Keçid linkləri

Təcili xəbərlər

«Balans» Azərbaycanı İrandan qoruyacaqmı?


İran ayətullaları raketin buraxılmasını izləyirlər, 28 iyun 2011
İran ayətullaları raketin buraxılmasını izləyirlər, 28 iyun 2011
Liviyadan sonra bütün diqqət Suriya üzərində cəmləşəcək. Elə indidən beynəlxalq aləm Suriya rejiminə qarşı siyasi və iqtisadi sanksiyaların qəbulundan danışır. Qərb liderləri Suriya diktatoru Bəşir Əsədə birmənalı olaraq «Sən getməlisən!» deyiblər. Bu ifadə Suriya rejimi ilə bütün körpülərin yandırılması deməkdir, ona növbəti şans verilməyəcək. Əsəd özü də başını itirib. O, hər dəfə «Ordu bu gündən atəş açmayacaq» desə də, eyni gündə bu ölkədən yenə ölən və yaralananlar haqqında xəbərlər gəlir. Beynəlxalq aləm Liviya diktatoru Qəddafidən bezərək hərəkətə keçdiyi kimi, sözünün üstündə dayanmayan Əsədlə xudahafizləşmək qərarını da gerçəkləşdirəcək. Bu durum da İrandakı rejimi ciddi düşüncələrə qərq edib...

TEHRANIN İKİ YOLU VAR

Suriya rejimi ərəb dünyasında İranın yeganə və sınanmış müttəfiqidir. 8 illik İran-İraq müharibəsində Tehran qonşulardan yalnız Əsəd rejiminin dəstəyinə bel bağlayıb. Bu səbəbdən İraq diktatoru Səddam Hüseyn suriyalı həmkarından yanıqlı idi. İran müharibədən sonrakı illərdə də Suriyadan faydalanıb. Tehran öz təsiri altında saxladığı «Hezbollah» və «Həmas» kimi qruplaşmalarla məhz Suriya üzərindən əlaqə qurub, onlara silah və maliyyə ötürüb. Başqa sözlə, Tehran Suriya üzərindən Yaxın Şərqdəki proseslərə nəzarət etmək imkanı qazanıb. Odur ki, Suriyanın itirilməsi İran rejiminin daha çox qapanması anlamına gələcək.

Suriyada hakimiyyətdə olan şiə azlığın gələcəkdə sünni çoxluqla əvəzlənməsi bu ölkənin Qərblə yaxınlığını gücləndirəcək. Çətin ki, bundan sonra Qərb İran rejiminin Suriya torpaqları üzərindən Yaxın Şərqdəki silahlı qruplaşmalara yardımına seyrçi qalsın. Bunu İranda da anlayırlar. Belə olan halda, İran prezidenti Mahmud Əhmədinejatın iki yolu qalıb.
Bəşər Əsəd və Müəmmər Qəddafi, 22 mart 2005
O, ya indiki rejimdən əvvəlkitək ikiəlli yapışaraq Suriyadakı qətliamları dəstəkləməli, ya da bir qədər fərqli mövqe nümayiş etdirərək Dəməşqi müxalifətlə dialoqa çağırmalıdır. Birinci yol suda boğulanın saman çöpündən yapışmasına bənzəyir. Tehranın Suriyada hakimiyyətini tədricən itirməkdə olan despotik tərəfə üstünlük verməsi onun bu ölkədə gələcək qüvvələrlə münasibətlərini bəri başdan gərginləşdirməsi deməkdir. Tehranın İraqda bəxti gətirdi. ABŞ və müttəfiqlərinin İraq diktatorunu devirməsi bir növ İranın da işinə yaradı və bu səbəbdən Tehran İraqın yeni qüvvələri ilə dil tapa bildi, hətta qonşu dövlətin daxili işlərinə qarışmağa başladı. Tehran Əsədi dəstəkləməklə Suriyada daha fərqli durumla üz-üzə qala bilər. Yox, Tehran ikinci yola üstünlük verərək Ankara kimi Suriyanın müxalif qüvvələri ilə indidən təmas halına keçərsə, Əsəd rejiminin yıxılması bəlkə də İran üçün ağrılı prosesə çevrilməz və bu ölkədə hakimiyyətə gələn qüvvə İranla normal münasibətlərə malik ola bilər. Ancaq hələ ki, Tehranın Suriya siyasəti dəyişməzdir. Çünki Tehran fərqli siyasətə, demokratiya və ədalətli bölgünü əsas tutan qüvvələrlə dialoqa alışmayıb. Əks halda, İranın indiki hakimiyyəti elə ölkə içindəcə islahatlar aparar, müxalifət liderlərini, o cümlədən güneyli fəalları həbsxanalara doldurmaz, onlarla masa arxasında müzakirələr aparardı.

SURİYANIN İNTİQAMI TÜRKİYƏ VƏ AZƏRBAYCANDAN ALINIR

Deyəsən, Suriyanın itirilməsinə indidən hazırlaşan İran rejimi bunun intiqamını qonşu Türkiyə və Azərbaycandan almağa çalışır. Baxmayaraq ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan vaxtilə Əsədlə çox sıx münasibətlərə malik olub, iki dövlət arasında hətta Əməkdaşlıq Şurası da fəaliyyət göstərib, Suriyadakı qətliamlardan sonda Ankara Dəməşqlə bütün körpüləri yandırmaq məcburiyyətində qalıb. Ankara Suriyada dinc insanların vəhşicəsinə öldürülməsinə seyrçi qala bilməzdi və ona görə də bu ölkənin müxalifəti ilə sıx təmaslara baş vurub, onların İstanbulda toplanmasına şərait yaradıb.
Mahmud Əhmədinejad Tehranda Abdullah Gülü qarşılayır, 14 fevral 2011
Bu isə İrandakı mühafizəkar dairələrin xoşuna gəlməyib və «Türkiyə İranın dostu və qardaşıdır» deyənlər sağda-solda Ankaranı hədəf götürməyə başlayıblar. İş o yerə çatıb ki, İranın tanınmış ayətullahlarından biri Türkiyəni «liberal islam» siyasəti yürütdüyünə görə tənqid edib. Guya bu siyasətin arxasında Qərb dayanır və məqsəd bu yolla İranı təcrid etməkdir. Buna baxmayaraq, Türkiyə siyasi, iqtisadi və hərbi nöqteyi-nəzərdən bölgənin ən güclü dövlətidir və onunla belə zarafatlar keçməyəcək. Mollalar bir az daha zilə qalxsalar, Ankaradan tutarlı cavablarını alacaqlar.

Bakı da hədəf seçilib. Azərbaycanı və ölkənin dövlət başçısını gah İranın baş qərargah rəisi təhqir edir, gah da sərhəddə təxribata əl atırlar. Doğrudur, Azərbaycan XİN Tehrana nota verib, ancaq bu notaya elə bir cavab alıb ki, rəsmi Bakı onu ictimaiyyətə açıqlamağı lazım bilməyib. Hədə və təhqirin sonu görünmür. İndi də mübarək Ramazan ayında Güneydə tutatut başlayıb. İran rejimi Güneydə unikal Urmiya gölünün quruması və çirklənməsi üçün də «əlindən gələni» edir. Dünyada başqa elə bir dövlət tanımıram ki, qəsdən təbiətinə belə ziyan vursun, sanki azərbaycanlıların intiqamını göldən alırlar. Əslində Tehran bu addımları ilə Azərbaycanın nəbzini yoxlayır. Güneydəki kütləvi həbslər Azərbaycanda ictimai fikrin əsəbləri ilə oynamaq deməkdir. Suriyada Əsəd rejimi çökdükdən sonra aqoniya içində olan Tehranın Azərbaycana və azərbaycanlılara qarşı təxribatlarının bir az daha artması ehtimalı böyükdür. Odur ki, biz bundan qorunmağın yolları haqqında indidən (əslində çox gecikmişik – E.Ş.) düşünməliyik. «Balanslaşdırılmış xarici siyasət» bizi xilas etməyəcək. Rusiya da Azərbaycana görə Tehrana «Gözün üstdə qaşın var» deməz. Belə olan halda, İrandan qorunmağın yeganə yolu Qərb və Türkiyə ilə dialoqun və inteqrasiyanın dərinləşdirilməsidir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG