Keçid linkləri

«RIA-Novosti» agentliyi dünyanın 32 ölkəsində, o cümlədən MDB üzvü olan ölkələrdə əhali üçün təbii qaz və elektrik enerjisinin neçəyə başa gəlməsini araşdırıb. Maraq doğuran fakt odur ki, buraya Azərbaycan daxil edilməyib.

Türkmənistanın rəsmi statistik rəqəmlərinin açıqlanmadığı elan olunur. Bildirilir ki, əldə olunan məlumatlara görə, bu ölkədə qaz və elektrik enerjisinə görə əhalinin ödədiyi vəsait o qədər azdır ki, onları «pulsuz» da adlandırmaq olar.

Azərbaycana gəldikdə isə, nədənsə şərhsiz-filansız, ümumiyyətlə heç bir məlumat yoxdur. Ona görə də Azərbaycanın məlumatlarını cədvələ daxil edib keçmiş Sovetlər Birliyində, eləcə də dünya qiymətləri ilə qaz alan Türkiyədə əhalinin enerjidaşıyıcılara görə ödədiyi tariflərin nə qədər ədalətli olduğunu araşdırmağa başladım.

UKRAYNA İDARƏÇİLİYİ

Bu zaman maraqlı faktlar ortaya çıxdı, yəni əhali üçün qaz və işığın «əlçatanlığı» heç də həmin ölkələrin enerji baxımından zənginliyi ilə birbaşa bağlılığı yoxdur.

Məsələn, Ukrayna kimi enerji idxalından asılı olan bir ölkədə əhali üçün qaz da, elektrik enerjisi də kifayət qədər ucuzdur. Bizim pulla 1 kVt/saat elektrik enerjisinin qiyməti cəmi 2.1 qəpikdir, yəni Azərbaycandakından az qala 3 dəfə ucuz. Bu ölkədə əhalinin elektrik enerjisinə çəkdiyi xərcləri o qədər ucuzdur ki, hətta böyük dotasiyaların ayrıldığı qonşu Belarus belə onunla rəqabətə davam gətirə bilmir. Bir sözlə, elektrik enerjisinin ucuzluğuna görə Ukrayna Avropada və MDB məkanında lider ölkə statusuna layiq görülüb.

Bəli, Ukraynada elektrik enerjisinin istehsalında yanacaq növü kimi qazla yanaşı, atom enerjisindən istifadə edilir ki, bu da onun ucuz başa gəlməsində xüsusi rola malikdir. Bundan başqa, Ukrayna böyük miqdarda (10 mlrd kVt/saat-a yaxın) elektrik enerjisini qonşu ölkələrə Avropa qiymətlərinə satır.

Ən əsası odur ki, Ukraynada elektrik enerjisinin biznesi rentabellidir. Onu qeyd edim ki, Ukraynada əhali qazın 1000 kubmetri üçün 96 manat ödəyir. Soruşula bilər ki, axı bu, necə ola bilər –Ukrayna Rusiyadan qazın hər 1000 kubmetrini 230 dollara idxal edir. Doğrudur, ancaq Ukrayna hökumətinin qərarı ilə əhali kateqoriyasına ancaq yerli istehsal olan qaz verilir ki, bunun da maya dəyəri 50 dollardan artıq deyil (nəqliyyat xərcləri də nəzərə alınmaqla). Yəni hökumət işi bu sahədə daha çevik qurub və hazırda dünya bazarlarında enerjidaşıyıcıların qiymətinin durmadan artmasına baxmayaraq, müxtəlif sxemlərlə əhalinin bundan az ziyan çəkməsinə çalışır.



Bu qrafiklərə nəzər yetirdikdə, orada neft və qaz ixracatçısı olan cəmi 3 ölkə görürük: Azərbaycan, Qazaxıstan və Rusiya. Qazaxıstanda əhalinin qaza və işığa görə ödədiyi qiymətlər daha ucuzdur, bu əsasən də təbii qazda hiss edilir. Rusiya ilə tariflər isə Azərbaycandakı qiymətlərlə yaxındır.

Ancaq bir məsələ var ki, Rusiyada əhalinin orta əməkhaqqı, yəni real qazancı Azərbaycandakından kifayət qədər çoxdur. Demək, zaman-zaman «Azərenerji» və «Azəriqaz»ın əhali kateqoriyası üzrə borclarının yaranması bir reallıqdır. Çünki əhalinin durumu ona imkan vermir ki, yayın cırhacırında kondisioneri işlədib, qışın soyuğunda isə qızdırıcı cihazları işə salıb tam pulunu ödəsin.

Statistika bəyan edə bilər ki, yoxsulluq səviyyəsi 2003-cü ildən indiyədək 45%-dən 9%-dək azalıb, ancaq bunun əks-statistikası da var: 2011-ci ilin I yarısının yekunlarına görə, Azərbaycanda «işıq borcu» olanların sayı 20%-ə yaxındır. Bu, çox böyük rəqəmdir –hər 5 nəfərdən biri borcludur.

AZƏRBAYCANDA BAHAÇILIQDIR

Azərbaycanda elektrik enerjisinin də, təbii qazın da qiymətləri əhalinin alıcılıq qabiliyyətinə nisbətində kifayət qədər bahadır. Məmurlar həmişə Avropadakı enerjidaşıyıcıların qiymətlərini misal gətirməklə sanki əhaliyə bir sosial xidmət göstərdiklərini vurğulayırlar. Ancaq onlar bir dəfə də bəyan etməyiblər ki, Avropada işsizliyə görə verilən müavinət Azərbaycanda orta əməkhaqqından 2-3 dəfə çoxdur.

Qeyd edim ki, Azərbaycanda əhali təbəqəsi üçün bu gün heç bir problemsiz hər kVt/saata görə 4 qəpik tarif təyin etmək mümkün idi. Nəyə görə? Əvvəla, ölkənin istehsal etdiyi elektrik enerjisinin 85%-i istilik elektrik stansiyalarının (İES), təqribən 15%-i isə su elektrik stansiyalarının (SES) payına düşür.

«Azərenerji»nin hasil etdiyi elektrik enerjisinin dəyəri 2.8 qəpikdən artıq deyil
«Azərenerji» ASC idarə heyətinin sədri Etibar Pirverdiyevin son açıqlamasına görə, İES-də hasil edilən elektrik enerjisi yalnız təbii qazın hesabına başa gəlir. «Azərenerji» qazı daxili qiymətlərlə alır - 1000 kubmetr üçün 100 manat. İES-də hər kVt/saat elektrik enerjisi üçün «Azərenerji»nin hasil etdiyi elektrik enerjisinin dəyəri 2.8 qəpikdən artıq deyil. SES-de maya dəyəri 2 qəpikdən də azdır. «Azərenerji» özünün hasil etdiyi elektrik enerjisini topdansatış qiyməti ilə (3.5 qəpik) enerji paylayıcı şirkətlərə («Bakıelektrikşəbəkə» və «Azərenerji»nin özünün regionlarda fəaliyyət göstərən satış qurumları) satır. Enerji paylayıcı şirkətlər isə elektrik enerjisini abonentlərə 6 qəpikdən təklif edirlər (təəssüf ki, abonentin hələ də seçim imkanı yoxdur – hansı qiymətə təklifdirsə, o qiymətə də almağa məcburdur, çünki bazarda real rəqabət yoxdur).

Ermənistan qazın hər 1000 kub metrini Rusiyadan 180 dollara idxal edir, elə uranı da Rusiyadan alır, ancaq istehsal etdiyi elektrik enerjisinin hər kVt/saatını əhaliyə bizim pul ekvivalentində 5.4 qəpiyə satır. Belə çıxır ki, «acından ölməkdə olan» Ermənistan öz əhalisinə müəyyən güzəşt edə bilər, hətta sovet dövründən qalan əmanətlərinin qaytarılmasına da başlaya bilər, ancaq valyuta ehtiyatları 40 milyard dollara yaxınlaşan Azərbaycanda əhali ən bahalı xidmətlərdən istifadəyə məhkumdur.

Başqa sözlə, Azərbaycanın elektrik enerjisi bazarında mövcud olan tariflər imkan verir ki, həm elektrik enerjisi istehsal edən, həm də onu paylayan şirkətlər kifayət qədər gəlirlə fəaliyyətlərini davam etdirsinlər.

Əlbəttə, bu qurumların da xərcləri olur, məsələn, yeni-yeni elektrik stansiyaları tikilir, paylayıcı şəbəkələri yeniləyir, təmir və yenidənqurma işləri görürlər. Ancaq iş ondadır ki, son 10 ildə faktiki olaraq «Azərenerji»nin bütün kapital xərclərini dövlət ödəyib. 2006-cı ildən «Barmek» ləğv edilib onun yerində dövlətə məxsus «Bakıelektrikşəbəkə» SC qurulduqdan sonra dövlət büdcəsindən daim bu quruma transferlər edilir. Bu qurumların kapital xərclərini də dövlət ödəyirsə və mütəmadi olaraq onların «borclarını» silirsə, onda ağır bir yükü nədən yenidən Məmmədin boynuna qoymaq gərək? Cavabı indidən aydındır – gələcək borclara imkanlar yaratmaq üçün.

Son 5 ildə «Azərenerji»yə dövlət büdcəsindən investisiya xərcləri maddəsi ilə ayrılan vəsaitlər (mln. manatla):

2006 2007 2008 2009 2010 Cəmi
272.5 116.8 318.1 240.5 143.0 1090.9

QAZ VURUB, QAZAN DOLDURANLAR

Qaz sahəsində də vəziyyət belədir. Azərbaycanın daxili bazarında 2010-cu ildə sistemə verilən qazın ümumi həcmi 9 mlrd kubmetr səviyyəsində olub, ancaq texniki itkilər milyard kubmetrdən çoxdur. Sayğaclar vasitəsilə istehlak zamanı yaranan itkilər isə daha da artıqdır.

Azərbaycan ötən il təkcə «Azəri-Çıraq-Günəşli» layihəsi çərçivəsində əvəzsiz olaraq «BP-Azərbaycan» şirkətindən 3.4 mlrd kubmetr qaz alıb. Dövlət Neft Şirkətinin (SOCAR) hasil etdiyi qazın 70%-i səmt qazıdır, yəni quyulardan neft hasilatı zamanı çıxır və çox ucuz qiymətə başa gələn bir yanacaqdır. Şirkətin təbii qazının maya dəyəri isə hazırda 35 manata yaxındır.

Cari ildə SOCAR 3 mlrd kubmetr qaz ixrac etmək niyyətindədir. İxrac edilən qazın orta qiyməti 150 manatdan aşağı deyil. Təsəvvür etmək çətin deyil ki, ölkə daxili qaz biznesindən yaxşıca vəsaitlər qazanılır. Demək, hökumət istəsəydi, əhalinin alıcılıq qabiliyyətinə görə ədalətli tarif tətbiq edə bilər və bu sahədə şəffaflığın təmin edilməsiylə indikindən də böyük gəlir əldə edə bilərdi.

Şərhləri göstər

XS
SM
MD
LG