Keçid linkləri

Bakının üç iddialı Qarabağ açıqlaması


Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü, 24 iyun 2011

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü, 24 iyun 2011


Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının uğursuz Kazan görüşünün ardından tərəflər arasında informasiya savaşı güclənib. Kazan görüşündən sonra daha tez tərpənən Ermənistan rəsmiləri Tatarıstan paytaxtındakı uğursuzluğu Azərbaycan hakimiyyətinin üzərunə yükləməyə çalışdılar, bu həftə isə təşəbbüsü rəsmi Bakı ələ alıb.

Əvvəlcə dövlət başçısı İlham Əliyev danışıqların gedişatı haqqında ictimaiyyətə geniş məlumat verdi, ardından xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın “İnterfaks” agnetliyinə müsahibəsində maraqlı təşəbbüslə çıxış etdi, bu arada isə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov etirafı dilə gətirdi...

İlham Əliyevin açıq söhbəti...

İlham Əliyevin hökumətin son iclasında “mən hesab edirəm ki, vaxt gəlib çatıb, bu barədə biz açıq danışmalıyıq” sözləri ilə Dağlıq Qarabağla bağlı aparılan danışıqların təfərrüatlarını ictiamiyyətə açıqladı.

Birincisi, prezident Praqa prosesindən bu yana danışıqların trayektoriyasını cızdı, kiminlə nə zaman fikir mübadiləsi apardığını vurğuladı.

İkincisi və ən vacibi o Yeniləndirilmiş Madrid prinsiplərinin mahiyyətini geniş şəkildə açıqladı, plandakı bəndləri ard-arda sadaladı, Dağlıq Qarabağa veriləcək aralıq statusdan söz açdı. Sonuncu razılaşma rəsmi Bakının ən böyük güzəşti sayıla bilər. Çünki, aralıq statusu bölgənin faktiki bir müddət heç kimə tabe olmaması anlamına gəlir və Azərbaycan ictimaiyyətində bununla bağlı narahatlıq var.

İlham Əliyevin çıxışındakı “indi yeni vəziyyət yaranıb, Azərbaycanın isə yenə də konstruktivlik göstərdiyi diqqətə çatdırılıb” sözləri də yadda qalan oldu. Görəsən bu nə yeni vəziyyətdir və danışıqlarda Azərbaycan üçün hansı təhlükələr vəd edir?

Dövlət başçısı Azərbaycan üçün uğurlu sayılan və mərhələli həlli ehtiva edən 2009 və 2010-cu illərin danışıqlar prosesinin mahiyyətindən geniş danışsa da, 2011-ci ilin Soçi və Kazan görüşlərinin üstündən tez keçdi. Görünür, bu ondan xəbər verir ki, danışıqların son raundunda rəsmi Bakının sualları artıb.

Digər bir məqam Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə bağlıdır. İlham Əliyevin bu vasitəçilikdən razı qalıb-qalmadığı aydın deyil, rusiyalı həmkarının ona göndərdiyi məktubun məzmunu da sirr olaraq qalır.

Kremlin Ermənistan hakimiyyətinə təzyiq etmədiyi aşkardır. Halbuki, rəsmi Bakı illərdir Kremldən məhz bunu gözləyir. Məsələn, İlham Əliyev son çıxışında 2010-cu ilin Soçi görüşündən danışarkən, belə bir ifadə işlədib: “2010-cu ilin yanvar ayında Soçidəki üçtərəfli görüşdə Azərbaycan Yenilənmiş Madrid prinsiplərini qəbul etsə də, Ermənistan bu prinsipləri qəbul etmədi və bundan sonra danışıqlarda müəyyən durğunluq yarandı”.

İlham Əliyev əvvəllər 2010-cu ilin Soçi görüşündən danışarkən fərqli ifadə söyləmişdi: “Ermənistan prezidenti Yenilənmiş Madrid prinsiplərinə münasibət bildirmək üçün 2 həftə vaxt istəyib”.

Belə çıxır ki, Sərkisyan bu prinsipləri heç zaman qəbul etməyib. Əgər belədirsə onda bu gün danışıqlar konkret hansı istiqamətdə aparılır? Bir başqa sual da aktualdır: Kreml Yeniləndirilmiş Madrid prinsiplərini danışıqlarda əsas kimi götürürmü? Çünki, Azərbaycan rəsmilərindən fərqli olaran rusiyalı rəsmilərin dilindən “Yeniləndirilmiş Madrid prinsipləri” ifadəsini eşitməmişəm.

...Elmar Məmmədyarovun tələskənliyi...

Xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks”a müsahibəsində tərəflərin çərçivə sənədi və ya başqa deyimlə “yol xəritəsi” üzrə ortaq məxrəcə gəlmədən də sülh sazişi üzərində çalışmalara başlamağın mümkünlüyünü bildirib. Nazir bu mövqeyini onunla izah edib ki, danışıqlarda müəyyən irəliləyişə nail olunub və bu sülh sazişinə çıxmağa imkan verir.

Əlbəttə, nazirin dediyi Azərbaycan üçün ideal variant olardı. Hazırda masa üzərində razılaşdırılan məsələlər mərhələli həllin elementləridir – işğal altındakı torpaqların boşaldılması, kommunikasiya xətlərinin açılması, qaçqınların geri dönməsi və s. Ancaq problem də ondadır ki, danışıqlar “xalqların öz müqədərratlarını təyin etmə” maddəsində ilişib və Yerevan bu bənddən əl çəkmir, böyük dövlətlər, o cümlədən Rusiya buna görə Ermənistan hakimiyyətinə təzyiq etmək istəmir. Ona görə də Elmar Məmmədyarovun “gəlin sülh sazişinə çıxaq” açıqlamasının effekti yoxdur.

... Müharibənin qeyri-mümkünlüyünə toxunan Əli Həsənov

Bu həftə daha bir maraqlı açıqlama Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdan gəlib. Azərbaycan rəsmisi “Trend” agenltliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib: “Münaqişənin həllinin Azərbaycanı tam qane etməsi üçün gərək Azərbaycan müharibəyə başlasın, işğal altında olan bütün əraziləri azad etsin və Ermənistanı bizi qane edən sülh sazişini imzalamağa məcbur etsin. İndiki şəraitdə isə bu, qeyri-mümkündür”.

Bunu bir cümlə ilə belə ifadə etmək olar: “Azərbaycan müharibəyə başlamayacaq”.

Bu il martın əvvəllərində keçirilən Soçi görüşünə qədər rəsmilərimiz müharibə ifadəsini tez-tez işlədirdilər. Milli Məclisin vitse-spikeri Ziyafət Ələsgərovun Soçidən öncə az qala müharibə anonsu vermişdi və kütləvi informasiya vasitələri günlərlə bundan yazmış və reportajlar yaymışdılar.

Hazırda isə Əli Həsənov müharibənin başlamayacağını “indiki şəraitlə” (görünür Soçi görüşündən öncə şərait fərqliydi – E.Ş.) əlaqələndirməklə reallığa işarə edir. Müharibəni mümkünsüz edən reallıqlar sırasında isə böyük dövlətlərin bölgədəki fərqli maraqları, Rusiyanın Ermənistana açıq və gizli dəstəyi, İranın mümkün müharibədə Azərbaycanın zəifləməsində maraqlı olması, enerji resurslarının və onların daşınma yollarına təhdidlərini və s. halları saymaq olar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG