Keçid linkləri

Dünyadakı son proseslər qiymətləndirilsə, bəlkə də ən çox maraq kəsb edən Türkiyə ilə İsrail arasında yaranmış münasibətlər olar. Uzun müddət siyasi və hətta hərbi müttəfiq olmuş iki ölkə arasındakı ziddiyyətlər elə səviyyəyə çatıb ki, hətta diplomatik münasibətlərin kəsilməsi müzakirə predmetinə və həm də yaxın zamanlar üçün istisna olunmayan siyasi addıma çevrilib. İndi bu proseslərin mənşəyi hamı üçün aydındır. Ona görə də onların təfərrüatı elə bir maraq kəsb etmir. Sadəcə, qeyd etmək lazımdır ki, hər iki dövlət öz siyasi sisteminə görə regionda azsaylı demokratik dövlətlərdən biridir. Təbii, nə İsrail, nə Türkiyə yüksək demokratiya standartlarına cavab verən ölkələrdir. İsrailin elə lap əvvəldən, Türkiyənin isə AKP hakimiyyətə gələndən siyasi sistemində dini tendensiyalar hiss olunur. Amma ən azı elektoral və ictimai demokratiya baxımından bu ölkələrdə demokratiyanın səviyyəsini az da olsa qənaətbəxş saymaq olar. Amma indi iki ölkə arasında yaranmış sərt qarşıdurma demokratiyaların fərqindən və ya başqa bir səbəbdən meydana gəlməyib. Ən azı rəsmi açıqlamalara görə, motiv artıq yaşı yarım əsri çoxdan ötmüş Yaxın Şərq münaqişəsinə baxışdır.

İsraili bölgədə «ərköyün oğlan»a bənzədən Türkiyə Baş naziri belə hesab edir ki, kəskin addımlarla olsa belə bu dövləti müəyyən çərçivələr hüdudlarına gətirə biləcək. Oxşar bəyanatla çıxış edən İsrail siyasətçiləri də hələ bir neçə ay bundan əvvəl bildirmişdilər ki, onların ölkəsi artıq «Türkiyənin əlində oyuncaq olmaq istəmir». Gündəlik xəbərlərin baş mövzusunun bu hadisə olduğunu nəzərə alsaq, bəyanatların şərhinə də izafi ehtiyac yoxdur. Sadəcə, buradaca demokratiya məsələsini o səbəbdən vurğulayırıq ki, iki dövlət arasındakı vəziyyət İsrail Knessetində və Türkiyə Böyük Millət Məclisində müzakirə
İsrailin Baş naziri B.Netanyahu
olunmaq səviyyəsinə çatıb.

Bir sual adamı rahat buraxmır: iki dövlət arasındakı ziddiyyəti aradan qaldırmaq mümkün olmazdımı?

R.T.ƏRDOĞANIN ƏRƏB VEKTORU

R.T.Ərdoğanın siyasətində İsraillə münasibətləri kəskinləşdirmək meyli çox qabarıqdır, bunu nəzərə almamaq mümkün deyil. Başqa problemli ölkələrlə, Ermənistanla və separatçı kürdlərlə münasibətləri yumşaltmaq istəyən Baş nazir nədənsə bunu İsrailə münasibətdə etməyə o qədər də cəhd etmir. Bir müddət bundan əvvəl hətta türkiyəli analitiklər də belə bir detala diqqət cəlb etmişdilər ki, Ərdoğanın siyasətində «ərəb vektoru» çox sezilir. Bunun necə və nədən yarandığını demək çətindir. Bəlli olduğu kimi, Ərdoğanın Osmanlı imperiyasına xüsusi simpatiyası var və o, Türkiyənin siyasi təsirini əvvəlki hüdudlarına qaytarmaq istəyir. Başqa bir səbəb kimi də Ərdoğanın daha bir «zəif yeri» - dini motivlər göstərilir. Eyni zamanda belə bir detal da istisna olunmur ki, varlı ərəb rejimləri Türkiyənin iqtisadiyyatı üçün bir növ elə «pul kisə»si rolunu oynayır və bu ölkənin inkişaf edən iqtisadiyyatının bu pullara ehtiyacı böyükdür. Eyni iradları İsrail haqqında da demək olar. İndi İsrail də bütün qonşu dövlətləri özünün potensial düşmənlərinə çevirib. Türkiyə ilə bağlı soyuq məntiqlə düşünən siyasətçilər də var. Amma bu ölkə başqa cür də hərəkət edə bilərdi.

Təbii ki, dövlətləri insanlarla, fərdlərlə müqayisə edib bir nəticə çıxarmaq o qədər də düzgün deyil. Amma mən hələ görməmişəm ki, üzr istəmək kiməsə əskiklik gətirsin. İsrail bu yaxınlarda hətta Misirdən üzr istədi. O, eyni addımı Türkiyə ilə bağlı da ata bilərdi, amma atmadı. Dövlətlər də insanlar kimi düşünsəydi, bəlkə bir çox problemləri çoxdan həll etmək olardı.
V.Jirinovski
Burada bir detalı da qeyd etmək lazımdır. Antisemitizm və anti-İsrail ritorikası elə də xoşagələn bir yenilik deyil, bəşəriyyət müxtəlif vaxtlarda bu bəlanı yaşayıb, indi onları təkrar etməyə elə bir lüzum yoxdur. Daha cəsarətli addım odur ki, əsrlik stereotipləri aşa biləsən və onların əsiri olmayasan. Dini partiyalar həmişə köhnə stereotipləri yaşadırlar və bunu elə AKP haqqında da demək lazımdır. Təbii ki, seçim türkiyəlilərindir, hansı bir partiyaya səs vermək, hansına verməmək onların öz işdir. Amma gərək bir məsələni daim diqqətdə saxlasınlar ki, kimdən daha çox öyrənmək, kiminlə əməkdaşlıqdan daha çox qazanmaq olar!

V.JİRİNOVSKİNİN MƏNTİQİ VƏ YAXIN ŞƏRQ

Bir dəfə təsadüfən V.Jirinovskinin müsahibəsinə qulaq asırdım. Onu deyim ki, bu adamın müsahibələri daha çox komik tərəfləri ilə diqqəti cəlb edir. Bir sözü diqqətimi cəlb etdi. O, dedi ki, yəhudilərlə ərəblər heç vaxt dil tapa və barışa bilməyəcəklər, çünki onlar Qüdsü heç vaxt bölüşə bilməyəcəklər! Elə siyasətçilər var ki, onlar insanları birləşdirən amilləri axtarır və onu qabardır və elə siyasətçilər də var ki, onlar, əksinə insanları ayıran amilləri axtarırlar və bunun üzərində siyasət qururlar. Lakin bununla işim yoxdur. Sadəcə, bu fikir məndə bir sual yaratdı: doğrudanmı dünya o hala qalıb ki, Jirinovskinin məntiqi ilə idarə olunur?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizləridir

Şərhləri göstər

XS
SM
MD
LG