Keçid linkləri

Görəsən, diktatorun dadı necə olur?

Əti şirin olur, acı olur, pazaq olur, yoxsa yağlı?

Xasiyyəti sərt olur, həlim olur, yoxsa amansız?

Sifəti ağ olur, qara olur, yoxsa boz?

Görəsən, diktatorlar diktator olduqlarını qəbul edirlərmi?

Özlərindən əvvəl yaşamış həmkarlarına necə baxırlar?

Onlardan nə isə öyrənirlərmi?

Onların əməllərindən dərs alırlarmı?

Şərəfə ucaldılan saysız heykəllərin keçəriliyini dərk edirlərmi?

Görəsən, diktatorların qarın tutumu nə qədər olur?

Onlar heç «bəs» deyə bilirlərmi?

Dünyanın faniliyini anlayırlarmı?

Dünyadan köçərkən hamıya eyni şeyin gərək olduğunu fikirləşirlərmi?

Görəsən, diktatorların ürəyi nə boyda olur?

Onlar kiməsə «səni sevirəm», «sənin dərdindən ölürəm» deyirlərmi?

Yoxsa, təkcə «məni sevirsənmi» sualını təkrarlamaqla kifayətlənirlər?

Doğrudan da, görəsən, diktatorlar dəli kimi aşiq ola bilirlərmi?

Məcnun kimi çöllərə düşə bilirlərmi?

Görəsən, onların kimə isə yazıqları gəldiyi zaman olurmu?

Kimi isə ürəkləri istədiyi vaxt olurmu?

Görəsən, dünyadan gəlib keçmiş diktatorların arasında «yaxşı adam» kimi xatırlananı olubmu?
...


Suallar çox, cavablar ondan da çox!

Bu həftə zəmanəmizin ən böyük diktatorlarından sayılan bir nəfərə öz kiçik nəvəsinin cavabından amansız bir cavab ola bilməz deyə düşünürəm...

Baba nəvədən soruşmuşdu:

«Məni sevirsənmi?»

Nəvə demişdi:

«YOX!»

Baba özünü sındırmayıb soruşmuşdu:

«Mən dadlıyammı?»

Nəvə qayıtmışdı:

«YOX!»

Bu cavaba görə dünyadan gəlib-keçmiş diktatorlar nə qanlar axıdardılar...

Amma Qəddafi gülüb keçmişdi...

Doğrudan da, görəsən, diktatorun dadı olur, ya olmur?!

Olursa, o kiçik qızcığaz niyə yox demişdi?..

Olmursa, onlar nədən əsrlərdir Tarixin yaxasından dörd əllə yapışırlar?

Bəs Tarixə nə gəlib?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizləridir
XS
SM
MD
LG