Keçid linkləri

Balaca millət böyük faciə qarşısında

  • Ayaz Əhmədov

Oslo.Hadisə zamanı ölənlərin anım mərasimi

Oslo.Hadisə zamanı ölənlərin anım mərasimi

Bu hadisəni artıq Norveçin 11 sentyabrı adlandırırlar. İkili cinayətdən dərhal sonra, hələ hamının ağlına islam ekstremistləri gələndə baş nazir Jens Stoltenberg qəzəblə dedi:

«Biz balaca, amma məğrur millətik və heç kimə yol vermərik ki, bizi qorxutsun, bizi Norveç olmaqdan çəkindirsin».

Norveçlilər özləri haqda «Balaca millət», «Balaca Norveç» təbirini tez-tez işlədirlər və bu zaman əhalinin sayını nəzərdə tuturlar. Ərazisi xəritədə böyük görünsə də, Norveçin əhalisi həqiqətən də azdır – təqribən 4,5 milyon.

2011-ci il iyulun 22-də balaca Norveç xalqı böyük bir fəlakətlə üz-üzə gəldi.

HADİSƏ BELƏ BAŞ VERDİ


22 iyul. Cümə günü yerli vaxtla saat 15.27 (Bakı ilə Oslo arasında zaman fərqi 3 saatdır) güclü partlayış Norveç paytaxtının mərkəzini lərzəyə gətirir... Əslində buna güclü partlayış demək də düzgün olmazdı, çünki adətən TV görüntülərdə bu ifadə altında böyrü üstə aşan maşın və ya dağılan bir bina təqdim olunur. Burada isə bütöv bir məhəllə dağılmışdı.

Partlayışın mənbəyi hökumət binasının qarşısında dayanan avtomobil olur. Şahidlər deyir ki, partlayışdan bir-neçə dəqiqə əvvəl maşından polis geyimli şəxsin düşdüyünü görüblər.

Sonradan partlayışda 7 nəfərin həlak olduğu, 30 nəfərin isə yaralandığı bildiriləcək.

Həmin gün saat 17-dən bir qədər sonra Oslodan 50 km aralıda yerləşən kiçik Ütöya adasına aparan bərə limanına «Fiat» markalı furqon maşın gəlir. Maşından polis geyimində bir nəfər düşür. Adada hər il Sosial-demokrat gənclərin yay düşərgəsi təşkil olunur. Polis geyimli şəxs düşərgənin adadan əks tərəfdə, əsas torpaqda keşik çəkən təhlükəsizlik xidmətinə sənəd göstərərək Oslodakı partlayışla bağlı adaya gedəcəyini bildirir. Heç nədən şübhələnməyən təhlükəsizlik xidmətinin əməkdaşları onu qayıqla təmin edirlər.

Adaya çıxan polis geyimli şəxs dərhal silahı işə salır və adanın mühafizəsini həyata keçirən mülki geyimli polis zabitini öldürür (polis zabiti, Norveç şahzadəsi Mette-Maritin böyük qardaşı idi). Bundan sonra isə təqribən 1 saat ərzində dayanmadan gəncləri qətlə yetirir.

Gənclərin neçəsi əynində polis paltarı olan cinayətkarı xilaskar bilərək öz ayağı ilə qatilinin üstünə gəlir.

Kolluqlarda, meşədə, qayalarda, yataq otaqlarından gizlənməklə, suya atılıb adadan kənara üzməklə canını qurtaran gənclər dəhşətli səhnələr təsvir edirlər.

Saat 18.25-də adaya çıxan xüsusi təyinatlı polis dəstəsi saat 18.27-də cinayətkarı həbs edir. Qatil sanki polisi gözləyirmiş kimi dərhal silahı yerə qoyub müqavimətsiz təslim olur.

Adaya toplaşan 650 nəfərin azından 86-sı qətlə yetirilir. 60 nəfərin yaralandığı, itkin düşənlərin olduğu da bildirilir.

CİNAYƏTKARIN VİRTUAL HƏYATI ÜZƏ ÇIXDI

Andres Breyvik
Həm partlayışın, həm də qətliamın 32 yaşlı Andreas Breivik tərəfindən həyata keçirilməsi çoxlarına gözlənilməz gəlir. Bu dünyanın oturuşmuş stereotipləri var. Müsəlman haradasa özünü və başqalarını göyə sovuranda, Norveçli isə insan haqlarından danışanda heç kim təəccüblənmir.

