Keçid linkləri

Sənə hansısa dövlət idarəsindən arayış lazımdır? Və ya harasa imzan tələb olunan sənəd və ya ərizə göndərməlisən? Buna isə vaxtın yoxdur? Artıq evini və ya iş yerini tərk etmədən sənədi imzalayıb internetlə göndərə bilərsən.

Sentyabrın 7-dən Azərbaycanda elektron imzanın tətbiqinə başlanıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən mətbuata bildirilib ki, elektron imzanın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq və bürokratik əngəlləri aradan qaldıracaq.

Nazirlik elektron imzanın qiymətlərini də açıqlayıb. Fiziki şəxslər üçün elektron imzanın 1 illik dəyəri 14 manat, hüquqi şəxslər üçün isə 60 manatdır. Nazirlik rəsmiləri bildiriblər ki, növbəti illərdə fiziki şəxslər üçün rüsum azalacaq.

Azərbaycanda tətbiq olunan bu yeniliyi informasiya texnologiyaları üzrə mütəxəssis Hacı Hacıyev izah edir:

“KORRUPSİYA İLƏ MÜBARİZƏDƏ KÖMƏYİ OLACAQ”

- Hacı bəy, elektron imza deyəndə ağıla bu gəlir ki, ənənəvi qaydada qol çəkəcəyik, sonra da bunu skanerdən keçirib rəsmi qurumda təsdiqlədəcəyik. Bu, beləmi olacaq?

- Elektron imza elektron hökumətin tam formalaşdırması üçün maneələrdən biri idi. Nəhayət ki, bu baş verdi. Elektron imza da dediyiniz kimi, qrafik şəkildəki imzanın elektron formasıdır. Bu, xüsusi şifrələnmə vasitəsilə həyata keçirilir. Şifrələnmiş alqoritmdən istifadə olunacaq. Bu, istənilən bir sənədin elektron təsdiqini göstərəcək. Bu sistem konkret bir kompüterə bağlanır və imza ilə bağlı qeydiyyatda olmayan adam bu sistemdən istifadə edə bilməyəcək.
Elektron imzanın tətbiqi pozitiv bir addımdır və sənədləşmə işində elektron alternativliyin olmasıdır. Ən azı bürokratiya, korrupsiya ilə mübarizədə ümidverici bir haldır.

- Vətəndaş elektron imzanı kimdən alacaq?

Hacı Hacıyev
- Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində müvafiq idarə verəcək. O cümlədən, “e-imza” saytı da fəaliyyətə başlayıb. Amma yəqin ki, ilkin mərhələdə imzanı elektron yolla almaq mümkün olmayacaq. Nazirliyin məlumatına görə, şəxs ərizə ilə poçt şöbələrinin filiallarına müraciət etməlidir. Rüsum ödəyəndən sonra ona sertifikat veriləcək və bundan sonra o, kompüterinə yüklədiyi proqram vasitəsilə öz sənədlərini elektron imza ilə təsdiqləyib göndərə biləcək. Bu proqramda həm də aldığı sənəddəki imzanın həqiqiliyini yoxlamaq imkanı olacaq.

- Hacı bəy, bəzən eşidirik ki, kiminsə bank hesabının şifrəsi sındırılıb və ondan istifadə olunub, bəs elektron imzanın da saxtalaşdırılması və şifrəsinin oğurlanması təhlükəsi varmı?

- Mümkün ola bilər. Əgər şəxs öz kompüterində proqramı açıq qoyarsa, başqa bir adam onun imzasından istifadə edə bilər. Qrafik imzanı saxtalaşdırmaq mümkün olduğu kimi, elektron imzanın da saxtalaşdırılması riski var. Amma hələlik bunun geniş yayılacağına inanmıram, hər halda buna yol verən adam məsuliyyət daşıyacaq.

“ARTIQ BU BƏHANƏ ARADAN QALXIR”

- Azərbaycanda internetin sürətinin zəif olması ilə bağlı tənqidlər səslənir. Belə halda, elektron imzadan istifadə nə dərəcədə Azərbaycan üçün mühüm rol oynayacaq?

- İlk mərhələdə, bu ən azı alternativ yol olacaq. Ənənəvi kargüzarlığı bu tezliklə aradan qaldırmayacaq. Ölkədə sənədləşdirmə işlərində tamamilə elektron imzadan istifadə üçün vaxt lazım olacaq. Bilirsiz, indiyə kimi dövlət qurumları fəaliyyətlərinin tam elektronlaşmamasına bəhanə kimi elektron imzanın yoxluğunu göstərirdilər. Artıq bu bəhanə aradan qalxır. Artıq hökumət qurumlarının da elektron imzası, möhürü olacaq və indən sonra biz onların bu yenilikdən necə səmərəli istifadə etməsini müşahidə edə biləcəyik.

- Mən tanışlardan birinə “artıq elektron imzan ola biləcək” deyəndə cavab verdi ki, günlərlə, aylarla hansısa dövlət qurumunun qapısını kəsdirib ərizənə cavab ala bilmirsən, o da qala sənə internetlə cavab versinlər.

- Düzdür, belə bürokratiya var. Amma elektron şəkildə sənəd göndərəndə sonradan tarixi saxtalaşdırmaq mümkün olmayacaq və ərizəyə cavab almadığın təqdirdə bu, məhkəmə predmeti də ola bilər.

Şərhləri göstər

XS
SM
MD
LG