Keçid linkləri

DÜŞMƏNÇİLİYİ SOYUTMAQ ÜÇÜN İKİ UĞURSUZ DEYİM

Tbilisidə ermənilərin də iştirak etdiyi bir konfransda Qafqazı yaxşı tanıyan bir alman eksperti söylədi ki, başqa millətin kişisinə (qadınına) nifrət edənin yadına düşməlidir ki, o, da sənin kimi adamdır. Erməni və azərbaycanlı konflikti ilə bağlı yaranmış və guya qəzəbin üstünə soyuq su səpən «onlar da adamdır» deyiminin «hikməti» məni darıxdırdığı üçün cavabında söylədim ki, bizim konfliktlə bağlı konfranslarda artıq məni əsnədən iki səki-sağaldıcı deyim gəzir. Birinci deyim azərbaycanlıların, ya ermənilərin yadına salmaq üçündür ki, o birisi də adamdır. O biri deyim isə bildirir ki, ikimiz də bir-birimizin tayıyıq.

Birinci deyim humanizmi köməyə çağırır, ikinci deyim isə ermənidə və ya azərbaycanlıda nifrəti körükləyən «hansımız yaxşıyıq» düşüncəsini söndürməyə çalışır. Mən neçə kuluar söhbətində görmüşəm ki, erməni və azərbaycanlı bir-birinə bu etirafı ediblər ki, düşmənçilik nifrətindən sağalsınlar.

NORVEÇİN İMİCİ

Norveçdə ultramillətçi Andres Berinq Breyvikin (1995-də isə Oklahoma-sitidə Timoti Matveyin və Terri Nikolsun) törətdikləri qırğınla Bakıda Fərda Qədirovun Neft Akademiyasında öz millətindən olan insanları öldürməsi arasında oxşartı da düşüncə oyatdı ki, hamımız bir-birimizin tayıyıq. Bu düşüncə, əslində, gəlişmiş uyqar (sivlizasiyon) Batını gericil İslam Doğusuna qarşı qoyanlara yönəlmiş bir deyimdir. Ancaq başqasındakı pislə öz pisini ovunduran adamlarla, psixolojilərlə mənim işim yoxdur. Mənim işim Norveç olayından saçan bilinmələrə (mənalara) QULAQ tutmaqdır.

Dünyada çox ölkələrdə qırğın olur və biz artıq ekran qabağında oturub yeyə-yeyə bu qırğınlara tamaşa etməyə öyrəşmişik. Bu fonda Norveç olayına Azərbaycan demokratiyasevərlərinin reaksiyası, güman, daha duyğulu oldu. Bir səbəb isə bir adamla bağlı idi: Norveçin əski elçisi Steynar Gil bu ölkənin imicini elə edib ki,
Osloda uşaqlar abidəsi, 23 avqust 2008
dediyim azərbaycanlıların qətliama görə dərindən heyfsilənməsi səbəb-nəticə zəncirinə düzüldü.

Beləliklə, adam var ki, ölkəsinin başına fəlakət gələndə, dünyanın min yerində ona görə ürəkdən heyfsilənənlər olur. Adam da var ki, fəlakətə görə sevinir. Bu yerdə gəlin hesaba vuraq, bizim tanınmışlarımızdan nə qədəri elədir, nə qədəri belədir və nə qədəri də o cürdür ki, ölkə imicinə nə onu verir, nə bunu.

Norveç dövləti yurdaşlarına qayğısı ilə tanınır. Norveçi Cənnət əlamətlərində tanıdanlar da az deyil. O biri yandan, başqa Skandinaviya ölkələri kimi, Norveçi də problemsiz yaşamdan darıxan, boşalan, özünü öldürmək düşüncəsinə düşən insanlarla dolu sayanlar az deyil.

PSİXİ SAĞLAMLIQ HAQQINDA YANLIŞLARDAN

Norveç olayı bir daha sağlam və xəstə psixika məsələsini yadıma saldı. Freydizmə görə, sağlam psixikada olan adamdan xəstə psixikada olan kəs onunla fərqlənir ki, sağlam adam ağlına gələn düşüncə və görüntüləri dünyadakılarla tutuşdurmağa çalışır.

Məsələn, ağlına gələndə ki, bütün fransızlar və ya hollandlar mavidir, bunu gerçəkliklə tutuşdurur (bir rus jurnalisti qırmızı-qırmızı üzümə demişdi ki, Rusiyada da biz və gürcülər haqqında belə düşünənlər az deyil). Beləcə, insan anormal psixikaya düşəndə, dünyanı «görmür». Gördüyü yalnız bilincindəki şəkillər olur. Yəni, şüurunu tək doğru gerçəklik sayır. Yəni, gözünü «bilinci örtür» və bu bilinc pərdəsinin arası, kəsiyi, deşiklər olmur ki, dünyadan da işıq düşsün. Ona görə də belə avropalı «bütün müsəlmanlar terroristdir» deyimini bütün müsəlmanlarla bağlı doğru sayır. İlkin bilgilər göstərir ki, Andres Breyvik anlaqlı olsa da, adekvatlıq axtarışında olmayan bilinclə gəzirmiş.

ANORMAL BİLİNCLƏRƏ BAŞQA ÖRNƏK

Niyazi Mehdi
Bizim, eləcə də bəndənizin danışığında zibil-sözlər kateqoriyasına düşmüş kəlmə var – «əslində». Bir ara baxdım ki, çox tez-tez «əslində» deyirəm. Araşdırandan sonra anladım ki, məndə düşüncəsiz, bilincsiz olaraq dünyadakı mahiyyətləri (əslini) tapmaq iddiası var və bu iddia hər kəlməmdə mənə «əslində» sözünü dedirtdirir (elə adam da var ki, iki-sözdən bir «üzr istəyirəm» deməkdən bayıldığı üçün, bilmədən, onu dilində zibil sözə çevirir, səbəbi isə nəzakətli görünməkdən ləzzət almasıdır).

Freydizm aydın edir ki, ən sağlam bilincin daşıyıcıları da anormal psixikanın azarına tutulurlar. Məsələn, normal professordur, ancaq alim «nərgizliyi» (narsistliyi) var. Çox düşünürdüm, nədən Azərbaycan TV-lərində aparıcılar, müğənnilər ət tökürlər – bu yerdə tapdım:

Azərbaycan şou proqramları narsist sifətlərlə, danışıqlarla, ədalarla dopdoludur - ona görə!

Onun üçün də şou-proqramlarda balans yaranmalıdır ki, biri nərgiz olanda, o birisi özü ilə məzələnən olsun.

UYQARLIĞA PSİXİ ANORMALLIQLARIN QORXUSU

Demək istədiyim odur ki, Freydi və onun tələbələrini oxuyanda, görürsən ki, psixi yöndən sağlam adam yoxdur! Sadəcə, sağlam anları, sağlam durumları çox olan, tez-tez təkrarlanan adamlar var. Belələrini sağlam sayırıq, sağlam durumları az rastlanan adamları isə tərsinə. Burdan çıxan sonuc: bütün kültürlərdə sağlam bilincini 5 dəqiqə, 10 dəqiqə, bir gün, beş gün itirən adamların (bizlərin) böyük təhlükələri var.

Azərbaycan, Gürcüstan, Ermənistan kimi ölkələrdə isə insanların təbii olaraq anormallığa düşməsinə öz azman stimulunu dövlətin iqtisadi-sosial siyasəti verir. Norveç kimi məmləkətlərdə isə bu anormallıqlar daha çox «təbii faizdə» qalır. Ancaq necə etməli ki, bu təbii faizdə qalan psixi durumların təhlükəsi heçə ensin – uyqar dünya bunu hələ də tapammır. Baxmayaraq ki, bu qədər sağaldıcı kitablar, bu qədər sağaldıcı filmlər çəkilir.

Bizdə isə sağaldıcılıq funksiyasını guya yerinə yetirməli olan tok- şoular, müğənniləri cəh-cəhə salan proqramlar əslində, narsistik viruslarla uşaqları, kənddəki, şəhərdəki gəncləri yoluxdururlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG