏ NARDIR»

Azadiq «NAR» haqda yazmağa qərar verib və bu meyvəni «parlament yox, məhz prezident idarəçiliyinin simvolu» adlandırır:

«Belə baxanda adi meyvədir. Amma dərinə gedəndə görürsən ki, təkcə meyvə deyil, Azərbaycanın özüdür. Əliyevlər səltənətinin metafizik simvolikasıdır.

Nar özü kürə şəklindədir. Kürə mükəmməlliyi bildirir. Hər tərəfi bərabərdir. Amma Azərbaycan adlı ölkədə hər kəs bərabər ola bilməz axı. Narın zirvəsinə baxın. Orda təbii tac görəcəksiniz. Narın tacı kralın bütün ölkə üstündə bərqərar olmasına işarədir. Konstitusiyaya edilən son dəyişiklikləri nəzərə alsaq artıq bizim fövqəladə kralımız var. Sadəcə adı prezident olduğundan tac taxmır. Bu səbəbdən nar alma, portağal ilə müqayisədə ideal meyvədir...

Narın içinə fikir verin. Nar bütöv olsa da, onun daxili şəffaf pərdə ilə bir neçə bərabər hissəyə ayrılmışdır. Bu isə Azərbaycanın müxtəlif nazir-oliqarxların idarəçiliyi altında kurasiyalara bölünməsi müəmmasını açır. Vahid tac isə bütün bu hissələri bir nöqtədə birləşdirir. Pərdələrin daxilində dənəciklər(azərbaycanlılar) bərqərar olub. Ağızları nədir ki, biri o birisinin zonasına daxil olsun».

DİREKTOR AXTARIŞINDA

Arxiv foto
«Xırdalandakı 1 saylı məktəbin direktoru bir müddət əvvəl işdən çıxarılıb. Bu adam əvvəllər azadlıqdan məhrumetmə müəssisəsində dərs dediyindən məktəbi də «nadzor» qaydasında idarə edib. Pulgirliyi sərhəd tanımır. Deməli, bu adam özbaşına 6 dənə sinif açıb» deyə Zaur Qurban yazır və əlavə edir ki, bunları o zaman öyrənib ki, həmin məktəbin indi boş olan yerinə direktor düzəlməyin qaydaları haqqında eşidib:

«Deməli, həmin məktəbə direktor keçmək üçün hal-hazırda istənilən məbləğ 30.000 (otuz min) yeni Azərbaycan manatıdır. Baha görsənsə də, izah olunur ki, burada əslində şok endirim var.

Belə ki, eks- direktor məktəbdə belə qayda qoyub: hər ay (müddətə fikir verin, HƏR AY) fond pulu olaraq hər müəllim 5 manat, hər şagird 1 manat verməlidir. Məktəbdə 360 müəllim, 3600 şagird var. Deməli, müəllimlər hər ay cəmi 1800 manat, şagirdlər isə cəmi 3600 manat verirlər. Bu da edir, 5400 manat. Məlumatı verən adam hesablayır ki, bunun yarısı direktora qalsa, ayına 2700 manat edir. Yalnız fond pulu ilə direktor keçmək üçün verilən 30.000 manatı 12-ci aya çıxarmaq olar. Hələ bunun attestat pulu, birinci sinfə götürmə pulu, imtahan pulu, 11-cilərin qaib pulu və s. və i.a. pulu var. Yəni qiymət çox insaflıdır. Sezondur, qaçırmaq olmaz».

İCTİMAİ PALATADA OLMAĞIN ZƏRURİLİYİ

Ərəstun Oruclu İctimai Palataya üzv olmağımın tək bir səbəbin qurumun onun da seçdiyi və dəstəklədiyi hədəflər uğrunda mübarizə aparmasıdır, deyə yazır:

İctimai Palata. Arxiv foto
«Bu qərarın haqlı olmasına əminliyim isə günü-gündən artır və hakimiyyətin komandası (tapşırığı) ilə İP-nı tərk edənləri görüncə vaxtilə atdığım bu addımın nə dərəcədə düzgün olduğunu bir daha anlayıram. Çünki bu gün bu qurumu tərk edənlər əsasən o şəxslərdirlər ki, dostlarım cəmi bir neçə gün əvvəl mənim onlarla bir sırada olmağımı istəmədiklərini demişdilər. Azərbaycan hakimiyyəti məni bu qınaqdan azad etdi».

AZƏRBAYCANDA QADIN OLMAQ

Etibar hesab edir ki, Azərbaycanda qadın olmaq qəliz məsələdir. Səbəbini də belə izah edir:
«Azərbaycan xalqının Milli Mentalitet kimi böyük milli, mənəvi, bədəni, səməni dəyəri var. Qadına böyük dəstək verilir. Onun oxumasına, təhsilinə, azadlığına və digər istəklərinə.

Azəri kişilər öz qızlarına, həyat yoldaşlarına hər zaman böyük üstünlük veriblər ailədə. Adi misal kimi, həyat yoldaşına Arvad deyib ona olan sevgisini, hörmətini göstərir…

Azəri qadınları, qızları da, mentalitetin qayğısına hər zaman qalıblar. Hər zaman seviblər ki, onları qul yerinə saysınlar. Azadlığı sevməyiblər. Çadrasını da, atanda çoxu dəb xatirinə edib. Səmimi azadlığı anlayan o zamanda az idi, indi də azdır. Səmimi olanlar çox açıqca görünür».
XS
SM
MD
LG