Burada isə Norveçli gənc əlinə silah alıb bəlkə də dünyanın ən müdhiş cinayətini törədir, soyuqqanlıqla onlarla özü kimi gəncin həyatına son qoyur.

İndi onun internet fəaliyyətindən siyasi baxışları haqda müəyyən təsəvvür yaranır.

İslamafobiyaya malik cinayətkar, Avropada müsəlmanların sayının artmasını təhlükə kimi qəbul edir. Mühacirətə qarşı deyil, yox. Amma Norveçə gələnlərin ancaq Qərb ölkələrindən olmasını istəyir. Qeyri-Qərb ölkələrindən olan vətəndaşlara Norveçdə sığınacaq verən sosial-demokratları düşmən saymaq həddinə yuvarlanır. Və cinayətinin motivi də elə bu siyasi baxışlarıdır.

Əslində islamafobiya ilə Norveçdə heç kimi təəccübləndirməzsən. Belə baxışların daşıyıcılarından ibarət Tərəqqi Partiyası ölkənin ikinci böyük siyasi təşkilatıdır. Təsadüfi deyil ki, Breivik 2000-ci illərdə həmin partiyanın üzvü olur. Tərəqqi Partiyasının (Partiyanın adının birbaşa tərcüməsi «irəli addım» kimi səslənir) yaradıcısı Karl İvar Hagen dəfələrlə islama qarşı çıxışlar etməklə yadda qalmış, Məhəmməd peyğəmbəri belə hədəfə götürməkdən çəkinməmişdi.

Mühafizəkar ideyaların daşıyıcısı olsa da, bu partiya demokratik mübarizə formalarına sadiqdir.

Breivik isə ancaq islamı deyil, demokratiyanı da cəmiyyətə təhlükə kimi qəbul edir. Onun siyasi rəqiblərinə antipatiyası nifrət həddindədir. Odur ki, Breivk Tərəqqidən aralanır.

Əmək Partiyası (Sosial-demokrat partiyasının adı) gənclərinin düşərgəsinə hücumu da görünür, siyasi rəqiblərinə olan bu nifrətin nəticəsidir.

Bütün bunlar cinayətkarın internetdəki fəaliyyətini izləyərkən aydınlaşır. Hadisədən əvvəl isə, Diplomat ailəsində, Oslonun varlılar məhəlləsində yaşayan Andresi qonşuları və tanışları sakit, mədəni bir adam kimi tanıyırdılar.

Sinif yoldaşı xatırlayır ki, məktəbdə zəifləri incidən dəcəl yoldaşlarına təpinən bir oğlan olub.

Hadisədən zərərçəkənlər adadan çıxarılarkən
Andrew Brewik ləqəbi ilə yazan cinayətkar 1500 səhifəlik manifest də dərc edib. Bu manifestdə özünün nizamsız radikal fikirlərini ifadə edən Breivik anti-silamçı ilə radikal marksistin qəribə bir simbiozu kimi çıxış edir. Sarsıdıcı qətllərlə Avropada inqilab etmək istəyir.

Cinayətinə cəmi 3 saat qalmış sosial şəbəkəyə (Twitter) sonuncu ismarıçında yazır: «Ümid edirəm bura sonuncu dəfə daxil oluram». 22 iyul saat 12.30.

Sonuncu tvitində isə guya bir inanclı adamın 100 min müxtəlif marağı olan şəxsə bərabər olduğunu yazır.

NORVEÇİN MTN-i, YOL POLİSİ YOXDUR

Hadisə haqqında yazan Azərbaycan mətbuatı tez-tez «Norveçin hüquq-mühafizə orqanları» ifadəsini işlədir. Əslində belə bir termin Norveçdə öz mənasını itirir. Burada yol polisi, təhlükəsizlik nazirliyi və sair yoxdur. Hamısı polisin ayrı-ayrı şöbələridir. Ölkədə ancaq polis və ədliyyə nazirliyi var. Hətta prokurorun hərfi tərcüməsi «polis vəkili» kimi səslənir.

Norveç polisi silah daşımır. Ancaq xüsusi təyinatlı polis dəstələri var ki, silahlı müqavimətlə rastlaşan polis patruluna yardım kimi göndərililir.

Bununla belə, Oslo yeganə şəhərdir ki, G-8 görüşündə solçularla polisin toqquşması baş verməyib.

Bir dəfə Belgradın «Partizan» komandasının azarkeşləri öz komandalarının Norveçdəki oyununa gələndə Serbiya jurnalistləri dəhşətlə Norveç polisinə zəng edirdilər ki, siz nə edirsiz, bu fanatlarını gərək addım-addım izləyəsən, bunlar isə şəhərdə azad gəzişirlər.

İyulun 22-də polisin fəaliyyəti xüsusi müzakirə mövzusudur. Hamı sual edir ki, polis özünü hadisə yerinə daha tez çatdıra bilərdimi. Məsələn, vertolyotdan istifadə edən Norveç jurnaslitləri ada üzərində polisdən əvvəl olublar.

Bundan başqa, polis təsdiq edir ki, xüsusi təyinatlı Delta qrupunu adaya aparan qayıq xarab olduğundan, polis azından 10 dəqiqə vaxt itirib. 10 dəqiqə isə cinayətin sürəti baxımından azından 10 nəfərin həyatı demək idi.

Amma istənilən halda, Norveç polisi hadisələrin xronologiyasını dəqiqə-dəqiqə ictimaiyyətin diqqətinə təqdim edib. Hadisələrin gedişində Norveç polisi dəfələrlə mətbuat-konfransı keçirərək jurnalistlərin sualları tükənənə qədər onların qarşısında durublar.

NORVEÇ MƏTBUATI POLİSDƏN DƏ ÇEVİK ÇIXDI


Mətbuat xüsusi operativliyi ilə diqqəti cəlb etdi. Norveç dövlət teleradiosunun (NRK) vertolyotu hadisə yerinə hətta polisdən də əvvəl gəldi. Cinayət başında olan Breivikin nadir görüntüləri bütün dünyanı gəzdi.

Düşərgədə olan gənclərdən biri isə jurnaslitləri ittiham etdi. Onun sözlərinə görə, hadisə zamanı cinayətkardan gizlənəndə onun mobil telefonuna jurnalistlərdən zəng gəlirdi. Onun fikrincə, məlumat dalınca qaçan jurnalistlər gənclərin həyatını təhlükəyə qoyurdular.

Dövlət mediasının nümayəndələri gənclərdən üzr istədi, NRK rəhbərliyi isə jurnalistlərin peşə qaydalarına uyğun dəyişiklik ediləcəyini elan etdi.

BALACA NORVEÇİN DEMOKRATİYASI DAHA DA BƏRKİDİ

Oslo. Hökümət binasının yaxınlığında partlayış
Norveçlilər qapalı həyat tərzi ilə tanınsalar da cəmiyyətin xeyrində və şərində bir olmağı bacarırlar. 22 iyul bir daha bunu nümayiş etdirdi.

Hər il Ütöya adasında təşkil olunan gənclər düşərgəsi ölkənin siyasi həyatının üzvi hissəsinə çevrilmişdi. Jurnalistlər bilirdilər ki, hər il yayda, tətil mövsümünün düz ortasında burada adi məmurundan tutmuş, ölkənin baş nazirinə qədər müxtəlif siyasətçiləri tapıb müsahibə almaq olar. Buraya toplaşanlar Norveçin gələcək nəsil siyasətçiləri idi.

Təəssüf ki, bu həqiqəti qatil də bilirdi.

Cinayətkarın gülləsinə tuş gələnlər arasında ölkənin gələcək baş naziri, millət vəkili ola bilərdi.

Amma faciə nə qədər böyük olsa da, itkilər nə qədər ağır olsa da, Norveçdə oturuşmuş demokratiya daha da gücləndi. Çünki inqilab arzusunda olan Breivik, əslində ekstremistlərə ölümcül zərbə vurdu.

Hadisədən dərhal sonra İsveç jurnalistinin sualından qıcıqlanan Tərəqqi Partiyasının sədri Siv Jensen dedi ki, Breiviki Tərəqqi partiyasına aid etmək, elə onun törətdiyi cinayət qədər alçaq bir hərəkətdir.

Balaca Norveç dərhal öz qəzəb səsini ucaltdı – Breivikin cinayətinin bərabəri ola bilməz!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG