Keçid linkləri

Dövlətlərin də insanlar tək xarakteri olmalıdır. Bu xarakter aydın, hadisələrə adekvat olmalıdır ki, sonradan qınanmasınlar. Tarixdə beynəlxalq əlaqələri və siyasəti bir neçə prinsip əsasında qurmaq təşəbbüsü olub. Əvvəlcə, güc, daha sonra milli maraq, daha sonra isə güc və balans konsepsiyaları tətbiq edilib.

20-ci əsrdən, ABŞ-ın beynəlxalq münasibətlərdə rol oynamağa və onu korrektə etməyə başladığı vaxtdan dünya siyasətinə həm də bir prinsip toplusu gətirmək cəhdləri müşahidə olunub. İndi bəlkə də dünya siyasəti üç amil üzərində bərqərar olub – güc, milli maraq və bir də prinsip.

Amma indi yenə də siyasətin ağırlıq mərkəzinin milli maraqlardan daha çox prinsiplərə doğru dəyişməsi, daha doğrusu milli maraqların yeni məzmun kəsb etməsi hiss olunur. Bu, daha çox özünü avtoritar rejimlərə münasibətdə geosiyasi sifarişin azalmasında təzahür etdirir. «Ərəb baharı»nın indiki vaxtında kimsə yenə də hadisələrdə «geosiyasi çalarlar» axtarmağa cəhd edirsə, bəri başdan deyək ki, bu, uğursuz cəhddir.

Amma belə qiymətləndirmə təəssüf ki, hamı tərəfindən qəbul edilmir. Məsələn, Rusiya bir neçə ay keçdikdən və Liviya qiyamçıları paytaxtı tam ələ keçirəndən sonra milli keçid hökumətini tanıya biləcəyini bəyan etdi. Bəlkə də dövlət başçısının Şimali Koreyanın avtoritar lideri Kim Çen İrlə görüşmək üçün uzaq Buryatiyaya yollanmış ölkənin belə addımı təəccüb doğurmamalıdır.

Amma bir məsələ təəccübdən savayı heç bir təəssürat oyatmır: doğurdanmı Rusiya belə hesab edir ki, onunla yalnız avtoritar rejimlər əməkdaşlıq edə bilər? Burada yadıma bir neçə illər öncə bir rus politoloqunun yazdığı məqalə düşür. Həmin politoloq yazırdı ki, ölkə ən azı böhrandan çıxana qədər çalışmalıdır ki, onun ətrafındakı kiçik ölkələr böhran içində qalsınlar!

Etiraf edin ki, burada özünə qarşı bir inamsızlıq və tərəddüd hiss edilir. Rusiya inkişaf etmiş və azad ölkələrin ona qarşı maraq göstərəcəyinə inanmır. Amma yenə də sual yaranır: bu, cəmiyyətin qənaəti hesab edilməlidir, yoxsa dar bir çevrənin?

NÖMRƏLƏNMİŞ REJİMLƏR

Bundan əvvəlki sualı nahaq sormadım. Bir neçə il bundan əvvəlin hadisəsi yadıma düşdü. Rusiya kanallarının birində siyasi veriliş gedirdi və söhbət də Rusiyanın keçmiş sovet ölkələri ilə əlaqələri haqda idi.
Dmitri Medvedev və Bəşər Əsəd, 11 may 2010
Çıxış edən yerli mütəxəssislər nə qədər Rusiyanın MDB ərazisində fəal olmasından danışsa da, yekun sorğu zamanı insanlar çox maraqlı nəticə ortaya qoydu: məlum oldu ki, adi insanlar Rusiyanın MDB ölkələrinin işinə qarışmasını istəmir!

O vaxtdan bir neçə il keçib, amma Rusiya öz siyasətini dəyişməyib. Ən maraq doğuran hadisə də budur ki, bu siyasətin kim tərəfindən formalaşması belə məlum deyil. Rusiya nə edir? Dünyanın ən mürtəce rejimlərinə hamilik edir.

Əvvəllər İraqa dəstək verib S.Hüseyni müdafiə etdilər, amma sonra bundan vaz keçdilər. Daha sonra Serbiyaya dəstək verməyə cəhd etdilər, amma bu məsələdə də ciddi bir nəticə hasil edə bilmədilər. Daha sonra Liviya rejimini və onun liderini müdafiə etdilər, lakin srağagün bundan da əl çəkdilər. İndi B.Əsədi müdafiə edirlər.

Məgər aydın deyilmi ki, B.Əsədi də M.Qəddafinin taleyi gözləyir? Əvvəlki yazılarda Rusiya siyasətini iki aktyorun teatrı kimi səciyyələndirməyə cəhd etmişdim. Hətta yazılardan görürsən ki, cəmiyyət çərçivəsində çox fərqli düşünən, hətta mütərəqqi düşünən insanlar da var, amma siyasət elə bil yalnız müharibə qoxuyur.

Y.QAYDAR HAQLI İDİMİ?

Rusiyanın Qərbyönümlü siyasətçilərindən biri artıq vəfat etmiş Yeqor Qaydar idi. O, Rusiyanı çox maraqlı tərzdə xarakterizə etmişdi: daim gecikən və daim də dünyanın ardınca qaçan sivilizasiya! Qaydar önə keçməyin və öndə olmağın da reseptini göstərmişdi. Amma buna əməl etmədilər, çünki Kim Çen İrə silah satmaq bəşəri məzmunlu, mütərəqqi iqtisadiyyat qurmaqdan daha sərfəlidir. Hər halda, indiki Rusiya siyasəti belə düşünməyə əsas verir.

İndi də Rusiyada da Qaydar kimi düşünən insanlar var. Amma onların səsi böyük siyasətə çatmır. Onların hər bir çıxışına Medvedev – Putin alyansının yazarları bir səhifəlik məqalə ilə cavab verirlər. Rusiyanı həm də bataqlıqlar ölkəsi adlandırırlar. Bəlkə bu da bir simvolik məna kəsb edir?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG