Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan üçün Türkiyə modeli


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ərəb baharı dövlətləri – Misir, Tunis və Liviyaya tarixi səfəri başa çatdı. Ankara bölgədə fəallığını artırır. Maraq qarşılıqlıdır. Avtoritarizmdən qurtulan və ya qurtulmağa çalışan bölgə dövlətlərinin inkişaf və demokratiya modelinə ehtiyac var. Bütün xüsusiyyətlərinə görə (müsəlman əhali, şəffaf və ədalətli seçkilər, çoxpartiyalı sistem və ən nəhayət dünyəvilik) bu rola ən iddialı namizəd Türkiyədir.

ƏRDOĞANIN DƏYİŞƏN SİYASƏTİ

Tunis, Misir və Liviya olaylarında Ərdoğan duruma görə qərarlarını dəyişmək və çevik xarici siyasət yürütmək məcburiyyətində qaldı. İnsanlar Qahirədə küçələrə axışdıqda Ərdoğan Misir prezidenti Hüsnü Mübarəkdən islahatlar tələb etdi, ancaq vəziyyət qəlizləşdikcə “Sən getməlisən” ifadəsini dilə gətirdi. Misirdən fərqli olaraq Liviya qaynamağa başladıqda Ərdoğan bir qədər ehtiyatlı mövqe tutmağa çalışdı. Halbuki, Liviya diktatoru Muammar Qəddafinin misirli həmkarından heç bir fərqi yox idi. Türkiyə müxalifəti məhz buna görə Ərdoğanın ikili standart yürütməkdə ittiham etdi, vaxtilə Qəddafinin ona verdiyi medalı xatırlatdılar. Ərdoğanın isə bu ittihamlara cavabı təxminən belə oldu ki, Liviyada xeyli türk çalışır və bu ölkəyə böyük kapital yatırılıb, bütün bunları o risqə ata bilməz.


Başda Fransa olmaqla Qərb ölkələri irəli çıxararaq hərbi təyyarələrini Qəddafinin üzərinə istiqamətləndirdikdə Ərdoğanın dilindən hətta məşhur bir kəlam da çıxdı: “NATO-nun Liviyada nə işi var?” Ərdoğanın bu siyasəti bir ara Liviya müxalifətinin etirazına səbəb oldu, liviyalılar Benqazi küçələrinə çıxaraq Türkiyənin siyasətinə etiraz etdilər.

Bu məqamda Ərdoğan geri qala biləcəyini anladı. O, Türkiyə vətəndaşlarını Liviyadan çıxartdıqdan sonra Qəddafi ilə xudahafizləşdi və onunla mübarizə aparan silahlı müxalifətə tam dəstəyini ifadə etdi. Türkiyə xarici diplomatiyası o dərəcəyə qədər fəallığını artırdı ki, xarici işlər naziri Əhməd Davudoğlu Benqaziyə gedərək, maaşları ödəyə bilməyən Liviya müxalifətinə nəğd 100 milyon dollar verdi. Nəhayət Ərdoğanın Liviyaya səfəri və yeni hökumətə hər cür dəstək ifadəsi daşları yerinə qoydu.

ƏSƏDLƏ KÖRPÜLƏR YANDIRILIB

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Liviyada çıxış edərkən
Misir və Liviya nümunəsi Ərdoğanı digər istiqamətlərdə fəallaşdırdı. Türkiyənin baş naziri keçmiş dostu Suriya diktatoru Bəşər Əsədlə bütün körpüləri yandırıb. Əsədi suriyalıları qətliamda ittiham edən Ərdoğan onun hakimiyyətdən getməsi vacibliyini hər çıxış etdiyi toplantıda bildirir. Ərdoğan ehtiyatlı siyatəçidir. O, Əsəd rejiminin çökəcəyini hesablaya bilməsəydi belə sərt ifadələr səsləndirməzdi.

Ərdoğan indidən Suriyanın gələcək hakimiyyəti ilə körpülər qurur, onların İstanbulda toplanması üçün hər cür şərait yaradır. Bununla gələcəkdə Türkiyə-Suriya münasibətləri daha möhkəm zəmində qurulacaq və beləcə Dəməşqdəki yeni hökumətin də Türkiyə modelini əsas götürəcəyi ehtimalı artır.

XALQLARIN YANINDA OLAN TÜRKİYƏ

Hazırda Türkiyə-İran münasibətləri inkişafdadır, iki ölkə arasında ciddi problemli məsələ yoxdur. Doğrudur, Ankaranın NATO radarlarının Türkiyədə yerləşdirilməsinə yaşıl işıq yandırması Tehrandakı dairələri qıcıqlandırıb. Ancaq Tehran yalnız buna görə Ankara ilə münasibətləri gərginləşdirməz. Qərbin siyasi və iqtisadi mühasirəsində olan İranın Türkiyəyə ehtiyacı var. Ancaq indiki Ankara-Tehran münasibətləri əbədi olmaya da bilər.

Qarşımızda keçmiş Ərdoğan-Əsəd “dostluğu” var. Şübhə etmirəm ki, insan haqları və demokratiya tələbləri şüarı ilə İranda da inqilabı dalğa genişlənsə, insanlar küçələrə axışsalar Türkiyə hakimiyyətinin mövqeyi dəyişəcək. Türkiyə Cumhurbaşqanı Abdullah Gül hələ bu ilin əvvəlində Tehranda olarkən iranlı həmkarı Mahmud Əhmədinejatın gözünə baxaraq “ərəb dünyasındakı hadisələr hamıya dərs olmalıdır, avtoritar rejimlərin sonu yoxdur” ifadəsini işlətmişdi. Abdullah Gül bugünlərdə qonşularına mesaj əhəmiyyətli bir başqa tarixi fikrini dilə gətirib: “Biz rejimlərin deyil, xalqların yanındayıq”.

ANKARANIN AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ DƏSTƏYİ ƏRİMƏK ÜZRƏDİR

Həmçinin bax:
Azərbaycan hakimiyyətinin sözdə strateji müttəfiqi - Türkiyədən ehtiyat etdiyi “Wikileaks”dəki yazışmalardan da bəlli olur. Buna baxmayaraq, rəsmi görüşlərdə əvvəlkitək dost və qardaşlıqdan danışılır, qarşılıqlı səfərlərin tarixləri dəqiqləşdirilir. İlham Əliyevin noyabrın 15-ə qədər Türkiyəyə gerədək nəhayət ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına yaşıl işıq yandıracağı bildirilir. Ancaq gələcək üçün zəmanət vermək çətindir ki, bur qurum formalaşsa belə əməkdaşlığı üst səviyyə qaldıracaq. Çünki, indi də Azərbaycanla Türkiyə arasında müxtəlif ortaq qurumlar az deyil, ancaq münasibətlərin inkişafından danışmaq çətindir. Viza məsələsinin həll olunmaması ikili münasibətlərdə dərin yara buraxıb. Digər tərəfdən Türkiyə üzərindən tranzit qaz anlaşmasının imzalanması da uzanır.

Ankaranın 2003-cü ildən başlayaraq İlham Əliyevə verdiyi dəstək ərimək üzrədir. Azərbaycanda demokratiya havasının bərk əsəcəyi halda Ərdoğan Əliyevlə münasibətlərə göz gəzdirmək məcburiyyətində qala bilər. Necə ki, Ərdoğan keçmiş dostları Mübarək, Qəddafi və Əsədi tarixin arxivinə göndərdi...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG