Keçid linkləri

Bütün yazarlar kimi mən də dövlət rəsmilərinin çıxışlarını və müsahibələrini izləməyə çalışıram. Lakin onları oxuyanda, dinləyəndə, qəribə hiss keçirirəm, özümdən asılı olmadan, məsələn, avropalılara lap yazığım gəlir və oturub onların halına acıyıram. Ona görə ki, bunların bəxtinə Avropa kimi bir yerdə yaşamaq düşdü və bu insanlara Azərbaycan kimi hüquqi və demokratik bir dövlətdə yaşamaq qismət olmadı. Qəribə səslənir, deyilmi?

Amma məni də qınamayın, təəssüratım belə məzmundadır və istədim onu sizinlə bölüşüm.

Bu günlərdə Polşada «Şərq tərəfdaşlığı» təşəbbüsü ilə bağlı sammit öz işini başa vurdu. Yekun bəyanatda Avropanın Azərbaycanla enerji sahəsində işbirliyi və əməkdaşlıq qurmaq niyyəti bəyan edildi.

Dünən isə aprel məhbusu adlanan insanların məhkəməsi başa çatdı, bir neçə nəfər məhkum edildi. Bu kimi hallar artıq bilmirəm ki, neçənci dəfə baş verir.

Polşa sammitində demokratiyadan da çox danışıldı və avropalılar heç də Azərbaycana qaynar bir «qazanxana» kimi baxmaq və bu ölkədən ancaq istilik ummaq haqqında düşünmürdülər. Sadəcə, Azərbaycanın dövlət rəsmiləri çox istəyir ki, ölkəni yalnız enerji tərəfdaşı kimi qəbul etsinlər. Bununla bağlı onu deyək ki, artıq «Nabucco» layihəsilə bağlı təkliflər Azərbaycan hökumətinə təqdim edilib və yəqin ki, hökumət bu təklifləri demokratiya ilə bağlı təkliflərdən fərqli bir həvəslə qəbul edib.

AVROPANIN ŞƏRQİNDƏ...

Polşada Azərbaycan da daxil olmaqla üç Qafqaz ölkəsini Şərqi Avropa kimi tanıdılar. Təəssüf ki, ölkə elə bir vəziyyətdədir ki, hətta sevinməli şeylərə də ürəkdən
Gənclərin aksiyası, 30 aprel 2010
sevinə bilmirsən.

Avropa çox çalışır ki, Azərbaycanın da bu ünvana inteqrasiyası sürətlənsin. Lakin hakimiyyət buna ciddi müqavimət göstərir. Siyasi islahatlar haqda çox yazmışam, indilər bunu təkrar etmək niyyətində deyiləm. Sadəcə, demək istəyirəm ki, tək enerji ticarəti hələ Avropa olmaq üçün yetərli deyil. Avropa artıq bir dəfə şans yaradıb, çox böyük qüsurlara baxmayaraq onu hətta Avropa Şurasına üzv qəbul edib.

İndi bir suala cavab vermək lazımdır. Üstündən bir neçə illər ötdükdən sonra bu güzəşt özünü nə qədər doğruldub? Bax, bu suala ciddi bir şəkildə müsbət cavab vermək çətindir. Azərbaycan Avropa Şurasının üzvü olmamışdan güclü müxalifət partiyaları, bu partiyaların ən azı mənzil-qərargahı vardı. Amma indi hansı mənzərəni müşahidə edirik? Azərbaycanı Avropa Şurasına müəyyən şərtlə, məsələn, siyasi məhbusları azad etmək şərtilə üzv etdilər. Əvvəldəcə qeyd etdim və bir daha təkrar edirəm: aprel aksiyasına görə 14 nəfər məsuliyyətə cəlb edilib!

O vaxtlar da korrupsiya haqda danışırdılar, lakin korrupsiya indi beynəlxalq miqyas kəsb edib. Bu yaxınlarda idman sahəsində bir qalmaqallı hadisə haqda xəbər yayıldı. Məsələ ilə bağlı bəlkə 10 izahat verildi, hamısı da biri – birindən fərqli!

Hakimiyyət bu ölkəni getdikcə daha çox qapamağa cəhd edir. Türkiyə bir tərəfə, hətta Avropa belə bunlardan sadələşdirilmiş viza rejimi əldə edə bilmir. Deyirlər, məsələ həllini tapacaq. Amma nə vaxt? Onu indi həll etməyə nə mane olur? Bir neçə aydan sonra hansı fövqəladə bir hadisə baş verəcək ki, məsələnin həllini asanlaşdıracaq?

Milli Məclis
«WikiLeaks»də belə bir detal vardı. Rəsmilər ABŞ-ın maraqlarına mane olduqlarını xüsusi bir qürrə ilə, iftixarla qeyd edirdilər.

Eyni siyasət Avropaya da tətbiq edilir, bunlar sanki Avropanı millətə, cəmiyyətə qısqanırlar, özləri bizneslərini və kapitallarını bu ölkələrdə yerləşdirdikləri, uşaqlarını həmin ölkələrdə təhsil almağa göndərdikləri halda cəmiyyəti Avropadan, onun dəyərlərindən uzaq saxlamağa çalışırlar.

MİLLİ MƏCLİS JURNALİSTLƏRİ DƏ MƏYUS ETDİ

Polşadakı sammit Milli Məclisin payız sessiyasının açılışı ilə təxminən eyni vaxta təsadüf etdi. Avropa qarşısında götürülən ən böyük öhdəliklərdən biri «Diffamasiya haqqında qanun»un qəbulu ola bilərdi. Amma məlum oldu ki, Azərbaycan, necə deyərlər, Roma papasından artıq xristian olmaq istəmir!

Artıq neçənci dəfə belə bir qanunun hətta bəzi Avropa ölkələrində olmadığı bildirilir. Amma məsələ necədir? Avropa ölkələrinin çoxunda ya diffamasiya ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulmur, ya da ki, belə maddələr varsa belə, passiv xarakter daşıyır! Məsələ belədir.

Amma jurnalistlər öz vəkillərini bu dəfə də inandıra bilmədilər. Beləcə, Avropanın daha bir iri və möhtəşəm toplantısından ancaq bir söz yadda qaldı: enerji...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG