Keçid linkləri

Keçən il Dövlət Müstəqilliyi Günü əlamətdar günlər siyahısında idi. Bu il onu bayramlar siyahısına keçiriblər. Görünür, 20 illik yubiley və bir də insanların bununla bağlı gileylərinin nəzərə alındığı vaxtlar da olur. Bəli, yaxın bir vaxt vardı ki, Qurtuluş Günü bayram kimi qeyd edilir, Dövlət Müstəqilliyi, Dirçəliş günləri isə əlamətdar günlər hesab edilirdi. Bu günlərlə bağlı olan insanlara münasibət də olduqca təzadlıdır. Dirçəliş Gününün əsasca personajlarından bir olan Nemət Pənahlı və Dövlət Müstəqilliyi Günü ilə bağlı olan Arif Hacılı da indi məhbəs həyatını yaşayırlar. Yox, məqsədimiz nələrisə çək-çevir edib təzad tapmaq deyil. Sadəcə, bir sual maraq doğurur: görən, ortalıqda hansı böyük ixtilaf var ki, bu ölkədə 18 ildir milli həmrəylik və anlaşma alınmır?

Bəli, bir vaxtlar Azərbaycanın siyasi palitrası çox kontrastlı idi. Ölkədə bəzi partiya və siyasi qüvvələr vardı ki, onlar dövlət müstəqilliyi və konstitusion quruluş üçün müəyyən problem yaradırdılar. İndi bircə dənə belə olsun bu tip siyasi qüvvə yoxdur. Bəs onda nədən həmrəylik və barışıq yaranmır? Bəli, ortada siyasi rəqabət var. Amma bu, harada yoxdur? Siyasi partiyalar da məhz ona görə yaranmayıblarmı ki, biri-birilə rəqabət aparsınlar? Etiraf edim ki, mən ölkənin müxalif partiyalarının davranışı, suçu haqda çox düşündüm. Amma ağlıma bir şey gəlmədi, çünki müxalifəti qınamaq üçün ortalıqda ciddi əsas yoxdur. Sadəcə, hakim partiya dinc siyasi rəqabət psixologiyasından uzaq düşüb.

«RADİKAL MÜXALİFƏT»

Mən ifadə haqda düşünürəm: «radikal müxalifət». Əcəba, radikallıq nədə ifadə olunub? Mən bu sualın cavabını tapa bilmirəm. Müxalifətin aksiyası, 12 iyun 2010

Müxalifətin aksiyası, 12 iyun 2010

Güman edirəm ki, prinsipə qalsa, heç hakimiyyət adamlarının özləri də bu suala cavab tapa bilməzlər. Radikal müxalifət deyəndə, mənim ağlıma «Həmas» tipli təşkilat və siyasi qüvvələr gəlir. Azərbaycanda belə siyasi qüvvə, yəni silahlı dəstə saxlayan, siyasi mübarizədə zorakı üsullardan istifadə edən müxalifət varmı, varsa o, harada gizlənib ki, biz onları görmürük? Yox, belə qüvvə və təşkilat yoxdur! Sadəcə, müxalifət partiyalarının bir suçu var: bəli, onlar da hakimiyyətə iddialıdır. Elə hakim partiya da bu siyasi qüvvələri məhz buna görə sevmir: son dövrlərdə azca pərakəndə hala düşməsinə və zəifləməsinə rəğmən bu qüvvələr ona rəqibdirlər.

İndi rəqabət və düşmənçiliyin fərqli və uyuşmaz tərəfləri haqda danışmağın mənası yoxdur. Lakin 18 il ildir davam edən bu düşmənçiliyə son qoymaq vaxtı deyilmi? 20 il əlamətdar yubileydir. Belə dövrlərdə adətən hakimiyyət amnistiya və əfv kampaniyaları elan edir. Amma müstəqillik gününə bir neçə gün qalsa da hələ bu haqda hər hansıca məlumat yoxdur.

20 İLDƏN SONRA İSTİNAD ÇƏPƏRLƏRİ

Bu günlərdə bir xəbər yayıldı. Azərbaycan döyüş bölgələrinın yaxınlığında yerləşən yaşayış məskənlərinin ətrafına daş çəpərlər çəkir. Bu, dinc insan tələfatının qarşısını almaq və insanları erməni hərbi birləşmələrindən xilas etmək, qorumaq üçün edilir. Bəli, 20 ildən sonra ölkə öz ərazisində çəpərlər çəkməklə məşğuldur. Bu hadisədən çoxlu nəticələr çıxarmaq olar. Lakin bu məqamda yadıma H.Əliyevin bir vaxt parlamentə ünvanladığı bir sualı düşür və mənə elə gəlir ki, bu məqam çox düşündürücüdür. Qarabağda erməni əsgərləri, 14 may 2010

Qarabağda erməni əsgərləri, 14 may 2010

Müxalifətdə olduğu vaxt H.Əliyev ovaxtkı hakimiyyətdən soruşmuşdu ki, Qarabağ problemini həll etmək üçün proqramınız varmı? Bəli, o vaxtlar bu suala cavab verilmədi və bəzi insanlar belə düşündü ki, sualın cavabını H.Əliyev özü hakimiyyətə gələndən sonra verəcək. Cəmiyyət düz 10 il ondan məhz bu sualın cavabını gözlədi. Amma cavab olmadı. Daha sonra İ.Əliyev gəldi və daha 8 il keçdi, amma cavab yenə də olmadı. Beləcə, 18 ildən sonra Azərbaycan öz içində daş çəpərlər çəkməyə başladı. Proqram bu idi? Hər halda, biz başqa nəticə çıxarmaqda acizik, necə deyərlər, görünən dağa nə bələdçi!

ERMƏNİSTANLA DANIŞMAQ OLAR, MÜXALİFƏTLƏ YOX?

Yazının sonunda bir daha əvvəlcə qoyulmuş məsələyə qayıtmaq istəyirəm. Ölkənin Daxili İşlər naziri Yerevana iki günlük səfərə yola düşüb. Bəli, orada MDB daxili işlər nazirlərinin toplantısı keçirilir. Qəribə vəziyyət yaranır. Ölkə dinclik və asayiş üçün ərazisini çəpərləməyə məcbur olduğu halda yenə də bu hakimiyyət Ermənistanla əməkdaşlıq edir, lakin öz vətəndaşları ilə dialoq haqda söhbət düşəndə, buna ironiya edir. Mən Ermənistanla danışıqların da əleyhinə deyiləm. Amma müxalifətçilər də Azərbaycanın vətəndaşlarıdır. 20 ildən sonra heç olmasa bayram xatirinə milli barışığın görüntüsü kimi onlarla bir tədbir keçirmək olmazdımı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG