Keçid linkləri

L.Tolstoyun maraqlı fikri vardı. O, yazırdı ki, bütün xoşbəxt ailələr elə biri – birinə bənzəyir, amma bədbəxtlərin hamısı bir cür bədbəxtdir. İndi ölkələrin siyasi mənzərəsinə baxanda, bu fikirlə razılaşmaya bilmirsən. Bəli, çoxdan Azərbaycanda bir məsələnin müzakirəsi gedir. Söhbət elə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsindən gedir. Etiraf edək ki, bu fikrin ortalığa atılmasını zəruri edən səbəbləri anlamaq çətindir, çünki ölkədə aparılan siyasət daha çox siyasi partiyaların zəiflədilməsinə, onların siyasi təsirinin azaldılmasına yönəldilib.

İkinci konstitusiya islahatları zamanı proporsional seçki sistemi ləğv olundu və bununla siyasi partiyaların, belə demək mümkündürsə, əsas imtiyazlarından biri onların əlindən alındı. Nə qədər ki, proporsional seçki sistemi mövcud idi müxtəlif təbəqələr tərəfindən partiya siyahılarına ciddi maraq vardı. İndi seçilmək istəyənlər siyasi partiyalara və birliklərə yalnız zəruri imza üçün müraciət edirlər.

PARTİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ YAP-IN MARAQLARINA CAVAB VERİR

Daha sonra, əsas müxalif partiyalar özlərinin mənzil qərargahlarından məhrum oldular və bu da onları bir institut kimi xeyli zəiflətdi. Burada əsas müxalifət partiyalarının ölkənin qanunverici orqanından tamam - kamal kənarda qalmasını də qeyd etmək də yerinə düşərdi. Ona görə də qəribə mənzərə yaranır: siyasi partiyalara yönələcək maliyyələşmə tədbirləri elə vəfat etmiş şəxslərə verilən ehsanları xatırladır. Bu gün hökumət özünə belə bir ifratçılığı rəva görə bilər.

7 noyabr parlament seçkiləri, 2010
Üstəlik, məsələnin bir detalı budur ki, partiyaların maliyyələşdirilməsi hakim partiya funksionerlərinin maraqlarına cavab verir, çünki məsələnin müsbət həllinin tapılacağı təqdirdə ən çox maliyyə alan hakim Yeni Azərbaycan Partiyası olacaq. Həm də belə siyasətin başqa bir göstəricisi də var, bu siyasət YAP – a daha bir təbliğat indeksi qazandırmaq iqtidarındadır. Yəni, görün, ölkədə siyasi partiyalar hətta dövlət tərəfindən maliyyə alır, siz isə onların guya ki, sıxışdırılmasını iddia edirsiniz!

Bəli, bu yolla məsələnin politoloji və sosioloji aspektlərindən çox danışmaq olar. Amma daha çox maraq kəsb edən onun zaman göstəricisi və bir də partiyalar üçün tətbiq ediləcək kriteriyalardır.

BU İL TEZDİR, GƏLƏN İL GECDİR

Zaman məsələsi artıq özünün həllini tapmaq üzrədir. Hətta deyilənlərə görə, məsələ parlamentin payız sessiyasında özünün həllini tapacaq və növbəti il artıq maliyyələşmə prosesi başlayacaq. Göründüyü kimi, məsələ çox uzaq gələcəyin söhbəti də deyil, haradasa bir və ya bir il yarımdan söhbət gedir.

PARTİYALARA HANSI KRİTERİYALAR TƏTBİQ OLUNACAQ?

Ən mühüm suallardan biri də elə budur. Bu sual üzərində düşünəndə başa düşürsən ki, əslində siyasi partiyaların zəiflədilməsi məqsədyönlü siyasət olub. Bu gün parlamentdə hakim siyasi partiyanın yalnız satellitləri təmsil olunub.
Milli Məclis
Əsas partiyalar da parlamentdən ona görə kənarda qalıb ki, maliyyə məsələsi onlara şamil olunmasın. Amma bu siyasət beynəlxalq təşkilatların dəstəyini tapmayıb. Ona görə də indi maliyyə üçün üç kriteriyanın tətbiqi və əsas götürüləcəyi güman edilir. Bunlar partiyaların mandatları, seçkilərdə topladıqları səslər və bir də ölkə ərazisində təmsil olunmasıdır. Üç şərt əsas götürülsə, ümid etmək olar ki, əsas müxalifət partiyaları - Müsavat və AXCP də müəyyən qədər vəsait alacaqlar. Həmin partiyaların parlamentdən kənarda qalmasının əsas səbəbi məhz onların maliyyə almasının qarşısını almaq istəyi olub. Amma hakimiyyət bu partiyalara nə qədər təzyiq edirsə, beynəlxalq təşkilatların onlara marağı elə bir o qədər də artır. Hakimiyyətin bəzi partiyaları özünün müxalifətinə çevirmək və onları beynəlxalq təşkilat və institutlara müxalifət partiyaları kimi təqdim etmək siyasəti uğursuzluqla bitib. Nəinki beynəlxalq təşkilatlar, hətta yerli cəmiyyət belə onları müxalifət hesab etmir.

MALİYYƏ PROSESİNİN ETİKASI

Hər işin bir etikası olur, hər iş müəyyən etika çərçivəsində aparılır. Ölkənin özəlliyi bundadır ki, indi belə çərçivələr yoxdur. Normal parlament seçkisini keçirib partiyaların sahib olduqları həqiqi mandatları müəyyən etmək və bu mandatlar müqabilində siyasi partiyaları maliyyələşdirmək olardı. Amma bu Azərbaycanda mümkün deyil. Ona görə də sual olunur: millətin sərvətini və insanların ödədiyi vergiləri heç bir rola malik olmayan partiyalara xərcləmək etikaya nə qədər uyğundur? Məlum olduğu kimi, indi qəzetlər maliyyə alırlar və bu maliyyə onların bəzi problemlərinin həllinə köməkçi olur. Amma cəmi bir neçə qəzet var ki, onlar həqiqətən də bu maliyyəyə layiqdirlər. Qəzetlərin böyük əksəriyyəti haqda isə bunu demək olmur. Partiyalar məsələsində isə indidən məlumdur ki, bu hal özünü daha qabarıq göstərəcək. Ona görə də maliyyələşmə prosesinə daha bir ədalətsizlik presedenti kimi baxmaqdan savayı çarə qalmır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG