Keçid linkləri

Baş nazir R.T.Ərdoğan parlament seçkisindən sonra ilk səfərlərindən birini Azərbaycana edəcəyini demişdi və o, sözünün üstündə durdu. Lakin media təmsilçilərindən daha çox hökumət nümayəndələrinin iştirak etdiyi mətbuat konfransı səfərin heç də böyük məhsuldarlıqla keçmədiyini söyləməyə əsas verir. Bəli, Yüksək Strateji Tərəfdaşlıq Sazişi ilə bağlı növbəti toplantının da Türkiyədə keçiriləcəyi qərarlaşdırıldı. Bundan başqa, Azərbaycanın dövlət başçısı bəlkə də ilk dəfə olaraq açıq mətnlə onun ölkəsinin PKK –nı terrorçu təşkilat kimi tanıdığını bəyan etdi. Daha sonra İ.Əliyev enerji sahəsində bəzi əməkdaşlıq problemlərinə toxundu. Lakin Azərbaycana bu ilin oktyabrına qədər vaxt verilsə də, görüşlə bağlı icmallarda «Nabucco» ilə bağlı hər hansı fikir səslənmədi. Eləcə də Bakı-Tbilisi-Qars dəmiryol xəttinin inşasının uğurla getdiyi deyilsə də, bu layihə üçün xərclərin artıq 800 milyon dollara çatdığı məlum oldu. Bəlkə bu da bir qanunauyğunluqdur, Azərbaycan hansı layihəyə əl qoyursa, tez bir zamanda onun qiyməti fantastik həddə çatır. Bu yaxınlarda Çin dünyanın ən böyük körpüsünü cəmi 1 milyarddan bir az artıq dollara inşa etdi. Bakı-Tbilisi-Qars dəmiryol xətti üçün bir neçə il öncə 300 milyon dollar ayrılmışdı, ötən müddət ərzində, artıq qeyd edildiyi kimi, bu məbləğ təxminən üç dəfə artıb.

İ.Əliyev həm də bir detalı diqqətə çatdırdı ki, azərbaycanlı iş adamları ötən müddət ərzində Türkiyəyə 4 milyard dollar investisiya qoyub və yaxın müddətdə bu məbləğ daha 6 milyard dollar artacaq. Elə bu detal da maraq kəsb edir. Azərbaycanlı iş adamları da son vaxtlar daha çox xarici ölkələrə maliyyə yatırmağa üstünlük verirlər. Bu nə ilə bağlıdır? Bəlkə Azərbaycanda işçi qüvvəsi yoxdur? Bəlkə xammalla bağlı hansısa problemlər var? Təbii, bunların heç biri əsas səbəb deyil. Elə hökumət özü də Azərbaycanda neft – kimya sənayesinin inkişafı üçün daha böyük potensial olduğu halda Türkiyəyə 6 milyard dollarlıq vəsait yatırmağı planlaşdırır. Azad sahibkarları Türkiyədə hüquqi və iqtisadi mühit cəlb edirsə, hökumətin motivlərini başa düşmək çətindir. Elə digər məsələlər də var ki, onların da həllinin yubanmasını anlamaq o qədər də asan deyil.

VİZASIZ REJİM SİYASİ MƏSƏLƏDİR, YOXSA İQTİSADİ?

Mahmud Əhmədinejad və İlham Əliyev
Səfər ərəfəsində ən çox maraq kəsb edən məsələlərdən biri də Türkiyənin vətəndaşları üçün viza rejiminin ləğv olunması idi. Amma elə irəlicədən də məlum oldu ki, çox güman, məsələ bu dəfə müzakirə predmeti olmayacaq, çünki Azərbaycan rəsmiləri bildirmişdilər ki, bu məsələ ilə bağlı İran təhdid etməkdə davam edir, hərçənd həmin rəsmilər sonradan fikirlərinin təhrif olunduğun bildirdilər. Amma əvvəlcə deyilmişdi ki, İran Türkiyə üçün viza rejiminin ləğv ediləcəyi və İranla saxlanacağı təqdirdə Naxçıvanla qurudakı əlaqəni kəsəcək. Göründüyü kimi, məsələ iqtisadi və kommersiya xarakteri daşımır, o, daha çox siyasi məsələdir. Viza o qədər də gəlir gətirən məsələ deyil, hər halda, bu gün Azərbaycanın Türkiyə ilə vizadan gələn gəlirlərə o qədər də ehtiyacı yoxdur. Amma Türkiyə ilə məsələni həll etmək xatirinə elə İranla da viza problemini sadələşdirmək olardı.

Sözsüz ki, İranla sıx əlaqələr o qədər də yaxşı perspektiv vəd etmir. Amma viza sipər deyil, o, texniki bir məsələdir, onsuz da bu gün İrandan Azərbaycana nə qədər insan gəlmək və buralara baş çəkmək iqtidarındadırsa, onlar gəlirlər. Üstəlik, Ermənistan və hətta Gürcüstan İranla sıx əməkdaşlıq edir və buna görə qınanmır, çünki o biri dövlətlər regionun spesifikasını bilirlər, bu region Rusiyanın və İranın yaratdığı coğrafi və geosiyasi tıxacda yerləşir. Eləcə sərhəd münasibətləri strateji münasibətlər deyil, Azərbaycan İranla strateji tərəfdaş ola və onun dünyada və regionda yürütdüyü siyasəti dəstəkləyə bilməz. Amma nə etmək olar, qonşuları seçmirlər. Çox güman ki, İrana qarşı koalisiyada olan dövlət təmsilçiləri Azərbaycanın regional əməkdaşlıq imkanlarının o qədər böyük olmadığını, onun seçim imkanlarının məhdudluğunu bilirlər. Sözsüz, İranın təhdidləri də sərhəd tanımır: İsraildə səfirlik açma, Konqresin qurultayına cənubluları dəvət etmə... Azərbaycan da hələ sakitcə bu tələbləri gözləyir. Amma bu, çox üzücü bir durumudur, olduqca üzücü. İran öz siyasətindəcə Azərbaycana hesabat vermədiyi kimi, heç olmasa, bir sıra məsələlərdə elə Azərbaycan da buna borclu deyil. Sadəcə, bunu nəzərə çatdırmaq gücündə olan diplomatiya və dövlət əzmi lazımdır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG