Keçid linkləri

Təcili xəbərlər

Xəzərdə neft quyuları azalır


Xəzərdə Çrıaq platforması
Xəzərdə Çrıaq platforması
«BP-Azerbaijan» şirkəti nəhayət ki, 2011-ci ilin I yarısına dair hesabatını açıqladı. Burada verilən bəzi məlumatlar əsasında da hasilatla bağlı maraqlı mülahizələr söyləmək imkanı var. Nəyə görə diqqəti hasilata çəkirəm, çünki bütün yay boyu statistika Azərbaycanda neft hasilatının azaldığını «quru rəqəmlərlə» göstərir, bir sıra rəsmilər isə azalmadakı səbəblərdən ümumilikdə danışırdılar.

Düzdür, BP-nin yaydığı məlumatlar da geniş təhlil üçün yetərli deyil, ancaq hasilat məsələsindən agah olmağa yaxşıca bir materialdır.

BP NƏYİ AÇIQLADI

«Bu ilin birinci yarısı ərzində biz «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından birlikdə gündə orta hesabla 775.7 min barel (b/g) (və ya ümumilikdə birinci altı ay üçün 140.4 mln barel və ya 19 mln ton) neft hasil etmişik.

I yarım ilin sonunda bizim ümumilikdə AÇG-də 60 hasilat quyumuz və 25 injektor (texniki – İ.Ş.) quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır:

  • «Çıraq» - 11 hasilat quyusu istismarda olub və yanvar-iyun aylarında ordan orta hesabla gündə təxminən 78.7 min barel neft hasil edilib.
  • «Mərkəzi Azəri» - 18 quyu istismarda idi (12 hasilat, 5 qaz injektor quyusu və bir suvurma quyusu) və orta hesabla 216.1 min barel hasilat əldə edilib.
  • «Qərbi Azəri» - 20 quyu istismarda idi (14 hasilat və 6 suvurma quyusu) və orta hesabla təxminən 218.6 min barel hasilat əldə edilib.
  • «Şərqi Azəri» - 15 quyu istismarda idi (11 hasilat və 4 suvurma quyusu) və orta hesabla təxminən 131.9 min barel hasilat əldə edilib.

BU, NƏ DEMƏKDİR?

Yəni, cari ilin yanvar-iyun aylarında «Azəri-Çıraq-Günəşli» yataqlarından hasil edilən neftin həcmi 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə nə az, nə çox – düz 9.6 mln barel və ya 1.2 mln ton az olub. Hasilatın azalmasının bir səbəbi quyuların məhsuldarlığının azalmasıdırsa, digər səbəbi isə hasilat quyularının ömrünü başa vurmasıdır.

Belə ki, bu tip meqayataqların işlənməsi zamanı daim yeni quyular qazılmalıdır. Düzdür, obyektiv səbəblərdən əməliyyat şirkətinə son 2 il yarımda bu prosesi layihəyə uyğun olaraq həyata keçirmək mümkün olmayıb. Bu səbəbdən də yeni hasilat quyuları vaxtında istismar fonduna daxil edilməyib.

Faktlara diqqət yetirək, 2010-cu ilin I yarısında quyuların sayı və hasilat aşağıdakı kimi idi:

  • «Çıraq» - 13 hasilat quyusu fəaliyyətdə olub (indiki dövrlə müqayisədə onların sayı 2 ədəd azalıb – gündəlik orta hasilat 25.6 min barel aşağı düşüb),
  • «Mərkəzi Azəri» - 13 hasilat quyusu (1 ədəd azalıb, ancaq hasilatın 13.6 min barel həcmində gündəlik artımı baş verib),
  • «Qərbi Azəri» - 15 hasilat quyusu (1 ədəd azalıb, həcmin gündəlik azalması – 37.4 min barel),
  • «Şərqi Azəri» - 9 hasilat quyusu (3 ədəd azalıb, həcmin gündəlik azalması -6.5 min barel),
  • «Dərinsulu Günəşli» - 12 hasilat quyusu (quyuların sayında dəyişiklik baş verməyib, həcmdə isə gündəlik hasilat orta hesabla 4 min barel artıb).

Demək, cari ilin 6 ayında «Azəri-Çıraq-Günəşli» yataqlarındakı 5 stasionar platformada 5 hasilat quyusu fəaliyyətini dayandırıb. Bu isə hasilatın kifayət qədər aşağı düşməsi üçün ciddi faktordur, çünki AÇG-dəki quyular adətən yüksək məhsuldarlıqları ilə seçiliblər.



NƏTİCƏ

Cari ilin II yarısında təqribən 18 gün ərzində «Çıraq» platformasında neft hasilatı modernizasiya işləri ilə əlaqədar tamamilə dayandırıldı. Bundan əlavə, sualtı kommunikasiya qurğularının cari təmiri ilə əlaqədar «Mərkəzi Azəri» platforması da bir-neçə gün tam gücü ilə işləmədi.

Yəni, iyul-dekabr aralığında hasilat bir qədər də geriləyəcək və ötən illə müqayisədə ola bilsin fərq 2.6-2.8 mln tona çatsın. Xatırladım ki, 2010-cu ildə AÇG-də indiyə qədər ən yüksək hasilat qeydə alınmışdı – 40.6 mln ton.

Bir şeyi də diqqətə çatdırım ki, 2010-cu ilin nəticələrinə görə, BP-nin dünya üzrə 10 ən məhsuldar karbohidrogen quyusundan 6-sı Azərbaycanda yerləşir.
XS
SM
MD
LG