Keçid linkləri

Azərbaycanın Suriya dilemması...


Suriya Prezidenti Bashar Assad Bakıda həmkarı İlham Əliyevlə görüşür, 8 iyul 2009

Suriya Prezidenti Bashar Assad Bakıda həmkarı İlham Əliyevlə görüşür, 8 iyul 2009


... Pulu gizlicə məlum sözlərlə başımın üzərindən hərlədib Suriya sərhədçilərinə verdim

2000-ci il idi, Livandan Bakıya geri qayıdırdım. İki ölkə arasında birbaşa təyyarə reysi olmadığından gəldiyim kimi Livandan Suriyaya keçməli və oradan da Bakıya uçan təyyarəyə minməli idim. Livanda yol boyu Suriya tanklarını və hərbçilərini müşahidə etmişdim. O illərdə Suriya Livana tam nəzarət edir, bu ölkəni faktiki işğalı altında saxlayırdı.

Livan-Suriya sərhədinə yetişdikdə əməllicə ilişdim, sənədlərimin qaydasında olmasına baxmayaraq Suriya sərhədçiləri məndən açıq-aşkar rüşvət istədilər. Müqavimət göstərməyin yeri yox idi, əks halda sərhəddə gecələməli olacaqdım. Pulu gizlicə başımın üzərindən məlum sözlərlə hərlədib sərhədçilərə verdim. Suriya ilə tanışlığım beləcə başladı.

Ataların ilk tanışlığı...

SSRİ dövründə Dəməşqlə Moskva arasında çox sıx münasibətlər olub. SSRİ Suriyaya silah satır, bu dövlətin İsrailə qarşı müqavimətini dəstəkləyirdi. Heydər Əliyev SSRİ dövründə Azərbaycana rəhbərlik etməsinə baxmayaraq Suriya lideri Hafiz Assad-la bir neçə dəfə görüşüb.

Aydındır ki, bu görüşlər və yaxınlıq Moskvanın birbaşa təlimatı ilə həyata keçirilib, yoxsa o illər respublika başçısının ixtiyarı nə idi ki, özbaşına hansısa xarici dövlətlə təmaslara baş vursun. Heydər Əliyev ilk dəfə Suriyanı 1972-ci ildə ziyarət edib.

Daha sonra Hafiz Assad SSRİ-yə rəsmi səfər edərkən Azərbaycana da gələrək yenidən Heydər Əliyevlə görüşüb. 1984-cü ilin martında isə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Suriya paytaxtına gedərək yenidən köhnə dostu ilə bir araya gəlib.

... oğullara çatan miras

SSRİ dağıldıqdan sonra Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin martında yaradılıb. Heydər Əliyev uzun aradan sonra Hafiz Assad-la bir də 1997-ci ildə Tehranda görüşüb. Həmin tarixdə İran paytaxtında İslam Konfransı Təşkilatının zirvə toplantısı keçirilirdi.

Azərbaycan və Suriyada hakimiyyət atadan oğula keçdikdən sonra münasibətlərdə yeni dövr başladı. Suriya prezidenti Bashar Assad 2009-cu ilin iyul ayında Azərbaycana səfər edərək İlham Əliyevlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi yolları haqqında müzakirə apardı. Bu səfər zamanı xeyli memorandum imzalanıb.

Təkcə onu qeyd etmək kifayətdir ki, Nazirlər Kabinetində müxtəlif sahələri əhatə edən 14 hökumətlərarası sənəd imzalanıb. Bu səfərdən bir il sonra isə Azərbaycanın sənaye və energetika nazirinin Suriyaya səfəri zamanı hər il bu ölkəyə 1-1,5 mlrd. kub metr həcmində qaz satılmasına dair razılıq əldə olunub.

BMT-də necə səs verəcəyik?

Suriyada gərginlik və şiddət azalmır, hər gün onlarla dinc insan qətlə yetirilir. ABŞ və Avropa Birliyi ölkələri Bashar Assad “Sən getməlisən” deyiblər, ardınca bu ölkəyə qarşı siyasi və iqtisadi sanksiyaların tətbiqi gündəmə gətirilib. Bundan başqa, Qərb dövlətləri Suriyada qətliamlara imza atan məmur və hərbi generalların siyahısını tuturlar ki, gələcəkdə onlar üzərində beynəlxalq məhkəmə qurulsun.

Suriya ilə dünənə qədər isti münasibətlərdə olan Türkiyə belə Assad rejimindən üz döndərmək üzrədir. Belə olan halda Bakının Suriyadakı hadisələri kənardan seyr etməkdən başqa çarəsi yoxdur. Bu ölkəyə qaz satışı da qeyri-müəyyən müddətədək təxirə salındı.

Bakıda rəsmilər Azərbaycanı Cənubi Qafqazın lider dövləti adlandırmağı xoşlayırlar. Ancaq liderlik yalnız neft və qaz idxalının həcmi ilə ölçülmür. Elə ki, bölgədən uzaqda olmayan məkanda hansısa ciddi hadisə cərəyan edir, rəsmilər həmin an qeyri-rəsmi söhbətlərdə bu ifadəni işlətməyə üstünlük verirlər: “Biz balaca dövlətik, ona görə də ətrafda baş verənlərə reaksiya verməklə Azərbaycanın durumunu çətinləşdirə bilərik. Bu böyük dövlətlərin başağrısıdır”.

Əlbəttə bu yanaşma reallığı daha çox əks etdirir. Ancaq bir gün Suriyadakı rejimin məsələsi BMT Təhlükəsizlik Şurasının müzakirəsinə və səsverməsinə çıxarılarsa, Azərbaycan hakimiyyəti hansı mövqedən çıxış edəcək? Axı Bakı bu ilin sonuna qədər BMT Təhlükəsizlik Şurasının 15 üzvündən biri olmaq istəyir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG