Keçid linkləri

Azərbaycanda bu il nə qədər neft hasil ediləcək? Bu sualın cavabını indidən belə proqnozlaşdırmaq çətindir, baxmayaraq ki, artıq 10-cu ayın içindəyik. Həqiqətən, cari ildə ölkənin neft aləmində o qədər gözlənilməz hadisələrlə baş verdi ki, Azərbaycan kimi proqnozlara (özü də enişli statistikalarla müşayiət olunan) meylli olmayan ölkə üçün bu, əsl təlatüm xarakteri daşıyırdı. Ona görə də, son 10 ildə daim pozitiv rəqəmlərlə işləməyə adətkərdə etmiş Dövlət Statistika Komitəsi (DSK) cari ilin mayından başlayaraq rəsmi hesabatlarda da düzəlişlər etməyə başladı (əmtəəlik qazın həcmləri hesabatlardan çıxarıldı).

DÖVLƏT STATKOM-UN XƏSİS HESABATI

Məsələn, obyektiv səbəblərdən «Azəri-Çıraq-Günəşli» yataqlarında neft hasilatının azalması faktına izah vermək əvəzinə, ümumiyyətlə o qrafanı hesabatdan çıxartdı. Ancaq unutdu ki, istənilən halda, ölkədə «BP-Azerbaijan» şirkətinin hasil etdiyi neftin və qazın həcmini gizlətmək mümkün deyil və onun rüblük hesabatlarında bu həcmlər dəqiq göstərilir.

Ona görə də, DSK üçün yaxşı olardı ki, Azərbaycanın müstəqilliyinin 20-ci illiyi ərəfəsində heç olmasa, ilk dəfə olaraq ölkədə neft hasil edən 14 hüquqi şəxsin – şirkətin adlarını və onların fəaliyyətlərinə dair minimal statistikanı (qoyduğu investisiya, qazancı, mənfəəti və 2011-ci ilin I yarısında hasil etdiyi neft və qaz) açıqlayaydı. Azərbaycan cəmiyyəti də biləydi ki, hansı şirkətlər işləyir, hansılar isə Hasilatın Pay Bölgüsü sazişi çərçivəsində əsas diqqəti müqavilə sahəsinin «mühafizəsinə» yönəldirlər.

Məsələn, «Global Energy» şirkəti 5 müqaviləyə sahib çıxıb, üst-üstə 17 yataq üzərində mülkiyyət hüququnu Azərbaycan parlamentində 25 il müddətinə təsdiq etdirib. Di gəl ki, neft hasilatı cari ildə düz 2 dəfə aşağı düşüb. Dövlət Neft Şirkətinin vəziyyəti düzəltməklə bağlı «Global Energy»yə verdiyi tövsiyə və məsləhətlər isə hələ ki, statistikada öz əksini tapmır.

PROQNOZLAR

İlham Əliyev «Neft daşları»nın 60-cı ildönümü tədbirində - 5 noyabr 2009
Ötən il Milli Məclisdə 2011-ci ilin dövlət büdcəsi müzakirə olunarkən hökumət neftin 1 barelinin orta qiymətini $60-dan, illik hasilatı isə 51.5 mln. ton səviyyəsində planlaşdırmışdı. Hətta ilin sonuncu günlərində SOCAR (Dövlət Neft Şirkəti) rəhbərliyinə istinadən yerli TV-lər xəbər yaydılar ki, Azərbaycanda ilk dəfə olaraq neft hasilatı 51 mln. ton həddini aşdı.

Ancaq sonradan məlum oldu ki, 2010-cu ildə hasilat 50 mln 834 min ton təşkil edib ki, bunun da 40.6 mln tonu «Azəri-Çıraq-Günəşli» yatağından olan neft, 1.9 mln. tonu isə «Şahdəniz»dən çıxarılan kondensatdır (hər ikisində operator «BP-Azerbaijan»dır).

2010-cu ilin dekabrında «BP-Azerbaijan» şirkətinin 2011-ci il üçün büdcəsi təsdiq edildi. Yəni faktiki olaraq o zaman Azərbaycan tərəfinə bəlli idi ki, cari ildə «Azəri-Çıraq-Günəşli»də 4 hasilat platformasında modernizasiya ilə əlaqədar hasilat dayanacaq. Özü də bu müddət məsələn «Çıraq» platforması üçün 20 gün çəkdi. Yəni, hasilata kifayət qədər təsir edəcəkdi. Ancaq buna baxmayaraq, demək olar ki, iyun ayında keçirilən «Caspian Oil & Gas» beynəlxalq konfransına qədər ictimaiyyətə neft hasilatının azalması ilə əlaqədar məlumat verilməmişdi.

SOCAR rəhbərliyi də hər hansı bir rəqəmi açıqlamırdı və «obyektiv səbəblərə görə müəyyən enmələr olacaq» deməklə kifayətlənirdi. Bəzi məmurlar isə «bizə 50 mln. ton neft hasil etmək heç də məqsəd deyil» kimi ifadələr də işlətdilər.

Ancaq qonşu Rusiya hökumət səviyyəsində cari ildə özünün neft və qaz hasilatı proqnozuna bu il 5 dəfə korrektə edib və bunların əksəriyyəti dünya bazarındakı vəziyyətlə əlaqədar olub.

Bunun kimi vəziyyətdən asılı olaraq proqnozlara dəyişikliklərin edilməsi hər bir ciddi təşkilatın (OPEK, Beynəlxalq Enerji Agentliyi və s.) sadəcə, vəzifə borcudur. Bizdə isə buna sanki barmaqarası baxırlar. O cümlədən «BP-Azerbaijan» şirkəti də özünün rüblük hesabatlarında bu ildən başlayaraq proqnoz göstəricilərini ixtisara salıb.
Görünür, «atı atın yanına bağlasalar, həmrəng olmasalar da, həmxasiyyət olarlar» məsəli Beynəlxalq Əməliyyat Şirkətinin operatoruna da təsirsiz ötüşməyib.



SADƏ HESABLAMA

Elə isə əldə olan məlumatlar əsasında hesablamağa çalışaq. Görək, Azərbaycan 2011-də real olaraq nə qədər neft çıxara bilər.

DSK-nın 8 aylıq hesabatına görə, ölkədə 31 mln. 732 min ton neft və kondensat hasil edilib. DSK göstərib ki, hasilat ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.1% azalıb.

Oktyabr ayının 20-dən sonra «BP-Azerbaijan» şirkəti «Azəri» yatağındakı bütün hasilat platformalarını (onların sayı 3-dür) sıra ilə dayandıracaq. Hər bir platformada hasilat 11-15 gün arası dayandırılacaq. Bir platforma yenidən işə düşdükdən sonra modernizə işləri digər platformada bir-neçə gün sonra başlayacaq və «Azəri» yatağındakı hasilat qurğuları dekabrın ortalarınadək yeniləşmiş vəziyyətə gətiriləcəklər.

Bu minvalla gündəlik orta hasilat 180 min barel olmaqla, hesab edək ki, 13 gün hasilat olmayacaq. Yəni 2.34 mln. barel və ya 316 min ton neft həcmini də cari ilin hesabından silməyə məcburuq.

Ötən illə müqayisədə «Şahdəniz» yatağından hasil edilən kondensatın həcminin təqribən 300 min tondan çox azalması gözlənilir. (Bu, qaz hasilatının azalması ilə əlaqədardır, ona görə ki, mavi yanacağı satmaq üçün real alıcı yoxdur – Türkiyə ildən-ilə qazın idxalını azaldır – İ.Ş.).

«Mərkəzi Azəri» yatağı
Demək, bütün bu faktorları nəzərə alsaq, onda hasilatın təqribən 46.7 mln. ton səviyyəsində olmasını güman etmək olar. Bu isə ötən illə müqayisədə neft hasilatının 8% azalması deməkdir.

DUMANLI 2012-Cİ İL

Sentyabrda Bakıda keçirilən Beynəlxalq qaz konfransı zamanı jurnalistlər SOCAR prezidenti Rövnəq Abdullayevdən 2012-ci il zamanı nə qədər neft hasil edilməsi ilə bağlı hökumətin proqnozlarını soruşmuşdular. Cavabı konkret olmamışdı, daha doğrusu, bildirmişdi ki, bir qədər bu ilkindən artıq olacaq (hərçənd ki, bu ilkini də bəyan etmirlər – İ.Ş).

Ancaq BP artıq anons edib ki, 2012-ci ilin aprel-may ayları arasında dərinsulu «Günəşli» yatağındakı platforma 33 günlüyünə hasilatını dayandırmalıdır. Çünki yeni tikilən «Qərbi Çıraq» platformasının sualtı kommunikasiya xətləri (neft, qaz və su boru kəmərləri) bu platformaya bitişik texniki platforma ilə birləşdirilməlidir. Bu isə təqribən 700 min ton neft hasilatının azalması deməkdir.

Yəni, «Azəri» yatağındakı platformaların builki modernizəsi hesabına hasilatı 2012-ci ildə bərpa etmək müşkül olacaq, çünki «Azəri-Çıraq-Günəşli» yataqlarında hasilatın aşağı düşməsinin əsas səbəbi platformalarda kifayət qədər istismar quyularının qazılmamağıdır. Bunun obyektiv səbəbləri olub.

Digər tərəfdən, əvvəllər qazılmış quyuların bir hissəsinin məhsuldarlığı azaldığından, onların yeni laylara yönəldilməsi vacibdir. Yəni, yavaş-yavaş üzdə olan «ucuz neft» dövrü müqavilə sahəsində başa çatır. Yeni quyular geoloji baxımdan daha mürəkkəb şəraitdə olan laylara yol tapmalıdır, bunlar isə dəqiqliklə qazılmalıdır, çünki getdikcə xərci də böyüyür.

Belə şeyləri hökumətin başbilənləri heç olmasa, millət vəkillərinə büdcə müzakirələri zamanı «xırdalamalıdırlar» ki, sonradan söz-söhbət yaranmasın ki, 2002-2006-cı illərdə «Azəri-Çıraq-Günəşli»də quraşdırılan platformalar niyə belə tez modernləşməyə məruz qaldılar və ya hasilat niyə azalır? Yoxsa, həqiqətəmi Azərbaycan özünün neft hasilatındakı pik dövrünü elə 2010-cu ildə keçdi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG