Keçid linkləri

Fidan mobil operatorların eyni xidməti çox böyük fərqlə təklif etdiyini yazır. «Bakcell 72 manata, Azercell 27-yə, Nar Mobile isə 10 manata»:

«Bundan başqa, son vaxtlar bir şeyin şahidi olmuşam. Bir operator nə edirsə, o biri onun oxşarını edir. Elə bil bəhsə-bəhsdirlər. Məsələn, Nar Mobile ilə Azercell. Elə bil yarış keçirirlər.

Bu fotoda Bakcell-ə bir sözüm var: «No comment!» 72 AZN (!) Nar Mobile-ın Bomba10-da danışıq paketində deyirlər ki, bir ayda 10 manat yükləsək, 600 dəqiqə şəbəkədaxili, 300 dəqiqə isə ölkədaxili (o biri operatorlar) danışa bilərik.

Azercell-in Yay kampaniyası isə deyir ki, SimSimçilər cəmi bir ay ərzində (4 iyul-4 avqust) 10 manata bütün operatorlarla dəqiqəsi 3 qəpikdən danışa bilərlər.
Bir sual maraqlıdır! Amma niyə bir ay?! Əgər Azercell bir aylıq bunu edə bilirsə, deməli yarandığı vaxtdan bəri (15 il) edə bilərdi də… Amma eləmir. İndi bircə aylıq ağzımızı şirin edir, qalan aylar isə yenə soyulacağıq.
Fidan adlı bloqqerin hazırladığı cədvəl


Bu «hamam suyu ilə dost tutmaq» məsələsinə oxşayır. Yəni edə bilərik, amma etmirik!»

AZERCELL&NARMOBİLE DAVASI

Əziz də Azərbaycanda mobil rabitə operatorları arasında amansız mübarizədən yazıb:

«Nədənsə Azercell bu dəfə 1 aylıq riskə getdi. Hər halda çox gözəl başa düşürlür ki, Azercell-in 1 aylıq etdiyi güzəştə qarşı tərəf 3-4 hətta 5 aylıq edə bilər. Test olaraq 1 ay istifadəyə qərar verdi. Əgər gəlirləri yaxşı olsa düz sözümdür, kampaniya sentyabra qədər uzanacaq. Burda «xodu» peşka (şahmatda ən zəif piyadalara deyilir) abunəçilər gedəcək. Amma istəməzdim, piyadalar sonda «ölsünlər»».

«HAKİMİYYƏTLƏ, YOXSA VALİDEYNLƏRLƏ MÜBARİZƏ APARAQ?»

Ülvi Hipermilli yazır ki, Azərbaycanda valideynlər gənclərin demokratiya uğrunda fəaliyyətlərinin qarşısını almaq üçün hər vasitəyə əl atırlar. Belə də əsaslandırırlar ki, «övladım mənim canım-ciyərimdi, istəmirəm ona ziyan gəlsin»:

«Turizm İnstitutunu məhkəməyə verəndə iddia ərizəsinin üstünə iki ünvan yazmışdım. Biri qeydiyyatda olduğum ünvan, biri də indi Bakıda yaşadığım ünvan. İki-üç gün əvvəl anam zəng edib dedi ki, bəs məhkəmədən bildiriş gəlib ki, institutu məhkəməyə vermisən. Başladı dayanmadan danşmağa:

Gənclərin etiraz aksiyası
- Sən nə işlə məşğulsan orda? Bəs deyil, universitetdən qovuldun, neçə gündən bir polislər gəlir evə. Səni kimlər öyrədir, kimlərə arxayın olmusan? (Anam elə dedi elə bildim Qəbələdə ayı əti yeyirəm)... İndi adam bilmir YAPplanetlilərlə mübarizə aparsın, yoxsa ölkədəki iyrəncliklərə, haqsızlıqlara səsini çıxara bilməyən, ancaq özündə bir az cəsarət tapıb mübarizə aparmaq istəyən gənclərə təzyiq göstərməyi peşəyə çevirən valideynlərlə?».

YAY MƏHKƏMƏLƏRİ

Bəyim Həsənli yazır ki, yay tətilinin 50 faizini Bakı və Sumqayıt məhkəmələrinin önündə, bəzən də içində keçirib. Eyni zamanda kukla teatrında, komik tamaşalarda da olub: «Hakimlər aktyor, şahidlər kukla olublar»:

«Ən gözəl analarla, ən gözəl qardaşlarla, ən gözəl körpələrlə dayandım məhkəmə binalarının qarşısında. Ən isti anlarda belə ürəyimizə sərinlik gətirirdi ümidlərimiz, azadlıq eşqimiz. Bu yay isti keçmədi, hocam. Kondisionerli ofislərdə, evlərdə oturmadım, amma bu yay heç isti keçmədi mənim üçün. Onların gülüşündə, baxışında tapdım o sərinliyi. Hocam, siz heç gülən əli qandallı insanlar gördünüzmü? Amma mən gördüm bu yay. Atasının məhkəməsinə gəlib, parkda oynayan iki yaşlı uşaq gördünüzmü? Atası vicdan məhbusu olan bir körpənin əlini tutdunuzmu? Mən bu yay bunları etdim».

İmişli
PARALEL KÜÇƏLƏR

İmişlidən yazan bloqçu Müşfiq bu dəfə rayonun antisanitariyasını hədəfə alıb. Yazır ki, prezidentin rayona gözlənilən səfəri ilə əlaqədar yollar təmir olunsa da, abadlaşdırma işləri aparılsa da «gözdən-könüldən uzaq məhəllələrdə» vəziyyət acınacaqlıdır:

«Vaxtilə aqrar məqsədləri ilə tikilmiş və təmiz su axan kanal, indi çirkab və antisanitariya mənbəyidir. Üfunət iyi insanı bihuş edir. Suyun üzərində bütün əşyalardan və ölü canlılardan görmək olar. Kanal boyu yol isə zibilliklər bulvarını xatırladır. İnsanlarda heç bir etiraz etmədən bu yolla işə, bazara, rayon mərkəzinə gedib-gəlirlər. Məncə istifadəsiz displeylər qurmaqdansa insanları düşünsələr daha yaxşı olar».
XS
SM
MD
LG