Keçid linkləri

Düz bir həftədir ki, Avropanın enerji məkanında əsas mövzulardan biri olaraq Transxəzər qaz kəmərinin çəkilməsi layıhəsi qalır.

Müxtəlif səviyyələrdə bu layıhənin gələcəyi ilə bağlı fikirlər söylənilir. Avropa Birliyinin Avropa komissiyasına Transxəzər qaz kəmərinin reallaşdırılması yolunda Azərbaycan və Türkmənistanla danışıqlar üçün mandat verməsi qərarına Rusiya və İranın etiraz etməsinə baxmayaraq Qərbdə ilkin təəssürat belədir ki, Mərkəzi Asiyadan Avropaya mavi yanacaq daşımaq mümkün olacaq.

Özü də Transxəzərlə Azərbaycan sahillərinə gələn türkmən qazı sonradan Nabucco ilə Avropa bazarına daxil olmalıdır.

Necə deyərlər, rəsmi Brüsselin sentyabrın 12-də verdiyi siyasi bir qərarı artıq eyforik şəkildə heç bir texniki-iqtisadi layihələndirmə aparmadan, yəni onu kommersiya layihəsinə çevirmədən “toy-bayram” edirlər.

Elə Azərbaycanın özündə belə həm siyasi qüvvələr arasında, həm də KİV-lər arasında Transxəzər layihəsinin gerçəkləşəcəyi təqdirdə ölkənin hətta strateji siyasi kursunun birdəfəlik dəyişiləcəyi ilə bağlı fikirlər yer aldı. Ona görə də yaxşı olardı ki, məsələyə emosional deyil, bir qədər soyuq və daha çox bucaq altında (maraqlar baxımından) nəzər yetirək.

14 il əvvəldən başlanan layihə

Hər şey Türkiyənin türkmən qazını almaq sövdasından başlanmışdı. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanır.

Bill Klinton

Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 mlrd kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayayaraq öz özərinə götürür.1998-ci ilin aprelində Türkmənistan prezidenti Saparmurad Niyazov ABŞ-a işçi səfəri zamanı bu məsələ onun dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə görüşlərində yüksək səviyyədə müzakirə mövzusu olmuşdu.

1999-cu ilin 19 fevralında isə Aşqabadda təntənəli surətdə Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanır.

Müqaviləyə həmçinin ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır.

Bu konsorsium ABŞ-ın “General Electric Capical Constraction & Finance group” və “Bechtel Enterprises” şirkətlərindən təşkil olunmuşdu. Maraqlısı isə bu idi ki, Türkmənistan tərəfinin maraqlarını bu layihədə müşavir qismində İsrailin “Mehrav” şirkəti qoruyurdu. Bir qədər sonra konsorsiuma dünya şöhrətli RD\Shell şirkəti də qoşuldu.

1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı.

O zaman türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı layihə gündəmdə deyildi: əsas və perspektiv bazar kimi Türkiyə nəzərdən keçirilirdi.

O zaman həm Rusiya, həm də İran Transxəzər qaz kəmərinin əleyhinə müxtəlif səviyyələrdə iş aparırdılar. Ancaq real olaraq Rusiyada hakimiyyətə Vladimir Putin gələndən sonra bu layihə gündəmdən çıxdi və PGS konsorsiumu 2000-ci ilin ortalarında ləvğ edildi.

Düzdür, burada Azərbaycanın da müəyyən rolu olub: çünki 1999-cu ilin yayında “Şah-dəniz” yatağı açıldı və sonra onun ehtiyatıarının qiymətləndirilməsi zamanı məlum oldu ki, qazımız güman etdiyimizdən qat-qat çoxdur.

Belə olan şəraitdə, 32 mlrd buraxıcılıq gücü olacaq kəmərdə Azərbaycan ona ildə 16 mlrd kub metr kvota ayrılmasını tələb etdi, Niyazov isə yalnız kəmərin ixrac qabiliyyətinin ¼-nə razı idi.

Beləcə iki qaz ölkəsi narazılar ölkəsinə çevrildilər və o zamandan “Kəpəz” problemi daha da böyüdü (1997-də ilk dəfə Azərbaycan və Rusiya bu yatağı birgə işləmək istəmişdilər – İ.Ş.).

Əgər o zaman Azərbaycan türkmən qazının Türkiyə bazarına çıxarılmasına şərait
Qurbanqulu Berdıməhəmmədov

yaratmış olsaydı, təsəvvür edin ki, ola bilsin indiyə kimi, heç “Şah-dəniz” layihəsinin ilkin mərhələsi üzrə hələ də mənfəət əldə edilməmişdi (çünki maksimum qimət $120 idi müqavilə üzrə), “Mərhələ-2” layihəsi üzrə isə həmin bazarda artıq bizim yerimiz tutulmuş olacaqdı və ya qiymət elə ucuz olardı ki, onun işlənməsi konsorsium iştirakçılarına iqtisadi baxımdan sərfəli olmazdı (kapital qoyuluşu $20 mlrd planlaşdırılıb).

2011-ci ilin problemləri

Beləliklə, 14 il əvvələ nəzər yetirdikdə, onu görmək olar ki, bu layihə gerçəkləşməyə daha yaxın idi, nəinki indi.

O zamanın siyasi dəstəyi də güclü idi, iqtisadi dəstəyi də. Layihəyə dünyanın ən tanınmış şirkətləri cəlb edilmişdilər və rəsmi Vaşinqton birmənalı olaraq Transxəzərin gerçəkləşdirilməsi üçün real addımlar atırdı.

Şirkətlərin layihənin maliyyələşdirilməsini həyata keçirməkdə problemləri yox idi. İndi isə tamamilə fərqli bir durumdayıq. Transxəzər layihəsi coxdan idi ki, bir sıra obyektiv səbəblərdən unudulmuş layihələr sırasıına aid edilmişdi.

Hətta Türkmənistanın yeni prezidentinin 2007-ci ilin martında Brüsselə səfəri zamanı Avropaya ildə 10 mlrd kubmetr qaz satmaq arzusunu dilə gətirməsi belə bu layihəyə real maraq doğura bilməmişdi.

Ona görə də birdən-birə Avropa Birliyinin Transxəzərlə bağlı verdiyi bəyanatı hazırda real olaraq siyasi bir gediş kimi qiymətləndirmək olar. Hətta Avropa komissiyasının belə bu layihənin ərsəyə gəlməsində güçü yetərli deyil. Niyə?

Çünki, onun hansısa tikinti tresti yoxdur ki, kəməri daha ucuz tikə bilisin (!). Məsələn, Rusiya 8,8 mlrd avro (bank faizləri də nəzərə alınmaqla) vəsait xərcləyib “Şimal axını” layihəsini (Belorus və Polşadan yan keçməklə birnbaşa Almaniya bazarına Baltik dənizinin dibi ilə qaz nəqli) həyata keçirdi.

O zaman bütün Avropa deyirdi ki, bu – siyasi bir layihədir, məqsəd isə “Qazprom”un mövqelərinin Qərbdə möhkəmləndirilməsi və tranzit ölkələrinə Rusiyanın təzyiqlərini artırmağı praktikada sübut etməkdir. Bunu Rusiya etdi, Ancaq Avropa Birliyinin Transxəzərlə bağlı analoji addımı atmağa siyasi iradəsi çatacaqmı?

Təəssüflər ki, son günlər baş verənlər bunu təsdiq etmir. Məsələn, Rusiya XİN-in Transxəzərlə bağlı kəskin bəyanatına cavab olaraq Enerji Komissarı Ottinger rəsmi Moskvadan “xahiş edib ki, “Cənub axını” layıhəsi ilə Nabucco-nun qarşısına texniki sədd çəkməsinlər”.

Transxəzər qaz kəməri üçün mümkün risklər:


1. Xəzərin hüquqi statusunun həllinin tapılmaması. Xəzəryanı dövlət başçılarının Tehran zirvə toplantısında (oktyabr 2007-ci il) razılıq əldə olunub ki, hüquqi status məsələsi həllini tapmaya qədər Xəzərdə dövlətlərarası sualtı mafistral kəmərlərin çəkilişi yalnız konsensus yolu ilə həyata keçirilə bilər. Transxəzər qaz kəməri dedikdə, ilk növbədə Türkmənistan-Azərbaycan sualtı boru xətti nəzərdə tutulmalıdır, ona görə ki, Xəzəryanı digər ölkələr arasında sualtı qaz kəmərinin çəkilməsi hələ nəzəri cəhətdən belə müzakirə obyektinə çevrilməyib.

2. Bu iki ölkə arasında isə “Kəpəz” yatağı üzərində mülkiyyət mübahisəsi hələ də həllini tapmayıb və son hadisələr göstərir ki, hər iki dövlət onun mübahisə predmeti olduğunu qəbul edir. Ancaq rəsmi Aşqabad Azərbaycana qarşı hərdən düşünülməmiş gedişləri ilə (məsələn, “Çıraq” və “Azəri” yataqlarının Xəzərin hüquqi statusu həllini tapmadığı zaman Azərbaycan tərəfindən işlətməyə başlamasına görə təzminat istəməsi və məsələnin beynəlxalq arbitrajda həlli) iki ölkə arasındakı strateji əlaqələrin yaranmasına xələl gətirir.

3. Geopolitik risklər. Məsələn, ABŞ Dövlət Departamenti və Avropa İttifaqı Enerji Komissiyası Transxəzər kəmərinin çəkilişi layihəsini ilk gündən müdafiə ediblər. Ona görə də bu layihənin gerçəkləşməsi ilk növbədə Rusiya və İranın Qərblə aralarında olan siyasi və iqtisadi problemlərin həlli konteksində baxılır. Bu baxımdan layihənin reallaşması heç də iki ölkə arasında mövcud problemlərin həllinin tapılmasından asılı deyil.

4. İqtisadi risklər. Transxəzər qaz kəmərinin reallaşması üçün ilk növbədə layihənin iqtisadi cəhətdən səmərəli olması vacibdir. Yalnız bu halda onun maliyyələşdirilməsi üçün özəl sərmayənin cəlb edilməsi gündəmə gələ bilər. Ancaq bu günədək türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı ortaya real bir hesabat qoyulmayıb, yəni iqtisadi hesabat. Yəni göstərilməyib ki, bütün infrastrukturun qiyməti nəzərə alınmaqla (Nabucco –nun real qiymətini BP ekspertləri açıqlayıb – 15 mlrd avro. Ərzurumdan Bakıya qədər yeni kəmərin tikintisi ən azı 3 mlrd avroya başa gələ bilər, Transxəzər boru xətti isə 2 mlrd avro dəyərində olması gözlənilir), türkmən qazının 1000 kubmetri Mərkəzi Avropada yerli qazpaylayıcı şəbəkələrə neçəyə təklif edilə bilər və bu qiymət “Qazprom” qazının qiymətindən nə qədər baha olacaq? Onun ucuz olması faktiki mümkün deyil, cünki Rusiya yaxın 10 ildə 55 mlrd-lıq buraxıcılıq gücü olan “Şimal axını” layihəsinə xərclədiyi vəsaitləri tam geri qaytarmağı planlaşdırdığı zaman, türkmən qazı hələ yeni-yeni Avropaya qədəmlərini qoymağa hazırlaşa bilər.

5. Digər tərəfdən Azərbaycanda yeni-yeni qaz yataqlarının tapılması Azərbaycanın öz ərazisindən türkmən qazının tranzit məsələlərində daha sərt mövqedən çıxış etməyə sövq edir. Çünki Azərbaycan Avropa bazarında özünə rəqib qaza meydan verməklə indidən qiymətlərin aşağı salınması üçün şərait yaratmış olur. Bunu isə “Şah-dəniz” və “Abşeron” layihəsi iştirakşıları olan elə Avropa şirkətləri istəmirlər, çünki ortada kommersiya maraqları var.

Nəticə

Bu qədər mövcud risklərin qarşılığında Transxəzər qaz kəmərinin reallaşması nə qədər az inandırıcıdırsa, Azərbaycanla Türkmənistan arasında uzunmüddətli isti münasibətlərin yaranacağı da bir o qədər reallıqdan uzaqdır. Ona görə ki, Transxəzər bu iki ölkəni bir-birinə bağlayacağı qədər də, iqtisadi riskli layihə olaraq qalacaqdır, ona görə ki, Transxəzər həm də iki türk dövləti arasında iqtisadi maraqların toqquşmasıdır. İndi özünüz qərar verin – bölgədə necə münbit şərait yaranmalıdır ki, bu qədər maraq eyni zamanda qorunsun və Transxəzər reallaşsın – bu isə reallıqdan hazırda uzaq bir mənzərədir. Əks təqdirdə qarşıdurmaya gedilməli (bu hərbi toqquşmalara da gətirib çıxara bilər) və ya yaxşı halda indiki status kvonun saxlanılması ilə müşahidə olunmalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG