Keçid linkləri

Viza Sarkisyanın kölgəsində qaldı


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev.2010

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev.2010

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Azərbaycana günorta gəlib, axşam getdi. Baş nazirin Bakıda çox vaxt itirməyə ehtiyacı yox idi, hansısa sənədin imzalanması da planlaşdırılmamışdı. Müqayisə üçün deyək ki, bir neçə gün öncə Bakıya gələn Polşa prezidenti Azərbaycanda iki gün qalaraq 3 sənədə imza atmışdı.

«TÜRKİYƏ İLƏ VİZA MƏSƏLƏSİNİ HƏLL ETMƏYƏ HAZIR DEYİLİK»

Ərdoğan-Əliyev görüşündən yayınlanan televiziya görüntüləri hər şeyin hamar keçdiyi və iki strateji müttəfiq arasındakı münasibətlərin inkişafda olduğu təsəvvürünü təlqin etməyə çalışsa da, bağlı qapılar arxasında ciddi müzakirələrin getdiyi bəllidir. Həllini gözləyən mövzular məlumdur:

Birincisi, Azərbaycan qazının Türkiyə üzərindən üçüncü ölkələrə daşınmasının iqtisadi-texniki məsələləri həll olunmayıb və bu proses uzanır. Təsadüfi deyil ki, Ərdoğan danışıqların sonrakı mərhələsini gözləmədən bu mövzunu nazirinə tapşıraraq Bakını tərk edib. Demək müzakirələr hələ çox çəkəcək. Elə Azərbaycan rəsmiləri də Türkiyə ilə tranzit anlaşmasıyla bağlı danışıqlarda mühüm amillərin hələ həll olunmadığını etiraf edirlər.

İkincisi, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyəti dalana dirənib. Halbuki Şuranın yaradılmasına dair anlaşma Ərdoğanla İlham Əliyev arasında hələ ötən ilin sentyabrında İstanbulda imzalanmışdı. Qurumun komitələri də indiyənə qədər formalaşdırılmayıb. Ərdoğan Bakıda dedi ki, Şura Türkiyədə toplanacaq. Ancaq «bu nə zaman baş verəcək» sualı açıq qaldı.

Üçüncüsü, Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məsələsinin həlli yubanır. Ərdoğanla Əliyevin birgə keçirdikləri mətbuat konfransında türkiyəli jurnalistlər həmişəki kimi bununla bağlı Azərbaycan prezidentinə sual verdilər. Əliyev Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv etdiyinə görə Türkiyə hökumətinə minnətdarlığını bildirsə də, açıq şəkildə söylədi ki, rəsmi Bakı eyni addımı atmağa hazır deyil. Bu səmimi cavabdır. Yoxsa əvvəllər bu suala «texniki məsələlər həll olunmalıdır» kimi qeyri-müəyyən cavablar verilirdi. İndi isə qəti şəkildə deyildi ki, Azərbaycan strateji müttəfiqi Türkiyə ilə viza məsələsini həll etməyə hazır deyil. Sadəcə anlaşılmır ki, necə olur Azərbaycanı bölgənin lider dövləti adlandıranlar adi viza məsələsini həll edə bilmədikləri halda qonşu Gürcüstanın Türkiyə ilə bu adda problemi yoxdur.

Ermənistan prezidenti Serj Sarkisyan
SARKİSYANIN AÇIQLAMASI ƏRDOĞANLA ƏLİYEVİ BİRLƏŞDİRDİ

Buna baxmayaraq, Ərdoğanla Əliyev Bakıdakı görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həllinə eyni baxışları olduqlarını bir daha təsdiqlədilər. Ermənistan prezidenti Serj Sarkisyanın 5 gün əvvəl erməni gənclərinə müraciətində Azərbaycanla yanaşı Türkiyəyə də ərazi iddialarını səsləndirməsi Ermənistanla münasibətlər mövzusunda Ankara ilə Bakının mövqelərini daha da yaxınlaşdırdı.

Ərdoğanla Əliyevin birgə mətbuat konfransının ən yadda qalan hissəsi Sarkisyanın təhdidinə verilən sərt və oxşar reaksiyalar idi. Sarkisyanın Ağrı dağı və ətrafına iddianı özündə ehtiva edən sözlərindən sonra çətin ki, Türkiyədə kimsə ilkin şərt irəli sürülmədən Ermənistanla münasibətlərin nizamlanmasını gur səslə dilə gətirsin. Halbuki, buna qədər Türkiyənin bəzi liberal dairələrində Azərbaycanın maraqları nəzərə alınmadan Ermənistanla sərhədin açılması və bu ölkə ilə diplomatik münasibətlərin qurulmasını dəstəkləyənlər az deyildi.

Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan
Ərdoğan, işlətdiyi sözlərə görə Sarkisyanın üzr istəməsini tələb edib. Bununla Ərdoğan Ermənistanı da İsrailin vəziyyətinə salıb. İsrail hərbçiləri Türkiyənin Qəzzaya yollanan gəmisini ələ keçirdikləri zaman türkiyəli vətəndaşların ölümünə yol açmışdılar. Bu olaydan sonra İsraillə münasibətlərinin normallaşdırılması üçün Ankaranın irəli sürdüyü şərt dəyişməz qalıb: Tel-Aviv üzr istəməli və ölənlərin ailələrinə təzminat ödəməlidir. Artıq Sarkisyan da eyni şərtlə üzləşib. Əgər buna qədər Ankara Ermənistanla münasibətlərin normallaşdırılması üçün Dağlıq Qarabağ ətrafında işğal altındakı torpaqların azad olunması şərtini irəli sürürdüsə, Sarkisyanın açıqlamasından sonra buna biri də əlavə olunub: Ermənistan prezidenti üzr istəməli və Yerevanın Türkiyəyə ərazi iddiası olub-olmadığı məsələsinə aydınlıq gətirməlidir.

Bakı da hərəkətə keçib. Azərbaycanın BMT-dəki nümayəndəliyi qurumun baş katibinə məktub göndərib. Məktubda Ermənistan prezidentinin son açıqlamasına hüquqi qiymət verilməsi istənilir. Əslində Sarkisyan son açıqlaması ilə Dağlıq Qarabağ danışıqlarını da zərbə altında qoydu. Onsuz da Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə aparılan danışıqlar səmərə vermirdi, Kazan görüşündən də bir nəticə çıxmadı. Sarkisyan son açıqlaması ilə növbəti görüşdən də nəticə gözləməyin əbəs olduğunu göstərdi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG