Keçid linkləri

Bir vaxt F.Nitşe yaman dəbdə idi. Bu dəb buralara da gəlib çıxmışdı. Özünü intellektual, fəlsəfədən xəbərdar bir adam göstərmək üçün hər kəs mütləq bir neçə ad çəkməyi özünə borc bilirdi. Bu adlardan biri Freyd, digəri isə elə Nitşe olurdu. O vaxt mən də Nitşeni oxudum. Onun məşhur bir «Zərdüşt nə deyirdi?!» əsəri vardı. Həmin əsərdə iki cümlədən biri «yaxınını itələ, vur!» cümləsi idi. İsa peyğəmbər «yaxınını sev!» - demişdi. Nitşe isə bunun əksini deyirdi. Bəlkə də həmin əsərin başqa məziyyətləri var. Mən bu haqda fikirlər səsləndirmək istəmirəm. Nə demək istəyirəm?

İndi bəzi ölkələrdə məhz elə bu cür vəziyyət yaranıb. Hamı öz yaxınını uçuruma itələmək haqda düşünür. Bir jurnalist həbs edilir. Digəri ona dəstək vermək, müdafiə etmək əvəzinə, onu daha da uçuruma itələyir, məhv etməyə çalışır. Bir siyasətçi uğursuzluq girdabına düşür, digəri onun gördüyü yaxşı işlərə görə ona qahmar çıxmaq və onu unudulmağa qoymamağa çalışmaq əvəzinə onun ətrafında dərin bir çala və uçurum yaradır...

Ötən bayram da insanlarda ağır hisslər yaratdı. İllər keçdikcə yalan daha da dərinləşir. Nə hakim partiyanın təmsilçiləri, nə də ki, jurnalistlər dövlət müstəqilliyinə aparan yolda çarpışmış insanları azca olsa da yada salmaq haqqında düşünmədilər. Hətta jurnalistlər də bütün meyar və dəyərləri unudublar. Hər şeyi bircə nəfərin – H.Əliyevin adı ilə bağlayan zaman heç olmasa bu adamı Naxçıvandan Bakıya dəvət edən və ona vəzifə həvalə edən adamların da adını çəkmək olardı. Ölkədə jurnalistlərin ən çox sevdiyi söz «peşəkar» sözüdür. Amma başqa hisslər və dəyərlər yoxdursa, heç olmasa peşəkarlığı bir meyar kimi əsas tutub onun əsasında işləmək və çalışmaq olar. Hər halda, bu yalan dövriyyəsi yaxşı nəticələrə SSRİ-nin gerbi, 1989

SSRİ-nin gerbi, 1989

gətirməyəcək.

SSRİ ƏSLİNDƏ NİYƏ DAĞILMIŞDI?

Bu yaxınlarda əcnəbi bir müəllifin yazısını oxudum. O, SSRİ – nin dağılması ərəfəsində bütün iqtisadi, siyasi və geosiyasi göstəriciləri öyrənmişdi. Bəli, məlum olur ki, bu parametrlərin heç birinə görə SSRİ dağılmamalı idi, siyasi aləmin ən informasiyalı insanları üçün belə bu ölkənin süqutu əsl sürpriz və gözlənilməz hadisə idi. Bəs onda insanları səhər obaşdan qəzet köşklərinin qarşısında növbəyə dayanmağa, böyük, izdihamlı mitinqlər keçirməyə nələr vadar edirdi? Müəllifin qənaətinə görə, insanlar yalansız yaşamaq istəyirdi və yalan artıq onları bezikdirmişdi. Bu arqumentlə razılaşmaq da olar, eləcə də razılaşmamaq. Amma o, çox məntiqli görünür.

Düzdür, bizim hamımızın beyninə belə bir fikir həkk olunub ki, SSRİ-ni qlobal bir silahlanma yarışı məhv etdi. Amma yalançı və yalan haqda da məşhur bir xalq rəvayəti var. O rəvayətə görə, bir gün yalançının evi həqiqətən də yanır və heç kim inanmır. Elə SSRİ-nin siyasi isteblişmentinin də «evi» bir gün doğrudan – doğruya, həqiqətən də yandı. Bəlkə də A.Soljenitsın yalansız yaşamaq haqqında öz fikirlərini yazarkən bunu görürmüş, çünki o deyirdi ki, qeyri – azad rejimlə mübarizə aparmağın bir yolu da elə ümumi yalana qoşulmamaqdır.

Ali Sovet qarşısında etiraz aksiyası

Ali Sovet qarşısında etiraz aksiyası

Ən pisi və dəhşətlisi budur ki, «ümummilli» yalanların uydurulması, eləcə yayılması üçün millətin pulu və sərvəti xərclənir. Amma bu, səmərəsiz iqtisadi layihə kimi bir şeydir, sadəcə buna sərf olunan vəsaitə adamın heyfi gəlir. Elə bu aspektdən yanaşanda, bu gün ölkəni göbələk kimi bürüyən, hər bir rayonda inşa edilən «Heydər Əliyev mərkəzləri» də istisna deyil. Bəli, bir vaxt Lenin guşələri, otaqları, muzeyləri dəbdə idi, indisə onun yerini H.Əliyevin adı ilə adlandırılan mərkəzlər və parklar tutub.

PULLA ÇOXPARTİYALI VƏ PLÜRALİST SİYASİ SİSTEM...

Son günlərin siyasi lətifəsi də oldu. Bir debatda YAP-çı deputatların biri o qədər qızışdı ki, «Almaniya üçün 47 milyon dollar çoxdur, Azərbaycan üçün bu elə bir pul deyil!» - dedi. Təsəvvür edirsinizmi? Almaniya üçün! Mən bu faktı qeyd etməyə də bilərdim. Amma ölkənin hakim dairələrində bir eyforik pul ovqatı hökm sürür. Bu, əsl Vavilon eyforiyasına bənzəyir. İndi də pulla siyasi partiyalar saxlamaq, ölkədə plüralistik siyasi sistem görüntüsü inşa etmək istəyirlər. Özləri elə belə də deyirlər: əvvəllər imkan yox idi, indisə pul var! Deməli, ölkənin biçarə vətəndaşları indi də öz vergiləri ilə partiyalar saxlamalı olacaqlar. Amma onlar bu partiyaların heç adını bilirlərmi? Bəli, o partiyaların ki, adı camaata məlumdur onlara pul vermək istəmirlər, əksinə, o partiyalar isə sözün əsl mənasında «ismi-pünhan»dır, onlar pul alacaq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG