Keçid linkləri

Natiq Ədilov bir zamanlar qardaşının evində yaşayan eks-prezident Əbülfəz Elçibəydən yazıb. Avqustun 22-də vəfatının 11-ci ildönümü qeyd olunacaq Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin 1992-ci ildə çıxan «Deyirdim ki, bu quruluş dağılacaq» kitabında yazırdı:

«O yerdə ki millətin hamısı kölədir, hamısı faciənin içində yaşayır və məmləkət dağılır, orda evin olub-olmaması elə bir şey deyil...
Qardaşımın evində yaşayıram. Burda ayrıca otağım var, yazıram, oxuyuram. Məndən vəziyyəti yüz dəfə pis olan insanlar var; beş balası, on balası var, nəmin, xəstəliyin içərisində, zirzəmilərdə çürüyürlər.

Mən xaricdən gələndə kağız gətirmişdim ki, növbəsiz ev versinlər. Getdim Bakı Sovetinə. Mən növbətəykən bir yaşlı qadın ora gəldi. Ordakı adam dedi qadına dedi ki, səni dinləmək də istəmirik. Qadınsa deyirdi ki, dörd nəvəm var, oğlum da ölüb. Uşaqlar xəstəlikdən ölürlər. Mənə bir quru otaq verin, uşaqları suyun içindən çıxarım. Qadın danışdı, ağladı, getdi.

Sonra məndən soruşdular ki, siz nə istəyirsiniz? Dedim ki, sizin kimi adamdan heç nə istəmirəm. Bu cür adama siz ev vermirsinizsə sizdən nə alsam xeyir görmərəm. Bir –iki ayrı söz dedim, çıxdım getdim...».

MƏKTUB ÇATDI, CƏSARƏT ÇATMADI

Azadiq isə 13 yaşlı qızın Azərbaycan prezidenti İlham Əliyevə məktub yollamasından yazıb:

«Adelina, mənim də sənə ürək sözlərim var. Sən İlham Əliyevdən nə qədər narazılıq etsən də indiki sülh içindəki firavan həyatına görə bu rejimə minnətdar olmalısan. Məktubda çoxlu faktlar gətirilsə də, sənin borclu qalacağın iki gün qeyd edilməyib. Biri 10 may, digəri 15 iyun. Birinci gün sənin xoşbəxtliyinin baiskarı Heydər Əliyevin doğum günüdür. O olmasaydı, heç vaxt rüsvayçı atəşkəs müqaviləsi imzalanmazdı, sən dünyaya gələ bilməzdin. Bəlkə də bugünədək bunkerlərdə gizlənməli olacaqdın.

İlham Əliyev
İkinci gün 15 iyun – «Qurtuluş» günüdür. Məhz bu gündən sonra 6 Azərbaycan rayonu peşkəş verildi. O rayonlar verilməsəydi, sən yaşadığın Stepanakertdə (Xankəndi) rahat otura bilməyəcəkdin. Azərbaycan əsgərinin atdığı güllə düz sənin həyətinə düşəcəkdi. Sən də bu məktubu yazmadan öncə xeyli fikirləşəcəkdin.

Səni Bakıya dəvət edirlər. Yaxşı olardı ki, 10 may günü Bakıya gələsən. Ulu öndərin heykəli qarşısında əyilib, müharibəsiz həyat üçün ona təşəkkür edəsən».

ERMƏNİLƏRİN «MİLLİ RƏQSİ» - «FƏRİDƏM» MAHNISI« ?

Araz Bayramov Batumi şəhərində Qafqazlılar üçün təşkil olunan bir düşərgədə yaşananlardan yazır. Dediyinə görə, «erməni-müsəlman davası» söhbətlərindən xoşu gəlməsə də, bu dəfə işə qarışmalı olub:

«Üç dörd dənə erməni ortaya düşüb «Fəridəm» mahnısını oynayırdı. «Bir baxmısan, bir də bax mənim gözəl Fəridəm». Bu tip hərəkətlərə qarşı səbirli və təmkinli olmağın tərəfdarı olsam da artıq səbrin və təmkinin yeri yox idi... Nə isə eləmək lazım idi və mən də lazım bildiyimi elədim. Tamaşaçı kimi oturmuş insanların arasından çıxaraq rəqs edənlərə yaxınlaşıb gözləməyə başladım.
... Mikrofunu əlimə aldım və ingiliscə dedim:

- Dostlar, sonuncu səslənən mahnı Azərbaycanın milli mahnılarından biridir. Mən ermənilərə təşəkkür etmək istəyirəm ki bizim mahnımızı səsləndirdilər. Çox sağ olun.

Bunu deyib mikrofonu söndürdüm. Bu çox qısa nitq gurultulu alqışlara səbəb oldu. Bu ilk baxışdan dostluq üçün edilmiş bir jestə bənzəyirdi. Bəlkə də onun üçün çox insan bunu alqışladı. Amma bu həmin tip jestlərdən deyildi. Elə ermənilərdən birinin də dediyi kimi onların təqdimatını zay edən bir çıxış idi».

Mingəçevir
YÜKSƏL, YÜKSƏL, ENMƏ BAYRAQ!

Mingəçevirdən yazan bloqçu Anar Quliyev bu şəhərdə dövlət bayrağına qoyulan hörmətdən yazıb:

«Evimizin 50-60 metrliyində Mingəçevir Şəhər Hərbi Komissarlığı var. Ondan əvvəl Polis Şöbəsidir, sonra da İşıq İdarəsi; qarşısında Məhkəmə binası, Mərkəzi poçtamt. Yaman gur yerdi – günün bəzi vaxtlarında iynə atsan, yerə düşməz! Amma bu boyda millətin (elə bir il ərzində mənim də) gözündən bu boyda səhv necə qaçıb, qəribədir.
Strasburq yadıma düşdü!
Mingəçevir Şəhər Hərbi Komissarlığının girişində asılmış bayraq, bizim bayraq deyildi!
Nə vaxta kimi, a millət? Nə vaxta kimi biz bu cür biganə, səriştəsiz, məsuliyyətsiz olacayıq? Vallah, başqa dövlətdə adi insanın əlində təhrif olunmuş vəziyyətdə Dövlət Bayrağını görsələr, həmin adamın dərisini boğazından çıxararlar. Amma bizdə… Ölkənin bu vəziyyətində (Qarabağ məsələsini deyirəm), belə bir qurumun binasında bu boyda səhv ola… Bağışlanmazdı, a milllət. Çünki, sabah, bəlkə də elə bu gün, birisi çıxıb rişxəndlə arxamızca: bu tərs bayraqla hara gedirsiz, a millət, deyəcək?!».

BLOQ DÜNYASINDA FƏALLIQ

Bloqsfer 2010
Son zamanlar bloq dünyasında fəallaşma sezilir, bloqqerlər bəhsə girişiblər. Elə Etibar Salmanlı da belələrindədir. Bloqosferdə fəallığın artmasını isə belə izah edir:

«Oturub fikirləşirdim ki, görəsən səbəblər nədir bu dərəcədə bloqqerlərin aktivləşməsinə. Bir ara fikirləşdim ki, yəqin bloqqerlər yay istirahətinə gediblər, istirahət ediblər indi tam güclə yazırlar. Sonra amma fikrimdən vaz keçdim…
Amma deyəsən əsl səbəbi tapmışam. Deyəsən fəallaşmanın əsas səbəbi qarşıda gələn Blogosfer 2011-dir. Məhz foruma görə blogging də bu qədər çox aktivləşmə var… Bəlkə də, səhv edirəm…Ancaq bu mənim fikrimdir…».

İŞSİZLƏRİN ƏKSƏRİYYƏTİ AZƏRBAYCANDA TƏHSİL ALAN ŞƏXSLƏRDİR

Bunu isə Pirimovdur yazan. Və qeyd edir ki, bu gün işə götürmə standartlarına baxılarsa şirkətlər daha çox xaricdə təhsil alanlara üstünlük verirlər, nəinki daxildə oxumuşlara.

Şərhləri göstər

XS
SM
MD
LG