Keçid linkləri

Sizə danışacağım bu əhvalat Şəkidə baş verib. Daha dəqiqi, Şəkinin «Gələrsən-görərsən» dağının ətəklərində yerləşən bir yaradıcılıq evində.

Bir neçə il öncə «Gələrsən-Görərsən» dağına çıxmağa gələn britaniyalılar bu yaradıcılıq evində ayaq saxlayıblar. Xanın keçmiş oylağını ziyarət edib geri qayıdanda məlum olub ki, yanlarında gətirdikləri Toppi adlı it azıb.

Köpəksevən avropalıların halını təsəvvürünüzə gətirin...

Yaradıcılıq Evinin gözətçisi Vəlyəddin kişinin dediyinə görə, uşaqlar başlayıb ağlaşmağa. Böyüklər «Toppi, Toppi» -deyibən qışqırmağa.

Qonaqların təlaşını görən Vəlyəddin kişi də onlara qoşulub. Nə qədər haylayıblar, Toppidən səs-soraq çıxmayıb.

Bir neçə saat keçib... Britaniyalılar köpəkdən xəbər almayınca, Toppisiz getməyə məcbur qalıblar. Çünki əllərində biletləri varmış.

Gedərkən ağlaya-ağlaya Toppinin pasportunu da Vəlyəddin kişiyə veriblər ki, saxlasın. Bəlkə qismət oldu, Toppi dağdan qayıtdı və ya onlar nə vaxtsa geri dönüb Toppiyə sahib çıxdılar.

Onlar gedəndən bir az sonra Toppi doğrudan da Vəlyəddin kişinin yanına qayıdıb.

Kişi də Toppiyə sahiblənib, həm də adını dəyişdirib Toppuş qoyub.

Beləliklə, londonlu Toppinin həyatının Şəki dövrü başlayıb...

Toppi təzə adına tez alışıb. Çünki bircə hərf artıqlığı var, axı.

Elə mühitə də rahat uyğunlaşıb. Əlacı nə idi ki?

Yay aylarında ölkənin hər yerindən gələn qonaqlarla şənlənən yaradıcılıq evində yaşamaq asan olardı.

Toppuş
Ancaq uzun qış gecələrində hər tərəfin qarla örtüldüyü meşənin içində, ancaq Vəlyəddin kişiylə keçirdiyi bitməz-tükənməz aylar, sözsüz, Toppuşun qanını az qaraltmayıb...

O vaxtlar doğulduğu dumanlı Albionu xatırlayıb...

Amma sonda Toppuş Vəlyəddin kişiyə, həm də «Gələrsən-Görərsən»ə tam alışıb. Yəni xalis «Gələsən-Görəsən»li olub.

Hətta özünə şəkili sevgili də tapıb.

Meşənin işində yerləşən hərbi hissənin köpəyiylə sevişib və ana olmaq səadətini dadıb.

İki il öncə mən Toppini ilk dəfə görəndə, o, təzəcə ana olmuşdu. Yaradıcılıq evinin zirzəmisində balaları ilə yaşayırdı. Bakıdan gələn istirahətçilər səhər yeməyində onlara təklif olunan yumurtanı gizlicə Toppiyə gətirirdilər. Çünki o, çox zəifləmişdi.
Həm də, o çox qayğıkeş ana idi. Balalarını bir an gözündən buraxmırdı.
Ancaq sonra Toppinin balalarını əlindən aldılar. Vəlyəddin kişinin dediyinə görə, biri elə öz yanında öldü. O birini Bakıdan gələnlər apardılar. Üçüncünü isə Vəlyəddin kişi Şəkidə yaşayan qohumlarına bağışladı. Toppi balasız qaldı...

İndi Toppi yenə həmin yerdədir.

Balasız.

Sevgisiz.

Mehrini Vəlyəddin kişiyə salıb.

O hara gedir, dalınca qaçır.

(Onu da deyim ki, Toppi çox qəşəng itdir. Onu görən yanından sakit keçə bilmir. İt sevməyən mən də onu xoşladım).

Uzun qış gecələrində o yenə də təzə sahibinin yeganə
Şəki
müsahibinə çevrilir.
Vəlyəddin kişinin fikrincə, o, köpəyin əsl sahiblərinin sözünə əməl eləyib. Ona yaxşı baxıb. Bircə köpəyin pasportunu saxlaya bilməyib. Bir də ayılıb ki, pasport yoxdur. İtib.

İndi necə olacaq?

Londonlu sahiblər Toppinin dalınca gəlsələr nə baş verəcək?

Onu sərhəddən buraxacaqlarmı?

Bəs Toppuş özü Londona qayıtmaq istəyəcəkmi?

Sizcə, necə olacaq?

Toppi Vətənə getsin-getməsin?

Londonda yaşamaq yaxşıdır, yoxsa Şəkidə?

O gün millət vəkillərindən birinin dediyinə inansaq, məsləhətdir ki, Toppuş Londona getməsin.

Xatırlayırsınızmı, o nə demişdi?

Demişdi ki, Azərbaycan Böyük Britaniyadan daha demokratik ölkədir.
Necə düşünürsünüz, bəlkə Toppuş getməsin?

Daha demokratik ölkədə yaşasın?

Hə?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG