Keçid linkləri

Şərqsayağı konstitusiya islahatları


Məsələ çox sadədir – demokratiya ordunun maraqları çərçivəsindəcə deyil, ordunun maraqları demokratiya hüdudlarında olmalıdır

Məsələ çox sadədir – demokratiya ordunun maraqları çərçivəsindəcə deyil, ordunun maraqları demokratiya hüdudlarında olmalıdır

Türkiyədə hərbçilərin qalmaqallı istefası ölkədə yeni konstitusiya islahatları məsələsini gündəmə gətirdi. Bəli, tarix özünün qəribəlikləri ilə həmişə hamını təəccübləndirir. Çingizxanın Yasası, Süleymanın Qanunu türk xalqlarına və uluslarına qanunçuluğun yad olmadığını sübut etsə də, nəinki bu ölkələrdə, hətta bütün müsəlman ölkələrində müasir konstitusionalizm ənənələri ciddi ənənələrdən hesab edilə bilməz. Belə ənənələr çox zəif inkişaf edib. «Ərəb baharı» silsiləsi bu xüsusda ərəb ölkələri haqqında danışmağa elə də lüzum görmür.

Türkiyə də bir ayrı söhbətin mövzudur. Amma bu xüsusda elə azəri türklərinin təcrübəsinə toxunmamaq ədalətsizlik olardı. Ən azı ona görə ki, qonşu dövlətlərin təcrübəsi göstərir ki, bir çox məsələlərdə bütün bəşəriyyət keçdiyi yolu təkrarən addımbaaddım keçməyə ehtiyac yoxdur. Çünki ağıllı və tədbirli insanlar başqaların səhvlərindən öyrənir, başqalarının təcrübəsi bir çox hallarda örnək ola bilər. Ciddi və qəti konstitusiya islahatları zərurəti indi Türkiyənin qapısını döyür. Niyə? Ona görə ki, azadlığı uzun müddətə və elə bir əsas olmadan dondurmaq olmaz, o, genişlənməlidir, dünya silklərin və imtiyazların ləğvi istiqamətində gedir. Türkiyənin təcrübəsinə müraciət etsək, məsələ çox sadədir – demokratiya ordunun maraqları çərçivəsindəcə deyil, ordunun maraqları demokratiya hüdudlarında olmalıdır. Bu ordunun nəzərə almalı olduğu əsas prinsipdir. Hakim partiyaya gəldikdə isə, o, da bir həqiqəti unutmamalıdır: konstitusiya islahatları zamanı respublikaçılıq və azadlıq ideyaları bu prosesin oriyentirləri olmalıdır. Hətta o, ən fəal olsa belə, azadlıqları ancaq bir qrupun, bir elitanın maraqları və məqsədi çərçivəsində genişləndirmək heç də məqsədəuyğun deyil, çünki

DEMOKRATİYA KONSENSUS TƏLƏB EDİR

Hakim partiya hal – hazırda ədalət tərəzisini bir qədər əyir, çünki dindarlara hüquqları məhdudlaşdırılan bir təbəqə kimi daha geniş hüquqlar vermək digər prinsiplə – dünyəvi dövlət prinsipi ilə ziddiyyət təşkil etməməli və onu zəiflətməməlidir. Bəlkə də bu prinsipi vaxtilə hamıdan yaxşı elə ABŞ ifadə edib: Konqres heç bir din təsis etmir!..

Mən Türkiyənin problemləri ilə bağlı qısa ekskursu təsadüfən etmədim. İstənilən bir millətin həyatında elə anlar olur ki, ən müxtəlif qruplar konsensus əsasında bir Ali Qanun yazırlar və onun əsasında yaşamağa başlayırlar. Amma elə an da olur ki, bir qrup öz maraqlarını önə çəkir və həmin Ali Qanunu öz maraqlarına uyğunlaşdırır və sonra da həmin Ali Qanun millətin həyatından yox olur. Ona ancaq hakim qrup arabir özünün imtiyazlarını əsaslandırmaq üçün müraciət edir. Mən ona görə «Ali Qanun millətin həyatından yox olur» deyirəm ki, ingilislərin bir sözü var: İstənilən qayda qaydasızlıqdan yaxşıdır.
16 il ərzində Azərbaycanın əsas qanununa iki dəfə prinsipial dəyişiklik etdilər
Ali Qanun ona görə yox olur ki, o, bütün digər məsələlərdə bir kağız parçasına çevrilir, heç nəyi tənzimləmir, sadəcə hakim qrupun hakimiyyətini təsbit və təsdiq edir. Bəli, Azərbaycanda məhz bu, baş verdi.

16 İLDƏ İKİ KONSTİTUSİYA İSLAHATI

Birmənalı demək olmasa da, Ali Qanunun özəlliyi onda olmalıdır ki, ona hər saat, hər an dəyişiklik etmək mümkün olmasın. Bu günün Türkiyəsinə nəzər salın. Konstitusiya islahatı çox çətinliklə gedir. Bu, belə də olmalıdır, çünki söhbət bir millətin həyatını tənzimləyən əsas Qanundan gedir. Amma Azərbaycanda necə oldu? 16 il bundan əvvəl avtoritar siyasi sistemi təsbit edən bir əsas qanun qəbul olundu. O, demokratik deyildi və həmin qanun millətin həyatındakı ovaxtkı reallıqları nəzərə almaq, onlara uyğunlaşmaq əvəzinə reallıqları özünə uyğunlaşdırdı. Az-çox demokratik siyasi sistemə adekvat bir qanun qəbul etmək əvəzinə həmin siyasi sistemi avtoritar bir qanuna uyğunlaşdırdılar. Bununla da bəs demədilər. 16 il ərzində gənc bir dövlətin əsas qanununa iki dəfə prinsipial dəyişiklik etdilər və bununla da ölkədə avtoritar siyasi sistemi təsbit və təsdiq edən bir sənəd qəbul edildi. Əsas sənəd elə vəziyyətə gətirildi ki, hakim partiyanın nümayəndələri açıq şəkildə «lazım gələrsə, konstitusiyanı da dəyişərik» deməkdən belə çəkinib eləməlidir və sonradan öz sözlərinin üstündə də dayandılar, onu həqiqətən də dəyişdilər. İndi Konstitusiya faktiki olaraq vərəsəlik kağızına çevrilib və o, yalnız bir qrupun imtiyazlarını təsdiq edir. Əvvəldə dedim ki, elə bir an gəlir ki, Ali Qanun millətin həyatından çəkilir. Buna Azərbaycanın timsalında çox əyani şəkildə əmin olmaq olar. Hakim partiya ölkəni hətta 16 ildə düz ikicə dəfə dəyişdirilmiş Konstitusiya əsasında da idarə etmir, hətta bu qanunun əsasında demokratik seçki keçirərək hakimiyyət formalaşdırmır, seçkiləri bir qayda olaraq saxtalaşdırır. Konstitusiya hakim partiya üçün sadə siyasi təqvimə çevrilib: filan vaxtda filan müddətə filan instansiyaya formal seçki keçirilir!

ƏDALƏTLİ ŞAH AXTARIŞI

Bir vaxt Azərbaycanda «milli ideologiya» axtarışları dəbdə idi. İctimai diqqət arzulayan və özünü intellektual göstərmək istəyən hər bir kəs bu mövzuda danışmağı özü üçün vacib sayırdı. Lakin heç kim demirdi ki, hər bir millətin əsl milli ideologiyası elə onun konstitusiyası, milli ideyası konstituonalizm olmalıdır. Bəlkə də bugünkü iztirablar və çətinliklər məhz bu diqqətsizliyin nəticəsidir. Həm də milli mentalitetdəki bir qüsuru da etiraf etmək lazımdır – bəzi ölkələrdə insanlar yazıya kağız parçası kimi baxmağa adət ediblər, ona görə ki, uzun müddət ictimai ədaləti hamının qəbul etdiyi prinsip və qayda məcmusu deyil, ayrı – ayrı şəxslər təcəssüm etdiriblər. «Ədalətli şah» istəyi də bunun nəticəsi deyilmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG