Keçid linkləri

Elə görüşlər var ki, hətta iştirakçıların özlərinin belə yadında qalmır. Format da dəyişdi. Əvvəllər üç prezident görüşürdü, indisə ikilikdə görüşə üstünlük verilir. Bu minvalla belə görüşlər hələ çox keçiriləcək, xüsusən də bir detalı nəzərə alanda – Rusiyanın şəhərləri çoxdur, o cümlədən də kurort şəhərləri. Soçi görüşünün üstündə dayanmazdıq, bundan əvvəl və sonra bir sıra maraqlı detallar olmasaydı. Bəli, ancaq dövlət məmurları Soçi görüşündən sonra hansısa irəliləyişin olmasından danışa bilərlər. Digərləri isə ən yaxşı halda bu haqda susurlar. Bu görüş ona görə diqqəti çəkdi ki, burada təkcə Qarabağ probleminə toxunulmadı, həm də Rusiya-Azərbaycan münasibəti mövzu kimi gündəmə gəldi, sanki imperator öz imperiyasının ucqarlarındakı vəziyyəti bilmək istəyirdi.

Burada başqa bir detal da var. D.Medvedevin özü bu görüşlərdən ciddi nəticə gözləmir. Bəs onda o, bu görüşləri niyə davam etdirir? Bu, onun PR kampaniyasının bir hissəsidir, Rusiya prezidenti bunu özünün dünya siyasətindəcə çəkisinin artması üçün istifadə edir. Görüşdən əvvəl onun məşhur müsahibəsi oldu və həmin müsahibə bir çox vurğuları öz yerinə qoydu.

LAZIM DAHA GƏLƏSİ OLMADI...

Bəli, D.Medvedev Soçi görüşü ərəfəsində maraqlı müsahibə verdi. Rusiyanı Gürcüstana qarşı təcavüzkarlıqda qınayanlara cavab olaraq D.Medvedev bir sıra mübahisəli fikirlər səsləndirdi. Bunlardan biri də elə bu idi ki, Rusiya ilə Gürcüstan arasındakı müharibə elə Azərbaycan və Ermənistan prezidentləri üçün də dərs oldu, çünki onlar başa düşdülər ki, müharibədənsə elə sonsuz danışıqlar daha yaxşıdır! İlk baxışda belə təəssürat yarana bilər ki, bu, hər iki prezidentə ismarış idi. Amma diqqət edəndə, görürsən ki, bu söhbət daha çox Azərbaycana aiddir. Düzdür, Azərbaycan prezidenti Rusiya-Gürcüstan müharibəsini olimpiadadan, uzaq Çindən seyr edirdi, amma, görünür, siyasi aləmdə də distansion təhsil metodları o qədər də səmərəsiz deyil. Ona görə belə fikirləşirik ki, son illərdə labüddən hərbi ritorika daha çox Azərbaycan rəsmilərinin dilindən eşidilirdi. Bu bəyanatlar o qədər səslənmişdi ki, hətta yerli insanlar arasında lətifəyə çevrilmişdi. Ölkə rəsmiləri hər dəfə yeni bəyanat verərkən bir «lazım gələrsə...» ifadəsini işlətməyi də unutmurdu və insanlar da haqlı olaraq sual edirdilər: «Bəs Lazım nə vaxt gələcək?».
Rus tankları Gürcüstanda, 20 avqust 2008
Bunu ironiya kimi qəbul etmək lazım deyil, çünki D. Medvedev hərbi ritorikaya bir nöqtə qoydu, Azərbaycana işarə edildi ki, müharibə haqqındakı bəyanatları bir az səngitsə daha yaxşıdır.

Amma diplomatiya da sonsuz danışıqlar və bəyanatlar demək deyil. Təəssüf ki, Rusiya prezidenti məsələnin bu aspekti ilə bağlı bir söz demədi. Hər bir siyasətçi çalışır ki, onun vasitəçiliyi ilə baş tutan görüşlərin bir nəticəsi olsun. Amma Medvedev və onun təmsil etdiyi dövlət bunu istəyirmi? Bax, bu suala cavab verərkən adam bir az tərəddüd edir, çünki «hə» deyə bilmir.

RUSİYANI HANSI DÖVLƏTLƏ ƏVƏZ ETMƏK OLAR?

Bədbəxtlikdən Azərbaycanı Rusiya ilə siyasətdən savayı həm də coğrafiya birləşdirir, çünki dövlətlər qonşularını seçmirlər. Amma Konfutsinin maraqlı bir fikri var: hər şeyi öz adı ilə çağırın, onda məsələlər öz həllini tapacaq! Bu baxımdan M.Saakaşvili düz etdi, o, özünü də, Gürcüstanı da illüziyalardan qurtardı, indi Gürcüstanda hamı olmasa da, əksəriyyət Rusiyanın siyasətinin əsl mahiyyətini başa düşür. Bəli, D.Medvedev də, Rusiya da M.Saakaşviliyə qarşı çox acıqlıdır. Amma onlar bir məsələni açıq etiraf edirlər. Medvedev də dedi ki, Saakaşvilinin arxasında ABŞ dayanıb! Bəli, 18 ildə Əliyevlər ölkələri üçün məhz bunu edə bilmədilər, onlar Azərbaycan üçün həqiqi və real bir müttəfiq, dayaq tapa bilmədilər. İndi elə ABŞ-ın sayəsində Rusiya özünün Gürcüstanla münasibətlərində qırmızı xətti görür və bu xətti keçmək istəmir və bunu açıq etiraf edir. Amma Azərbaycanla Rusiyanın münasibətlərində belə xətt yoxdur. Azərbaycan rəsmiləri həmişə bir sual verməyi sevir: biz NATO və AB ilə sıx və sürətli inteqrasiya yolunu tutsaq, təhlükəsizliyimiz kim tərəfindən təmin olunacaq? Bu sualın cavabı artıq verilib: Gürcüstanın təhlükəsizliyini kim təmin edirsə, Azərbaycanın da təhlükəsizliyi məhz elə o təmin edəcək! Amma bu cavab Azərbaycan rəsmilərini qane etmir, çünki bu məsələdə onları narahat edən ölkənin təhlükəsizliyi deyil, onlar sadəcə açıq şəkildə «bizim hakimiyyətin təhlükəsizliyi» deyə bilmirlər, əslində isə məhz elə bunu nəzərdə tuturlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG