Keçid linkləri

Oktyabr da Fransa prezidenti N.Sarkozinin (Nicolas Sarkozy) Qafqaza səfəri ilə yadda qalacaq. Qafqazda Fransaya maraq həmişə böyük olub. Bəlkə də təsadüfi deyil ki, bu günə qədər hamı A.Dümanın (Alexandre Dumas) Qafqaz təəssüratlarını maraqla oxuyur. Ya da M.F.Axundovun müsyö Jordanı hələ də hamını güldürür. Amma fransızların Qafqaza münasibəti həmişə özünəməxsus olub. İngilislər və almanlar elə də ekzotik qonaqlar təsiri bağışlamır, nəinki fransızlar, çünki ingilislər və eləcə almanlar da Qafqazda kifayət qədər təmsil olunublar. Lakin fransızlar haqda bunu demək çətindir, qafqazlılar üçün fransızlar, fransızlar üçün qafqazlılar hələ ekzotika kimi qalır.

Bu halı hətta Fransanın Minsk Qrupunun həmsədr ölkələrindən biri olması faktı da dəyişmir. Ona görə bir qədər Axundov kimi yumor hissimizi işə salsaq, bəlkə Sarkozinin özü əməlli-başlı bilmir ki, o, Qafqaza nədən ötrü gəlir! Onun gəlişini hələlik zəruri edən yalnız bircə şərt var, o da budur ki, bu yaxınlarda Azərbaycanda kəşf edilmiş yeni qaz yatağı həm də fransızların «Total» şirkəti üçün açıq olacaq, elə onlar da bu yatağın istismarında iştirak etmək niyyətindədirlər. Sarkozi həm də qəribə siyasət adamıdır. Onun özünəməxsus şəxsi həyatı bir tərəfə, elə bəyanatları da bir qədər özünəməxsusluğu ilə seçilir. Məsələn, bir vaxt Türkiyədə hamı səbirlə gözləyirdi ki, bu ölkəyə səfər etmiş Sarkozi onlara nə deyəcək. Bəli, Sarkozi sözünü dedi. Bildirdi ki, Avropa Birliyinin Türkiyəyə və eləcə öz növbəsində Türkiyənin də Avropaya elə bir ehtiyacı yoxdur! Onun Qafqaz missiyası da çoxlu suallar doğurur, bu missiya da öz təzadları ilə adamı
Gürcüstanda rus tankları, 21 yanvar 2009

Gürcüstanda rus tankları, 21 yanvar 2009

​heyrətə gətirir.

GÜRCÜSTANI XİLAS EDƏN VƏ ONUN YOLUNU BAĞLAYAN ADAM

Mən bilmirəm, başqaları nə düşünür, amma mənə elə gəlir ki, Gürcüstanla Rusiya arasındakı müharibə zamanı Sarkozi Gürcüstanı xilas etdi. O günlər haqda çox danışmaq olar. Amma bircə detalı qeyd etmək lazımdır ki, ABŞ-ın bölgədən uzaqlığını Fransanın yaxınlığı bir qədər kompensasiya etdi. Bu faktı inkar etmək çətindir. Düzdür, Sarkozinin iştirakı ilə əldə olunmuş saziş tam yerinə yetirilmədi, hətta Rusiya bir qədər də uzağa gedərək Abxaziyanı və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı. Amma yenə də Sarkozi öz orijinal siyasi stilini saxladı – o, Rusiyanın maraqlarını təmin etdi, Almaniya ilə birlikdə Gürcüstanın NATO – ya yolunu bağladı. İndi Gürcüstanın AB və NATO – ya sürətli inteqrasiya olunmasının əleyhinə çıxan iki Avropa ölkəsi var. Bunlardan biri Almaniya, digəri isə Fransadır. Bəli, bu da böyük siyasət deyilən fenomenin təzadlarından biridir. Necə deyərlər, şeytan nə ilə zarafat etmir ki?

FRANSA ÖZ «BACISINI» NİYƏ SÜLHƏ MƏCBUR ETMİR?

Bir az əvvəl qeyd etdik ki, Fransa Minsk Qrupunun həmsədrlərindən biridir.
Sarkozinin bununla da bağlı maraqlı açıqlaması var. Özünün bəyanatlarının birində o, Ermənistanı «Fransanın bacısı» adlandırmışdı. Təbii, bu, müəyyən nəticələrə gəlmək üçün əsas ola bilər, amma tələsməyək.
S.Sarkisyan və N.Sarkozi - Paris, 10 mart 2010

S.Sarkisyan və N.Sarkozi - Paris, 10 mart 2010

Fransa Qarabağ məsələsində o qədər də passiv olmayıb. Hələ H.Əliyevin vaxtında J.Şirakın (Jacques Chirac) təşəbbüsü ilə bir neçə raund ciddi danışıq keçirilmişdi. Amma elə o vaxt da bu danışıqlar bir nəticə vermədi. Bəli, tərəflər şərtləri məqbul hesab etmədi və elə bu səbəbdən də proses elə D.Medvedevin təşəbbüsü kimi nəticəsiz qaldı, hərçənd sonuncu danışıqlar zamanı Ermənistan prosesi pozmuşdu.

İndi də Sarkozi Qafqaza səfərini Ermənistandan başlayır. Bu, siyasi tarazlıq baxımından heç də uğurlu seçim deyil. Səfər Ermənistana o vaxt təsir edər və bəlkə onu sülhə o vaxt təhrik edərdi ki, Sarkozi özünün Qafqaz turnesinə Azərbaycandan başlayardı. Hər halda, bunun bilavasitə siyasi nəticələri və təsiri olmasaydı belə, psixoloji təsiri ola bilərdi. Hər bir diplomatik diqqət və sayğı Ermənistanı reallıqdan uzaqlaşdırır. S.Sarkisyan danışıqları pozdu və hələ bu azmış kimi, Polşada üç Qafqaz ölkəsinin sammiti onun qatılmaması ucbatından baş tutmadı. İndi Sarkozinin də gəlişindən bir nəticə gözləmək çətindir. Minsk Qrupunun üç həmsədri var və bu ölkələrin hər biri Ermənistana təsir etmək üçün ciddi imkanlara malikdir. Bu üç ölkədən hər biri Ermənistana Dağlıq Qarabağ məsələsində zamin dura bilər, onu sülhə inandıra bilər. Təəssüf, bu, baş vermir və Ermənistan hansı zəmanətləri özü üçün arzulayır, bu, da aydındır. Ona görə də Sarkozinin səfəri ilə bağlı elə də optimist notlar səsləndirmək mümkün deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG