Keçid linkləri

Sic Semper Tyrannis. Latın deyimidir və hərfi tərcüməsi “tiranlarla həmişə belə” anlamını verir. Rəvayətə görə bu ifadəni Mark Brut Romada imperatorluq titulunu daimiləşdirmək istəyən Yuli Sezarı öldürərkən deyib. 1865-ci ildə Abram Linkolnun qatili də atəş açarkən bu şüarı səsləndirib.

İroniya ondadır ki, bu şüar Abram Linkolnun qətlə yetirildiyi ştatın - Virciniyanın rəsmi mottosudur. 1776-cı ildə qəbul olunmuş bu motto Virciniya ştatının rəsmi emblemində öz əksini tapıb, ABŞ-ın qurucu atalarından biri olan Corc Meysonun təşəbbüsü ilə. Emblemin təsviri də kifayət qədər dramatikdir: Roma-Yunan əsatirlərindəki ilahələrdən biri əlindəki nizə ilə tiranı öldürür, tiran isə yerə yerə yıxılıb, onu öldürənin ayağı altındadır, tacı da başından yerə düşüb.

Bəs niyə adı ABŞ-ın iri universitetlərindən birinə verilmiş Corc Meyson belə bir qanlı şüarı Virciniya ştatının şüarına çevirib?

DƏYƏRLƏRİN DİAMETRAL ƏKSLİYİ

Yəqin dözülməz münasibətin kökü elə ondadır ki, demokratik idarəçiliklə tiranlıq heç bir ortaq dəyəri bölüşmür. Medalın əks üzündə də eyni dözülməzlik var. Tiranlar da azadlıq tərəfdarlarına qarşı eyni qəddarlığı nümayiş etdirirlər. Daha qədim nümunələri də misal çəkmək olardı, lakin indi gözümüzün önündə öz xalqına müharibə elan etmiş Bəşər ƏsədiMüəmmar Qəddafini xatırlatmaq kifayətdir.

Bu əks düşərgələr arasında döyüşün məntiqi tolerantlığa yer qoymur. Qədim yunan demokratiyalarında tiranı öldürmək hər bir vətəndaşın borcu kimi qanunlara salınmışdı. Hesab edilirdi ki, bu məsələdə azacıq yumşaqlıq ölkə vətəndaşlarının azadlığını tiran tapdağına qurban edər.

Müammar Qəddafi
Demokratiya ortaq mənafelərin qorunması ideyası üstündə qurulub. Tolerantlıq da məhz ona görə şərtdir ki, hərə öz düşüncəsi ilə bu ortaq mənafeləri müəyyənləşdirsin və ona xidmət etsin. Tiranlığın isə ideya bazası fərqlidir. Cəmiyyət bir nəfərin düşüncəsinə, istəklərinə, şıltaqlıqlarına tabe edilir. Bir nəfər hər şeydir, hamı isə heç nə. Tiranlıq cəmiyyətdə hər bir kəsin şəxsiyyətinin ölümü deməkdir.
“Sic Semper Tyrannis” şüarı tiranı bir virus kimi kateqoriyalaşdırır və ona qarşı məhz “anti-virus” yanaşması sərgiləyir.

TİRANLIQ VİRUSDURMU?

Qədim yunanlar tiranlıq anlayışını monarxiya anlayışından fərqləndiriblər. Hesab olunub ki, monarxiyada idarə edilənlər idarə edənin legitimliyini könüllü şəkildə qəbul edirlər (məsələn, onu yerdə Allahın seçilmiş bəndəsi saydıqlarına görə).
Tiranlıq isə sırf güc üstündə bərqərar olmuş və idarə etməyə layiq olmayanın zora söykənərək idarə etdiyi bir rejim kimi xarakterizə olunurdu. Aristotelin təsvirində bu belə idi.

Həmin Aristotelin “Siyasət” əsərində tiranlığın təsvirinə dair maraqlı bir epizod var. Korinfdə hakimiyyəti təzə ələ keçirmiş tiran Periandr Miletin çoxillik tiranı Frasibulun yanına elçi göndərib məsləhət istəyir ki, narazı camaatı itaətdə saxlamaq üçün məsləhət alsın.

Frasibul heç nə söyləmədən Periandrın elçisini taxıl zəmisinə aparır və əlindəki çomaqla hündürə qalxmış sünbülləri vurmağa başlayır. Periandrın da istədiyi məsləhət bu idi – ölkədə başqalarından öz gücü, var-dövləti, istedadı, ağlı ilə seçilənləri vurub, üsyan ocağının yaranmasını əngəlləmək.

Üstündən min illər keçsə də, tiranlığın idarəçilik modeli dəyişməzdir.

İndi təsəvvür edin ki, cəmiyyətdə vurulanlar normalda cəmiyyəti irəli aparmaq üçün yaranmışlardır, yüksələnlər isə normalda yüksəlişə layiq olmayan, məhz tiranın iradəsi ilə yüksəlmişlərdir. Tiranlığın məntiqi bunu tələb edir. Yaranmış sistemi virus kimi xarakterizə etmədən bu reallığı anlamaq olarmı? Axı bu dinamika cəmiyyəti inkişafdan saxlayır və onu məhvə aparır.

Aleksandr Podrabinek
TƏBİƏTİN BALANSI

Aleksandr Podrabinekin qrani.ru saytında çap edilmiş “Azadlıq və rüşvət” məqaləsi maraqlı bir baxış bucağı təklif edir. Müəllif yazır ki, qeyri-azad cəmiyyətlərdə tiranlığın yaratdığı sayd-effektlər – rüşvətxorluq, qeyri-effektiv idarəçilik, təşəbbüskarlığın boğulması və ətalət yerdə qalan dünyanı belə xəstə cəmiyyətlərdən qorumaq üçün lazımdır.

Müəllif nümunə də verir. Bir anlığa təsəvvür edin ki, 2008-ci ildə Gürcüstana hücum əməliyyatını rüşvətdən azad, normal təlim görmüş hərbçilərin təşkil etdiyi, vaxtında təmir edilmiş hərbi texnikanın iştirak etdiyi mükəmməl bir Rusiya ordusu həyata keçirir.

Gürcüstan məhv olardı. Təbiət azadlığın olmadığı cəmiyyətlərdə tiraniyanı müşayiət edən korrupsiyanı, qeyr-effektiv idarəçiliyi, yaltaq və lazımsız kadrları özünü-dağıtma mexanizmi kimi yetişdirib ki, tiranlığın çiçəkləndiyi cəmiyyətlər məhv olsun.

Bu dəhşətli mexanizmin işə düşməməsi üçün isə problemin kökü həll olunmalıdır. Nə korrupsiya ilə vuruşmaq lazımdır, nə də məmur özbaşınalığı ilə.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG