Keçid linkləri

Xəzərdə daha bir qaz yatağının kəşfi təkcə sevinc gətirmədi, həm də siyasət adamlarını möhkəmcə qayğılandırdı. Məsələ bundadır ki, Xəzərdə qazın real ehtiyatlarının artıq olması haqda xəbərlər bu bölgəyə diqqəti daha da artırır. Avropa ölkələri daha bir qaz hövzəsinin mövcudluğunu böyük optimizm və sevinclə qarşılayır. Rusiya isə onun ərazisindən yan keçəcək yeni tranzit xətlərinin meydana çıxacağından təlaş keçirir. Təsadüfi deyil, bu günlərdə Rusiya XİN-i ilə AB arasında bir bəyanat savaşı oldu. Avropa təmsilçisi öz bəyanatında hətta maraqlı ifadə işlətdi: ««qaz Rusiya üçün siyasi alət deyil» tezisinə inamım azalacaq». Bəli, artıq Avropa ölkələri Rusiyanın qazı siyasi alətə çevirdiyinə işarə edirlər. Belə işarə varsa, onda Avropa bu siyasət alətinə adekvat hərəkətlə – elə siyasətlə də cavab verəcək.

Bu aspektdən və ehtimaldan yanaşsaq, Xəzər hövzəsi dövlətləri təkcə fəsil və mövsüm dəyişikliyi deyil, həm də ciddi siyasi qərarların astanasındadırlar.

OKTYABRDA CAVAB VERİLMƏLİ İDİ

Bəli, bu ilin oktyabr ayında Azərbaycan məşhur «Nabucco» layihəsi ilə bağlı öz mövqeyini açıqlamalıdır. Ən azı bir neçə ay bundan əvvəl belə fikirlər və məlumatlar səslənmişdi. Güman ki, Fransa prezidenti N.Sarkozinin bölgəyə səfərində bu məsələ ilə bağlı detal olacaq. Düzdür, Fransa prezidentinin bu səfəri daha çox Minsk Qrupu həmsədrinin səfəri kimi yozulur, amma o da məlumdur ki,
İlham Əliyev və Nikola Sarkozi, 2009
Sarkozi təkcə Azərbaycana, Ermənistana səfər etməyəcək, həm də Gürcüstana səfər edəcək. Bu, Avropa Birliyi ilə bölgə dövlətlərinin münasibətlərinə aydınlıq gətirmək üçün mühüm bir səfər olacaq. İndi hazır və aktual layihə «Nabucco»nun tərkib hissəsi olan «Trans-Xəzər» kəmərinin inşasıdır. Türkmənistan və qismən də Qazaxıstan artıq buna razıdır. Bir çox mənbələr belə güman edir ki, bu layihə hətta 1997-ci ildə baş tuta bilərdi və yalnız ovaxtkı Türkmənistan prezidenti S.Niyazovun səhvi ucbatından o, reallaşa bilməmişdi. Həmin vaxt Türkmənistan prezidenti öz ölkəsi üçün üç dəfə artıq kvota istəmişdi.

İndi dünyanın diqqəti yenidən Aşxabada və Bakıya dikilib. Rəsmi Bakı özünün «Cənub dəhlizi» adlandırdığı bu qlobal və həm də siyasi cəhətdən riskli saydığı layihələrdə hansı timsalda iştirak edəcəyinə hələ aydınlıq gətirməyib. Bakı bu layihədə həm tranzit, həm də qaz ixracçısı kimi iştirak edə bilər. O, bunların hansının üzərində dayanacaq və hansı variantı seçəcək? Çox güman ki, bu yaxınlarda bu məsələyə bir az da olsa, aydınlıq gələcək.

Amma burada bir nüansa diqqət yetirmək lazımdır. Gündəmdə olan aktual məsələlərdən biri də Bakının «Şərq tərəfdaşlığı» adlı proqrama qoşulmasıdır. Rəsmi Bakı bunu heç arzulamır, çünki proqram çox ciddi siyasi və iqtisadi islahatlar tələb edir. Ola bilsin ki, Bakı bu dəfə də öz dəsti-xəttini yürütməyə cəhd edəcək və sövdələşməyə, iqtisadi layihə ilə siyasi layihə arasında seçim etməyə çalışacaq.
«Nabucco»
Amma Avropanın bununla razılaşması az ehtimal olunur, çünki Bakı öz tərəddüdləri ilə digər Qafqaz ölkələrinin də AB-yə yolunu bağlayır. AB Cənubi Qafqaza bir vahid kimi baxır və onu bütöv şəkildə öz sıralarına qatmağa cəhd edir.

RUSİYA İLƏ QEYRİ – RƏSMİ KONFEDERASİYADA

Məşhur saytın açıqlamalarında bir detal da vardı. Bakı Ankaranı «Nabucco» kimi layihəyə dəstək verməkdə qınayırdı. Orada məhz belə bir giley vardı ki, bu layihə sizin nəyinizə lazımdır, siz bizim Rusiya ilə münasibətlərimizi niyə korlayırsınız? Bəli, rəsmi Bakı Rusiya ilə bağlı hər hansı ciddi insidentdən çəkinir. Ölkədə bu, daha çox Qarabağ problemi ilə izah edilir. Amma həqiqət başqadır. Rusiyanın Qarabağ problemində vasitəçiliyinin ciddi bir irəliləyiş yaratmaması bir tərəfə, bu vasitəçilik əslində hər iki tərəfin çıxışlarında çox ciddi hərbi ritorika elementlərinin meydana çıxmasına səbəb olub. Bunu da müşahidəçilər yerli auditoriyaya hesablanmış jest hesab edirlər. Amma əsl həqiqət budur ki, bu ritorikanın problemin həllinə ziyanından başqa bir şeyi yoxdur. Xeyri olsaydı, bu vaxta qədər hamı bunu görərdi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG