Keçid linkləri

LİNQVİSTİK ƏTALƏT

Dillə bağlı adamların öz tərsliyi var. Biz bir dəfə elə bu saytın özündə yazmışdıq ki, «Göte» deyil «Qöte»dir və onun üçün də gündəyməzlə anışmanı durdurmaq üçün «Höte» dəyiş-düyüşünə gərək yoxdur. Di gəl, yenə «Höte» deyirlər. Alman dilini yaxşı bilənlər söyləyir ki, «Nitsşe» deyil, «Niççe»dir. Özü də bu deyim dilimizə daha yatımlıdır. Bunu biləndən sonra mən daha «Nitsşe» yazmıram, ancaq di gəl, yenə də çoxları əski qaydada yazmağa və söyləməyə üstünlük verəcəklər.

«SİVİL»İN DÜZGÜN MƏNASI

Belə tərsliklərdən biri də «sivil» sözü ilə bağlıdır. Bizdə dünyanın heç bir yerində olmayan «ixtira» yapıblar, «sivilizasiya» kəlməsini cümlədə təyin kimi qısaltmaq üçün «sivil» deyirlər. Ruslarda «цивилизованный человек» yaxşı alınır, ancaq bizim türkcədə necə deyəsən, «sivilizasiyalı adam», ya «sivilizasiya adamı»? Nəsə rahat alınmır. Onun üçün də deyirlər «sivil adam» (hətta «sivil ölkə» də deyə bilərlər). Ancaq, axı, Avropada «sivil» sözü mülkini bildirir, yəni dövlətə yox, topluma aid olanı, yəni polisə, hərbçilərə baxanda adi adamları. Necə soruşurlar: əsgərlikdəsən? Yox, indi mülki adamam (yəni «sivil adamam»).

«Sivilizasiya» kəlməsini Avropa üçün Türqo ilə Mirabo (18-ci yüzil) düzəltmişdilər və söz ilkində yaxşı qanunlar altında yaşamağı, yönəldilmişliyi bildirirdi. Beləcə, bu söz bir ad kimi gecə-gündüz necə ac qalmamağın qayğısında bulunan və gələnəklər altında yaşayan primitiv toplumlara qarşı azad sənətləri gəlişmiş, geniş mənəvi axtarışlarda olan toplumları qoyurdu.

TERMİNLƏRİN İLGİNC «SƏRGÜZƏŞTLƏRİ»

Bir çox etgili, qəşəng terminlər kimi «sivilizasiya» sözünün də başına min oyun gəlib. Şpenqlerdə o, mədəniyyətlərin təpərini itirib qaxaclanma, qocalma dönəmini (aşamasını) bildirir, Toynbidə (sonra isə Hantinqtonda) gəlişmiş dinlərin üstündə qurulmuş kültür dünyalarını göstərir (məsələn, Buddist, Katolik sivilizasiyalar).

Onu da deyim ki, bəndəniz terminlərin, sözlərin belənçi metamorfozalarını, çevrimlərini ələ salanlardan, bu səbəbdən də həmin terminləri işlədənlərə yuxarıdan aşağı baxanlardan deyil. Elmdə «struktura», «arxetip», «paradiqma», «postmodernizm» kimi çoxlu sözlərin də başına bu işlər gəlib. Öncə kimsə nəzəriyyə quranda belə kəlmələrlə açdığı yeniliyə ad qoyub. Bu yeniliyə görə də həmin sözlər qəşəngləşib, sevilib, hətta dəbə düşüb. Sonra həm dəbə, həm də o yeniliyi tutub göz qabağında saxlamasına görə istedadlı kişilər həmin sözləri işlədərək başqa yeniliklərə çıxıblar.

Modern insanlar «qalstuk» deyilən bir nəsnəni boyunlarına taxırlar. Sən isə taxmağına taxırsan, ancaq...
Korlanma üçüncü aşamadan başlayır. Təbiətcə qanacaqsız adam kostyum və qalstuk taxaraq qalstuklu mədəni adamların zəhməti sayəsində müftəxorluq etdiyi kimi, bizim «modern elmi deyimləri şar kimi atıb-tutan bəzi yazarlar» da «struktura», «arxetip», «paradiqma» sözlərini effektli, ağıllı görünmə «qalstukuna», «kostyumuna» çevirirlər. Bu isə ağıllı, bilgili adamları sınırlandırmaya bilməz. Axı, kimin hərif sayılmaqdan xoşu gəlir (yəni məni hərif sayıb düşüncə dayazlığını terminlərlə gizlədir)?! «Postmodernizm»i «kostyuma», «qalstuk»a çevirmiş bir xeyli gənc yazar, beləcə, bilgili adamlarda sözün özünə ikrah yaratdı. Nərmin Kamalın postmodernizmi modernizmdən ayıran ağıllı kitabı çıxıb («Umberto Eko. Postmodernizm fəlsəfəsi». B.: Qanun, 2008), ancaq di gəl, hələ də postmodernizmi «modernizm» anlamında işlədirlər.

«SİVİLİZASİYA ANLAYIŞININ MƏNFİLƏŞMƏSİ

Dördüncü aşamada effektli sözlə tapılıb bərkidilmiş (fiksə edilmiş) yenilik gözdən düşəndə, termin də başlayır mənfi çalarlar qazanmağa. «Sivilizasiya» sözünün yeniliyi, dedik ki, gələnəksəl, nə bilim, «vəhşi» toplumlardan nəzakətli, maneralı, elmli dünyaları fərqləndirmək idi. Sonralar nəzakətli, maneralı, elmli toplumlara pis baxılanda (məsələn, Russo belə toplumları korlanmışlıq sayırdı), termin də mənfiləşdi. Bu gün «sivilizasiya» çoxlarının gözündə cürbəcürlüyün mürəkkəb sistemi olan dünyanı bildirərək yaxşı anlam daşıyır. Ancaq İslam və Xristian fundamentalistlərinin, 60-cı illərdəki Hippi hərəkatçılarının gözündə sivilizasiya göstəriciləri (bizimkilər yanlış olaraq «sivil əlamətlər» söylərdilər) meqapolislərə ikrah prinsipində mənfi çalarlar saçır.

NƏDƏN UYQAR DEYƏK?

Bu gün Azərbaycanda «цивилизованный» təyin cümlə üzvünü çox sevirlər, ancaq «sivilizasiyalı» deyiminin uğursuzluğuna görə ləzzətlə «sivil» deyirlər. Beləcə, bir çoxları guya iki hədəfi vururlar: həm tələffüzdə rahatçılıq qazanırlar, həm də dünyanın dəbdə olan «sivilizasiya» termininin qohumunu, oxşartısını işlədirlər. Halbuki belədə axmaq bir vəziyyət alınır: sanki sən ucundan-qulağından eşitmisən ki, modern insanlar «qalstuk» deyilən bir nəsnəni boyunlarına taxırlar. Sən isə taxmağına taxırsan, ancaq qalstukun nə olduğunu bilmədiyin, görmədiyin üçün nəsə bəzəkli bir lent, bant boynundan asırsan. Axı, «sivil» hərbiləşmiş, dövlətin özəl intizamlı dəstələrində olmayanları bildirir. Deməli, bizim həmin sözlə işlənmiş yazılarımızı ruscaya, ingiliscəyə çevirəndə, çaş-başlıq yaranacaq. Müəllifimiz sivilizasiya dünyasında bulunan insan demək istəyəcək, çevirən isə cümləni hərbidə bulunmayan adam kimi verəcək.

Bəs nə etməli? Dostlar, Anadolu türkcəsində «sivilizasiya» sözünü «uyqarlıq» kimi verirlər. Bu söz neoloqizm («neologizm» düz deyil) olsa da, «sivilizasiya»nın bir yönünü, - çox böyük cürbəcürlüyü bir araya gətirməsini, yəni onları uyarlıq sisteminə salmasını düz açır. Deməli, yaxşı olar ki, sivilizasiya ilə ilgili «sivil» yox, «uyqar» sözünü işlədək. Onda «uyqar insan», «uyqar dünya», «uyqar millət alınacaq».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG