Keçid linkləri

Berdymukhamedov oxumasın, nə etsin?





BƏLİ, BİRCƏ BU ÇATMIRDI!

Türkmənlərin elə özlərinin dediyi tək, çox hörmətli prezident indi də oxumağa başladı. Bu mənzərəni sadəcə, seyr etmək lazım idi, zal ayaq üstə dayanaraq prezidentini əsl estrada ulduzu tək alqışlayırdı.

Bəli, hamı kimi mənim üçün də diktatura və avtoritar rejimlər elə bir yenilik deyil, biz əsl mənada insanda ikrah yaratmaq səviyyəsində olan şəxsiyyətə pərəstiş görmüşük. Bir vaxt L. Brejnevin az qala Tolstoyun «Hərb və sülh» romanı ilə bir səviyyəyə qaldırılan üç kitabçasından inşa və imla yazmışıq, qərəz, çox şey olub o vaxtlar.

Amma sonradan düşünürdük ki, bütün bunlar artıq tarixin çevrilmiş səhifəsidir. Fəqət, bəlli oldu ki, hətta Brejnevin özü də fantaziyasına görə, məsələn, S. Türkmənbaşıdan çox-çox geri qalırmış. Ən azı ona görə ki, o, öz xalqı üçün dini əvəz etməli olacaq «Ruhnamə» yazmaq fikrinə düşməmişdi.

STALİNİZM QAYIDIR?

Brejnevin iddiaları daha kiçik idi, o, sadəcə, istəyirdi ki, xalq onu sovet rejiminin fədakar qurucularından biri kimi qəbul etsin, ona heç olmasa, Stalin qədər pərəstiş etsin. Amma Brejnevin iddialarına ironik münasibət bildirməyə cəsarət göstərənlər də vardı, Türkmənistanda beləsi yoxdur.

M.Şoloxov bir dəfə demişdi ki, bəli, İ.Stalinin dövründə şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət də vardı! Rus yazıçısı elə bu fikri ilə bir çox kiçik diktatorların ümidini qırmışdı, onların nə qədər tragikomik şəxsiyyət olduğunu göstərmişdi.

Mən burada Stalinə bəraət qazandırmaq istəmirəm, onun özü də elə tragikomik şəxsiyyət idi. İkicə detal deyəcəm. Rus dilindən savayı başqa bir dil bilməyən və bu dildə də dəhşətli bir gürcü ləhcəsində danışan Stalin dilçi alimlərlə polemikaya girirdi, dilçiliyin problemləri haqda «elmi məqalələr» yazırdı!..

Digər bir detalı akademik Y.Xariton xatırlayır. O yazır ki, bir dəfə Kremlə iclasa dəvət olunubmuş. Otağa girəndə gözləri ilə Stalini axtarır, amma onu tapa bilmir. Ancaq L.Beriya gözünün işarəsi ilə ona kiçik bir qocanı göstərəndən sonra o, Stalini tanıyır. Bəli, həmin kiçik qoca adam hamının canlı-cüssəli təsəvvür etdiyi, heykəllərdə belə təsvir edilən və təkcə bığları bir adam boyda olan İosif Stalin idi.

Napoleon da çox balaca adam olubmuş. Amma onun bir bəraəti var. Bu balaca general daim hərbi libas geyən Stalindən, özünə marşal rütbəsi və dinc dövrdə qəhrəman ulduzu verən Brejnevdən fərqli olaraq Vaterloo döyüşündə bayrağı götürüb əsgər kimi irəli cumurdu... Bəli, hər boyu balaca adam Napoleon olmur.

Mən indi D.Medvedevi maraqla izləyirəm. Özü üçün bir siyasi obraz yaratmaq və insanların rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxır. Mübaliğəsiz demək olar ki, bu gün Rusiya siyasəti iki aktyorun teatrıdır - aktyorlardan biri D.Medvedev, digəri isə V.Putindir. Bunlar gah idmançı olurlar, gah balıq tuturlar, gah da başqa bir şey edirlər!

Sual yaranır: bütün bunların əvəzinə bir iş görmək olmazdımı? Bəlkə işlə insanların xoşuna gəlmək daha yaxşı olardı!

Qayıdıram Türkmənistan prezidentinə. Mənə elə gəlir ki, bu adam öz ölkəsində darıxır. O, bilir ki, nə etsə, nə desə, hətta axmaq bir iş görsə belə, onu göylərə qaldıracaqlar, yenə də tərif edəcəklər! Ona görə də oxuyur! Və əvvəldə yazdığım kimi, publika da onu ayaq üstə dayanaraq elə əsl estrada ulduzu kimi alqışlayır!

Kimdir günahkar?

HAKİMİYYƏT İNSANLARI KORLAYIR, YOXSA...

Belə bir deyim var ki, hakimiyyət insanı korlayır, mütləq hakimiyyət isə onu elə tamam-kamal, mütləq mənada korlayır. Çox az adam tapıla bilər ki, özü hakimiyyətin şirnikləndirici, bihuşedici təsirlərinə qarşı dayana bilsin, belə adamlara tarixdə çox az təsadüf olunub.

Təsəvvür edin, hamı sizə yaltaqlıq etmək üçün bir fürsət axtarır, hamı sizin diqqətinizi cəlb etməkdən ötrü lap dəridən-qabıqdan çıxır... Etiraf edin ki, insan belə halın qarşısında acizdir, ancaq nadir adamlar özlərini belə halların təsirindən hifz edə bilərlər.

Bəzi tarixçilər alman şairi V.Höteni bir qədər lakey xarakterli adam kimi qələmə verirlər. Lakin Napoleon onunla görüşdən sonra demişdi: «Bax, buna İnsan deyərlər!». B.Assad, M.Gaddafi kimiləri istisna etsək, hətta avtoritar təbiətli insanlarda da müəyyən vaxtlar bir insani hisslər baş qaldırır. Sadəcə, onlar müqavimət istəyirlər və onlara bu müqaviməti göstərmək lazımdır. Fərdlər, cəmiyyət çox şey edə bilər. Nahaq yerə demirlər ki, hər bir xalq öz liderinə layiqdir. Ona görə də Berdymukhamedov oxumasın, nə etsin?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG